Son günlər göbələkdən zəhərlənmələrin olması ilə bağlı bir sıra məlumatlar yayılıb. Zəhərlənən şəxslər bildiriblər ki, çağırışa gələn təcili yardım həkimləri bu cür halların artdığını söyləyiblər. Bu da insanlar arasında narahatlığa səbəb olub.
Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Ölkə.az-ın sorğusuna cavab olaraq son aylarda göbələkdən zəhərlənmələrin olmadığı bildirilib.
“Son 2-3 ay ərzində göbələkdən zəhərlənmə halı üzrə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət qeydə alınmayıb”, – məlumatda qeyd edilib.
Baş toksikoloq Azər Maqsudovun isə məlumatına görə, göbələk zəhərlənməsi qida zəhərlənməsi kateqoriyasına daxildir:
“Göbələk zəhərlənməsi ilə bağlı demək olar ki, bizə müraciətlər daxil olmayıb. Bu işlərlə yoluxucu şöbə baxır. Göbələk zəhərlənməsi qida zəhərlənməsi sayılır. Çünki həmin göbələklər zəhərsizdir. Zəhərli göbələklərdən zəhərlənmə olduqda bu artıq göbələk zəhərlənməsi hesab olunur. Bu zəhərlənmələr də əsasən, yaz mövsümündə qeydə alınır”.