Rusiyanın ən varlı iş adamlarının sərvəti 2023-cü ilin əvvəlindən martın 1-dək 10,4 milyard dollardan çox artıb.
Bu barədə “Bloomberg”in milyarderlər indeksindən (“Bloomberg Billionaires Index”) məlum olub.
İndeks, xüsusən şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.
Bildirilir ki, 2023-cü ilin əvvəlindən sərvətini ən çox Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov artırıb. “Lukoyl”un sabiq rəhbəri (2022-ci il aprelin 21-də 30 illik prezidentlikdən istefa verib və şirkətin Direktorlar Şurasından çıxıb – red.) bu il 2,43 milyard dollar qazanıb, beləliklə sərvəti 17,8 milyard dollara çatıb.
Bundan əlavə, siyahıda sərvəti 1,54 milyard dollar artaraq 20,2 milyard dollara yüksələn “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun da adı var. Novolipetsk Metallurgiya Kombinatının direktorlar şurasının sədri Vladimir Lisin də maliyyə vəziyyətini 905 milyon dollar yaxşılaşdırıb, hazırda bu göstərici 20,8 milyard dollardır. “Norilsk Nikel” şirkətinin rəhbəri Vladimir Potanin isə 94,2 milyon dollar itirib, sahibkarın sərvəti 28,5 milyard dollar olaraq qiymətləndirilir. “Novatek” İdarə Heyətinin sədri Leonid Mixelson 516 milyon dollar qazana bilib, bu da onun sərvətini 25,1 milyard dollara çatdırıb.