Abşeron rayonunda Mehdiabad qəsəbəsində yerləşən 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə cəza olaraq müəllimi (xanım) məktəbin döşəməsini sildirib.
Tacxeber.com xəbər verir ki, bu barədə məktəblinin bacısı danışıb.
Adı açıqlanmayan qadın iddia edib ki, onun qardaşı bir neçə gün əvvəl dərsə bir neçə dəqiqə gecikdiyi üçün müəlliməsi Cəmilə Quliyeva gecikməyin cəzası olaraq ona məktəbin dəhlizini sildirib. Eyni zamanda müəllimin şagirdin döşəmə sildiyi anları videoya da çəkdiyi iddia edilir.
Şikayətçinin sözlərinə görə, C.Quliyeva daha sonra şagirdə dbu hal təkrarlanarsa, növbəti dəfə ayaqyolunu sildirəcəyini söyləyib.
Şagirdin bacısı adı çəkilən müəllimə zəng edərək müəllimə bu cür davranışa irad tutub. O, daha sonra müəlliməyə “məktəbin direktoru bilirmi” sualını ünvanlayıb.
C.Quliyeva isə cavabında “Gələrsiniz məktəbə, orada aydınlaşdırarıq. Məktəbin drektorunun daxili qaydasıdır” sözlərini söyləyib.
Məktəblinin bacısı daha sonra müəlliməyə qarşı təhqiramiz ifadələr səsləndirib. O isə cavabında “Sabah məktəbə gələrsiniz, sizə göstərəcəyəm. Kim olduğumu sizə göstərəcəyəm” deyib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən cavab olaraq bildirildi ki, Abşeron rayonu üzrə təhsil sektorunun əməkdaşları məsələni araşdırmaq üçün artıq məktəbə yollanıb.
“Məsələ araşdırılacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək” – deyə İdarədən bildirilib.