• 23 Noyabr 2024 02:21

Firəngiz Mütəllimova: “Aktyorların vida mərasimləri keçirilmir, bilmirəm niyə, nəyə görə…”

 

“Ramiz gecə saatlarında dünyasını dəyişdi. Mən bu xəbəri eşidəndə gecə saat 1 idi, 2-yə işləyirdi. Elə bir vaxt idi ki, heç yerə zəng edə bilmirdik, kimdənsə soruşa bilmirdik ki, vida mərasimi, dəfn nə vaxt, harda olacaq. Ona görə də dəfn günü gec toplaşmaq bir az bununla bağlı oldu. Ramiz dövlət tərəfindən hər qayğı ilə əhatə olunmuşdu. Ona ev verilmişdi, Prezidentin fərdi təqaüdçüsü idi, fəxri adları var idi. Ramiz Novruz xəstəliyə düçar olandan ta son günədək onun bütün müalicəsi Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın nəzarəti altında idi. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da Ramiz Novruz xəsətələndiyi vaxtlardan son gününə qədər onun yanında olub, böyük diqqət göstərib. Biz bunu bilirdik. Ramiz Novruz özü də qeyd etmişdi. Əslində İlham Əsgərovu da, Telman Adıgözəlovu da son mənzilə evindən yola salmışdıq. Mən nə istəyərdim? 40 ildən çox bu sənətə qulluq edən bir Xalq artisti kimi istəyərdim, elə bir yer olsun, demirəm bu, teatrımızın binası olsun, biz sənət adamları onsuz da vidalaşmağa gedirik. Onu sevən tamaşaçıları var, onlar bilmirlər axı Ramiz Novruz harda yaşayır, heç kimlə əlaqə saxlaya bilmirlər. Mənə nə qədər yazırdılar, heç birinə cavab yaza bilmirdim, çünki bilmirdim ki, nə yazım. Ona görə də belə bir yer olmasını çox istərdim ki, heç olmasa 40 ildən artıq sənətə canını, qanını verən, dövlətə xidmət edən sənətkarlar hansısa bir məkandan sanki son tamaşasını oynayırmış kimi alqışlarla, sevdiyi tamaşaçılarla bir yerdə yola salınsın. Bunu aidiyyəti qurumlarla danışmaq lazımdır…”

Bu sözləri Pravda.az-a müsahibəsində Xalq artisti, tanınmış aktrisa Firəngiz Mütəllimova deyib.

“Mən teatra yeni gələndə aktyorlarımızın yubileyləri olurdu. 50-60 illik yubileyləri… Neçəsində aparıcı olmuşam, iştirak etmişəm. Məsələn, Telman Adıgözəlovun yubileylərindən birini təmtəraqla qeyd etmişik. Əliabbas Qədirov, Yaşar Nuri, Siyavuş Aslan – hamısı yadımdadır. Hamısının yubileyinə təmtəraqla getmişik. Sonra bu yubileylər olmadı. Yalnız rəhmətə gedənlərin xatirə gecələri keçirilir. Sonradan yavaş-yavaş aktyorların vida mərasimləri də olmadı. Bilmirəm niyə, nəyə görə… Səbəbini mən də hamı kimi bilmək istərdim. Amma dövlət bizə hər qayğını göstərir…”, – Xalq artisti bildirib.

F.Mütəllimova Ramiz Novruzun dəfnində Xalq artisti Əli Nurun Mədəniyyət Nazirliyi barəsində səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Əli Nur çıxış etdi, bəzi şeyləri çox doğru dedi. Amma Əli Nur, yəqin, o sözləri deyəndə bilməyib ki, Nazirliyimizin nümayəndəsi yuxarıda idi. Yəqin, sonradan ona deyiblər. Bəlkə də, bunu bilməyib, ona görə elə deyib. Sözün açığı, onun çıxışına qulaq asmamışam. Biz həmişə öyrəşmişdik ki, sənət dostlarımızı yola salanda ürək sözlərimizi deyək, səhnədəki ən yaxın tərəf müqabilləri danışsın. Mən sonuncu dəfə Yaşar Nuri bizim səhnədən alqışlarla yola salınanda ürək sözlərimi demişəm. Amaliya xanım teatrımızın səhnəsindən sonuncu dəfə yola salınanda da… Dünyasını dəyişən bütün aktyorlarımıza, aktrisalarımıza Allah rəhmət eləsin. Mən qapalı məkanlara getmirəm, pandemiyaya görə maska taxıram, özümü qoruyuram. Buna baxmayaraq, Ramiz Novruzla vidalaşmağa getdim, borcum idi. Ramizə otağında uzadılmış vəziyyətdə ağlaya-ağlaya ürəyimdə nə var idisə, dedim. Sözlərim ürəyimdə qalmadı. İstərdim ki, ürək sözlərimizi hamı ilə bölüşək. Hansısa kanala, sayta müsahibə verməkdənsə, bir məkan olsun, orda ürək sözlərimizi deyək, bütün saytlar, televiziya kanalları da çəkib, həmişə olduğu kimi paylaşsınlar. Allah ölənlərə rəhmət eləsin, qalanlara cansağlığı versin. Ən əsas bu idi ki, Ramizin sevənləri kədər içində orda idi. Ramizin necə aktyor, nümunəvi sənətkar olduğunu hamımız bilirik. Son mənzilə onu alqışlarla yola saldıq…”

Tacxeber.com

Oxşar xəbərlər