“Mən Azərbaycan kimi əhalisi 10 milyondan çox olan bir neçə Avropa ölkələrinə və onların parlamentlərindəki deputatların say nisbətinə baxmışam. Eyni zamanda nəzərə alsaq ki, Gürcüstan və Ermənistanın əhalisi Azərbaycanın yarısı boydadır, onlarda da parlament üzvlərinin sayı 100-150 civarındadır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, hüquqşünas Çingiz Qənizadə deyib.
O, Azərbaycan parlamentində oturan deputatların sayının 125 nəfərdən 200 nəfərə qədər çıxarılmasıyla bağlı səslənən təkliflərə münasibət bildirib.
Ç. Qənizadə bəyan edib ki, 10 milyondan çox əhalisi olan Avropa dövlətlərinin bəzilərində parlament üzvü 200 nəfərdən də çox olanlar da var və bu baxımdan, hazırda 125 deputat sayı azdır:
“Bunu da əsaslandırmaq lazımdır. Məsələn, hazırda bir millət vəkili üçün 40 min seçici nəzərdə tutulub. 1995-ci ildə Konstitusiya qəbul olunarkən Konstisusiyanın 82-ci maddəsində belə bir göstəriş var ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının sayı 125 nəfərdən ibarədir. Bu, o dövrə aid idi ki, Azərbaycanın əhalisi o vaxtı 7 milyon civarında idi. Amma indi 10 milyon 200 mindən çox əhalimiz var. Yəni 1995-ci ildən indiyə baxanda 3 milyondan artıq əhalimiz artıb. Belə olan halda Konstitusiya dəyişikliyinə ehtiyac var və Konstitusiyanın 82-ci maddəsində yazılan “125 deputat” ifadəsi dəyişdirilməli və say artırılmalıdır”.
Müsahibimiz aydınlaşdırıb ki, bir millət vəkili üçün 40 min əhali ilə işləmək olduqca çətindir:
“Çünki seçicilər millət vəkilinin hansı hüquq və vəzifələrinin olduğunu bilmirlər. Hamı nə isə istəyir, kömək, yardım, pul, damının örtürülməsini, xəstəsinin müalicəsinə pul istəyir. Millət vəkilləri də fəaliyyətləri zamanı çoxlu tənqidlərə səbəb olurlar. Çünki 40 min seçiciyə izah etmək də çətin olur ki, bu, mənim funksiyama aid deyil, əksinə, mən sizin normal həyatınızı təmin etmək üçün mütərəqqi qanunların qəbulunda sizin adınızdan iştirak edirəm.
Bizdə isə tərsinədir. 40 min seçici isə təxminən 60-70 min əhali deməkdir. Belə olan halda, hətta 40 min seçici ilə nəzərdə tutsaq, MSK-nın sonuncu açıqlamalarına görə, ölkə əhalisində seçicilərin sayı 5 milyondan artaraq, 6.2 milyona çatıb. Yəni 1.2 milyon əhali artıbsa və əgər biz Konstitusiyanı dəyişməyib 40 min seçici ilə işləmək prinsipini rəhbər tutsaq, təxminən 25 yerin avtomatik artması məcburi xarakter daşıyır. Amma biz 40 min yox, seçicilərin sayını 25-30 minə sala bilsək, onda əlavə 25 yer də ola bilər ki, belə olan zaman 200 nəfərdən söhbət etmək olar”.
Eks-deputat hesab edir ki, “siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra seçki sistemində də yeni islahatların bünövrəsi qoyulmalıdır:
“Yəni deputatların sayının artırılması, majoritar və proporsional seçki sistemi və s. Fikrimcə, hazırkı dönəmdə ən azı 200 parlamentari yerinin olması labüd və məqsədəuyğundur. Həm də dünya təcrübəsinə nəzərə salanda biz 200-250, bəzən də 300-ə yaxın deputatın olduğu 10 milyonluq ölkələr görmüşük. Mənə elə gəlir ki, Azərbaycan da bu dünya təcrübəsini və hazırkı millət vəkillərinin ağır yükünü nəzərə alaraq, bu islahatlara getməlidir”.
“Millət vəkillərin rayonlara gedib seçiciləri ilə görüşməsinə gəldikdə isə burada əlavə tədbirlər görülür, əməkhaqlarında əlavələr edilir, eləcə də onlara maşın ayrılır, getdikləri yerlərdə isə icra strukturları onlara müəyyən dəstək göstərilir. Sadəcə istək və arzu olmalıdır. Seçicilərlə görüşmək isə millət vəkilinin borcudur.
Mən hər il ən azı 1 dəfə dairəmdə olan 50-yə kəndin nümayəndəsi ilə görüş keçirirdim. 50-yə yaxın kəndi gəzmək və orada seçicilərlə görüşmək çox çətindir. Ona görə də deyirəm ki, deputatın yükü çoxdur. Amma elə deputatlar da var ki, seçildiyi dairələrdəki insanlarla işləməkdə o qədər də aktiv deyillər. Bəzən elə deputatlar var ki, seçildiyi dairələrdəki kəndlərə belə getmirlər. Belə deputatlar dünən də olub, bu gün də var, sabah da olacaq.
Hesab edirəm ki, o dairələrin nəzdindəki seçicilərin sayı azalacaqsa, onda kəndlərin də sayı azalacaq və deputatların seçicilərlə işləmək üçün əllərində əsas olacaq. Məncə, deputatların bəziləri öz passivliklərini kənara qoysalar yaxşı olar. Lakin, 10 milyon çox əhalisi olan ölkə üçün 125 deputat olduqca azdır”, – yekunlaşdırıb.