• 30 Sentyabr 2024 11:34

Qarət, maliyyə sabotajı, ya terror? – “Bravo”ya hücumun görünməyən tərəfləri

 

Paytaxtda böyük ajiotaj yaratmış qarəti törədənlər polisin operativ və peşəkar reaksiyası, ən yüksək səviyyəli koordinasiya ilə zərərsizləşdirildi. Cinayətkarların isti izlərlə tapılıb neytrallaşdırılması ictimai asayişimiz, sosial sabitlik üçün hər hansı təhdidin qarşısının dərhal alınacağını bir daha hər kəsə nümayiş etdirdi.

Amma hadisə haqda xəbərləri izləyərkən həm suallar yaradan , həm də “kaş ki olmayaydı” deyəcəyimiz bir xeyli məqamlar da oldu:

1) Qətllə bitmiş qarətin anbaan videogörüntüsünün paylaşılması nə dərəcədə zəruri idi? Saytların İP, televiziyaların reytinq yarışınamı şahid olduq? Məlum deyilmi ki, bu görüntülər kütləni məlumatlandırmaqdan daha çox xof yaradır, xüsusən azyaşlı tamaşaçıların psixologiyasına mənfi təsir göstərir?

2) Cinayətin üstü açılmadan, cinayətkarlar tutulmadan xüsusən sosial medianın dərhal versiyalar üzərinə köklənməsi polisin işinə kömək deyil, maneə yaratmaqdır. DİN Mətbuat xidməti nümayəndəsinin də açıqlamasında bu haldan narazılıq notları vardı.

3) Qarətçilərin peşəkar olması ilk andan deyildi, müşahidə aparmış, uyğun məkan və vaxt seçmişdilər. Bəs məhz “Unibank” və “Bravo”nun seçilməsi təsadüf idi ya burda hansısa mesajmı var idi? O görüntülərin dönə- dönə verilməsi, “Bravo”nun loqosunun ekrana daşınması bayramqabağı satışa hər halda töhfə vermir.

4) İndi hadisə ilə bağlı yozumlarda terror versiyası qabarmağa başlayıb. Terrorçular bir nəfəri yaralayıb bir nəfəri öldürdükdən sonra pulu götürüb niyə aradan çıxır? Məntiqlə terrorçu daha çox qorxu yaratmaq üçün daha çox qətl və dağıntıda maraqlı olmalı deyilmi? Qarətin maliyyə sabotajı, “Bravo” və “Unibankı” hədəf seçməklə müəyyən mesaj ehtiva etməsi, mühafizə və ictimai asayiş sistemimizi yoxlamaq, sonrakı hansısa planlara hazırlıq ola biləcəyini istisna etmirik. Ancaq bu ehtimalların reallıq dərəcəsi istintaqdan sonra bəlli olacaq, medianın indidən ən qorxulu ehtimal üzərində köklənməsi o qədər də məqbul deyil. Ən əsası, heç də asayişin qorunmasına da xidmət etmir, əksinə, əlavə xof yaradır.

5) Qarətçilər necə və harada hazırlaşıblar, silahı necə əldə ediblər, seçdikləri obyektdə əvvəllər də müşahidə aparıblarmı? Aparıblarsa, indiyədək necə diqqəti cəlb etməyiblər? Onların əvvəllər hansısa cinayətləri olubmu? Belə peşəkar davranan, gizlənmək üçün paytaxtın ən gur yerini seçənlər adi soyğunçuya bənzəmirlər hər halda.

6) Qarətçilərin sosial media hesabından götürüldüyü deyilən fotolardan birində hümbətovçuların rəmz kimi istifadə etdiyi parça əks olunur. Qaranlıq qaldı, ağcabədili afşar və ya tərəkəmə (qarətçi Ağcabədi əsilli kimi təqdim olundu) hümbətovçuların rəmzindən niyə istifadə etsin axı. Real deyilsə, çox zərərli bir paylaşım edildiyinin fərqində olmalıyıq. Unutmayaq ki, əks təbliğat da təbliğatdır.

Nəhayət, mühafizə işinin təşkili barədə. İnkassasiyanın istehlakçıların marketə daha çox üz tutduğu istirahət günü pik saatlarda həyata keçirilməsi nə dərəcədə düzgündür?

Hadisə göstərdi ki, bu xidməti daha da gücləndirməyə, mühafizəçilərin hazırlığına, xüsusi təchizatına və sayının artırılmasına da ehtiyac var.

Haqlı olaraq inkassatorların mühafizəsinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunmasına da irad tutulur. Bu işi özəl qurumlara və ya işin peşəkarı olan DİN Baş Mühafizə İdarəsinə həvalə etmək düzgün olmazmı?

Cəmaləddin Quliyev

Tacxeber.com

Oxşar xəbərlər