• 20 Sentyabr 2024 08:22

Ülvi Qılınc: “Dövlət o boyda Qarabağı aldı, bir opera müğənnisinə iş verə bilmədi…”

“Bir müddət öncə, etdiyim müraciətə müsbət cavab gəldi ki, məsələyə baxılacaq. Əbülfəs Qarayevin vaxtında bəzi işbazlar dedilər ki, sizi yenidən attestasiya etməliyik. Bu, gülməli bir şeydir. Mən Azərbaycan Milli Konservatoriyasını bitirmişəm. Attestasiyamı ora edib. İmtahanlar oxumuşam, Xuraman Qasımova və Fidan Qasımovadan sonra məni kimi kiminsə attestasiya etməsi çox gülməlidir. Amma yenə də dedim ki, problem deyil, attestasiya edin, qorxum yoxdur. Lakin bunun arxasında durmadılar. Sonra pandemiya başladı. Mədəniyyət naziri dəyişdi, heç o nazirin də mədəniyyətdən xəbəri yox idi. Anar Kərimova zəng ediblər ki, böyük ustad Arif Quliyev rəhmətə gedib. Cavab verib ki, “o kimdir?” Bir böyük sənətkarı tanımamaq… Deməli, o adamın mədəniyyətdən xəbəri yoxdur. Mənim üçün problem deyil, kimin xətrinə dəyirsə, dəysin. Yəni müraciətimin heç bir nəticəsi olmadı…”

Bu sözləri Pravda.az-a müsahibəsində tanınmış opera müğənnisi Ülvi Qılınc deyib.

O bildirib ki, yüz ildə iki-üç nəfər əsl opera müğənnisi yetişir: “Məşhur italyan opera ifaçısı Luçano Pavarotti dünyaya 42-43 yaşında tanınıb. O vaxta qədər də oxuyub. Opera müğənnisinin həm də görünüşü karizmatik, cəlbedici olmalıdır. Bu işdə klassik şou var. Mən dövlət başçısına müraciət etmişdim, Əbülfəs Qarayevə yox. Əbülfəs Qarayev kimdir ki, ona müraciət edim? Sonra Anar Kərimova müraciət etdim, heç bir cavab olmadı. Yenə deyirəm, o adamın sənətdən, musiqidən, ümumiyyətlə, dünya musiqisindən başı çıxmır. İstərdim ki, həqiqi mədəniyyət naziri gəlsin, amma bunu görmürəm. Hər kəsin öz ambisiyaları, istəkləri var. Mədəniyyət nazirinin içində “mən” yox, mədəniyyət olmalıdır”.

Ü.Qılınc hazırda nə işlə məşğul olduğu barədə suala isə belə cavab verib: “Hazırda dövlət işim yoxdur. Bir opera müğənnisinə iş tapılmadı. Sözümü deyən adamam, şikayət etmirəm. Heç kim bunu şikayət kimi anlamasın. Sadəcə belə başa düşdüm ki, dövlətin bir opera müğənnisinə iş verməyə gücü çatmır. Buna çox təəssüf edirəm. Dövlət o boyda Qarabağı aldı, bir opera müğənnisinə iş verə bilmədi. Sağ olsun yaxşı insanlar… Sağ olsun insanın ailəsi… Həqiqi dostlarımız var, dəstək olurlar. Amma bu, iş deyil. Bir opera müğənnisi dövlətini dünyada təmsil edir. Vaxtilə Heydər Əliyevə sual veriblər ki, “Azərbaycanı dünyada nə ilə tanıdırlar, neftlə?” Heydər Əliyev cavab verib ki, “xeyr, Azərbaycanı dünyaya Rəşid Behbudov tanıdıb”. Yəni, neft çox yerdə var, amma əsl sənətkar az saydadır olur. Bilirsiniz, əsl sənətkar bir almazdır. Hər dövlətdə bir almaz olur, istəsən, onu brillianta çevirə bilərsən və bütün dünyanın o brilliantda gözü olar. Dünyadan kimi istəyirlərsə, gətirsinlər, ariya oxuyaq, görsünlər ki, oxumaq necə olur. Bunu təkəbbürlülük kimi qəbul etməsinlər. Bu səsi insana Allah verir, sahibi Odur. Elə Əməkdar artistlər var ki, başa düşə bilmirəm onlara nə məqsədlə “əməkdar” adı verirlər.  Bu adama “do” verirsən “re”yə girir…”

Onun sözlərinə görə, iş təklifləri olub, pandemiyadan sonra hamısı ləğv olunub: “İnsanlarda ümidsizlik yarandı, işsizliklə bağlı insanların düşüncə tərzi dəyişdi. Ona görə də işlərimiz uzandı. Çox təklif olur, çox insan çox söz verir. Hər verilən sözə də bənd olmaq olmaz. Gərək, sözün sahibi özü sözünə yiyə dursun…”

Tacxeber.com

Oxşar xəbərlər