Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın maraqlı şəkli yayılıb. Ağlınıza başqa şey gəlməsin, Annanın yanındakı yad adam deyil, halal-hümbət əridir.
Halal söhbətini ona görə vurğulayırıq ki, İrandan qayıdandan sonra Anna özü də bu məsələyə xüsusi önəm verir. Deyilənə görə, İranda müqəddəs ziyarətgahda olarkən başına bağladığı kəlağayını evinin sevimli guşələrindən birində ən əziz hədiyyə kimi qoruyub saxlayır. Hətta məlum Məşhəd ziyarətindən sonra bəzi sadəlövh ermənilər onun dinini dəyişəcəyindən ehtiyat edirmişlər. Kiçik Ermənistanda İranı böyük qüdrət sahibi hesab edənlər az deyil.
Anna bugünkü davranışı ilə narahatlıq üçün əsas olmadığını göstərdi. Uzun əsrlərdən bəri şovinizm xəstəliyindən əziyyət çəkən ermənilər rahat nəfəs ala bilərlər: İranın Annanı müsəlman etməyə qüdrəti yetmədi.
Hadisə qədim Azərbaycan şəhəri İrəvanda vaqe olub. Anna müxalifətin söyüşündən zara gələn ərini stress atmaq üçün pivə içməyə aparıb. Fındıq boyda noxudla “zakuska” edə-edə göz yaşı kimi dupduru pivədən adama 3 bokal gillədəndən sonra bu anı əbədiləşdirmək yadlarına düşüb. Kamera qarşısına keçəndən sonra isə əməlli-başlı dilə-dişə düşüblər…
Çoxsaylı problemlərin məngənəsində çabalayan erməni cəmiyyəti Paşinyanın onun soyadını daşımağı özünə rəva bilməyən arvadı ilə alkaşlıq etməsini həzm edə bilmir. Sosial şəbəkələrin erməni seqmenti dünəndən bəri içdikləri pivəni Nikolun burnundan gətirməklə məşğuldur. Maraqlısı isə odur ki, İranı da işin içinə qatmağa başlayıblar. İndi sosial şəbəkələrdə cüvəllağı ermənilərin “Anna əvvəllər belə deyildi. Görünür, pivə içməyi İranda öyrənib” məzmunlu şərhlərinə tez-tez rast gəlmək mümkündür.
Annanın Məşhəd ziyarətindən sonra pivə bokalına sarılmağını İrana “təşəkkür’ kimi qiymətləndirənlər də var. Erməniləri İran tanımaq istəməsə də, biz yaxşı tanıyırıq: ermənisayağı “təşəkkür” elə bu cür olur.
Məscidlərimizdə donuz saxlayan bir xalqın nümayəndəsini qara çarşaba bürüyüb müqəddəs ziyarətgahları murdarlayan İrana bu da azdır. Hər kəs layiq olduğu hörməti görür…