• 23 Noyabr 2024 05:16

Məhkəmə “Şlyapa Zahid”in vəsatətlərini təmin edib

 

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan sabiq gizir Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Tərtər Hərbi Məhkəməsində hakim İlqar Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Orxan Kəngərlinin qaldırdığı vəsatətlərə münasibət bildirilib.

Məhkəmə Zahid Niftəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib. Hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılıb.

Zahid Niftəliyevin ikinci qrup Qarabağ müharibəsi əlili olması, əmək qabiliyyətsiz olması barədə sənədlərin iş materiallarına əlavə edilməsi və prosesin audio yazı ilə aparılması barədə vəsatətlər isə əsaslı hesab olunaraq təmin edilib.

Vəkil Orxan Kəngərli deyib ki, Zahid Niftəliyev vəzifəli şəxs olmadığına görə, hər hansı hərbçini ehtiyata buraxa və ya xidmət yerini dəyişə bilməz:

“Zahid Niftəliyevin sözügedən vəzifələrdə xidmətdə olarkən ittihamda adları qeyd olunan şəxslərdən Əhmədov Şahin Taleh oğlunun və Tağıyev Vüqar Saleh oğlunun ordu sıralarından ehtiyata buraxılması barədə qərar qəbul etməsi, Allahverdiyev Röyal Azər oğlunun müddətli həqiqi hərbi Xidmətinin N saylı hərbi hissədə keçməsinə barədə qərar qəbul etməsi, Bayramov Eldar Elman oğlunun oğlunun və Mirzəyev Fuad Mirdamət oğlunun müddətli hərbi xidmətinin Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin və Təlim Tədris Mərkəzində keçməsi barədə qərar qəbul etməsi, Nəcəfov Emil-Kərim Kamil oğlunun xidməti uyğunsuzluqla bağlı ordu sıralarından ehtiyata buraxılması barədə qərar qəbul etməsi Həsənov Nəsir Namiq oğlunun və Məmmədova Ülviyə Sənani qızının xidmət yerinin dəyişdirilməsi barədə qərar qəbul etməsi mümkün deyil. Diqqətə çatdırmaq istəyirəm ki, Cinayət Məcəlləsinin 311-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkət (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsi ilə vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və hərəkətsizlik başa düşünməlidir. İttihamda göstərilən şəxslərlə bağlı qərarların qəbul edilməsi isə bir başa müdafiə nazirinin əmri ilə həyata keçirilə bilər”.

Cinayət işi məhkəmə baxışına verilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 341.1 ( rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Zahid Niftəliyev “şlyapa Zahid” ləqəbi ilə tanınır.

Tacxeber.com

Oxşar xəbərlər