• 26 Noyabr 2024 19:03

Məleykə Abbaszadə: “Ağlına nə gəlirsə, yaz, bəlkə, alındı” fikri ilə imtahana gəlmək olmaz

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsi

– Məleykə xanım, artıq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. Bu ilin nəticələri ilə bağlı gözləntiləriniz nələrdir? Pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşa bilərikmi?

– Dünyada müxtəlif beynəlxalq qiymətləndirmələr aparılır: TIMSS, PIRLS, PISA və s. Həmin qiymətləndirmələrin nəticələrindən də görünür ki, pandemiya bütün dünya üzrə imtahan nəticələrinə ciddi təsir göstərib. Bütün ölkələrdə pandemiyadan əvvəlkindən aşağı nəticələr göstərilib. Nəticələrlə bağlı ilkin araşdırmalar bəllidir və adətən ən yüksək nəticə göstərən Sinqapurda da şagirdlərin göstəriciləri aşağı düşüb. Ona görə də gözləmirəm ki, ölkəmizdə də hansısa sıçrayış olsun və daha yaxşı nəticələr müşahidə edək. Keçənilkinə uyğun nəticə görsək, hesab edirəm ki, bizim üçün çox qənaətbəxş nəticə olar və deməli, pandemiya vəziyyətə çox da təsir etməyib. Builki gözləntilərimiz barədə yalnız elmi proqnozlara əsasən məlumat verə bilərəm.

2020-ci ildə pandemiyanın ilk ilində imtahan keçirildi, amma həmin ilin abituriyentləri pandemiyadan əvvəl hazırlaşmağa başlamışdılar. İmtahana cəmi bir neçə ay qalmış pandemiya başladı. Həmin ilin məzunları 5-6 ay pandemiya şəraitində oxumuşdular. 2021-2022-ci tədris ilinin qəbul və buraxılış imtahanlarında iştirak edən şagirdlər isə bir il yarım həmin şəraitdə məşğul olmuşdular. Növbəti 2022-2023-cü tədris ilinin məzunları IX sinfin buraxılış imtahanlarını pandemiya şəraitində sadələşmiş formatda vermişdilər. XI sinfin buraxılış və qəbul imtahanlarını verənlər axırıncı il normal şəraitdə dərslərdə olmuşdular. Cari ilin məzunları VIII‑IX siniflərdə olanda pandemiya şəraitində oxuyublar. IX sinfin buraxılış imtahanları 2021-ci ildə normal şəraitdə keçirilib. Həmin nəticələr, demək olar ki, pandemiyadan əvvəlki nəticələrə yaxın olub. Builki sınaq imtahanlarının nəticələri artıq elan olunub. Həmin nəticələrə əsaslanaraq, bu il XI sinif məzunlarının buraxılış imtahanlarında nəticələrinin IX sinifdəki nəticələrlə müqayisədə orta hesabla 20 faiz yüksəlməsini gözləyirik.

– 2023-cü ilin Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) sənədində qeyd edilib ki, bu il ali təhsil müəssisələrinə 60 000 tələbənin qəbul olunacağı gözlənilir. Bu rəqəmin 2024-cü ildə 63 000, 2025‑ci ildə 68 000 və 2026-cı ildə isə 74 000 olacağı güman edilir. Sizin dediyinizdən sonra bu rəqəmlər nə dərəcədə real görünür?

– Hər il həmin ilin məzunlarından başqa əvvəlki illərin məzunları da qəbul imtahanı verirlər. Ölkədə nə qədər ali təhsili olmayan gənc varsa, hətta 10‑15 il əvvəl məktəbi bitirənlər də bu prosesə qoşulurlar. İki ildir ki, ödənişli təhsil alan tələbələrə təhsil tələbə kreditinin verilməsi gənclərin ali təhsilə əlçatanlığının təmin olunmasına müsbət təsirini göstərməkdədir. Bundan başqa, artıq 4‑cü ildir ki, bakalavriat səviyyəsinə subbakalavrların imtahansız qəbulu aparılır. Qəbulun alqoritmi belədir ki, müsabiqədə iştirak edən hər bir abituriyent öz balına uyğun yer tutandan sonra boş qalan yerlərə müsabiqə əsasında subbakalavrlar qəbul olunurlar. Onların sayı kifayət qədərdir, ildən-ilə də çoxalır. Heç şübhəsiz, bu il də subbakalavrlar müsabiqədə iştirak edəcək və boş qalmış yerləri tutacaqlar.

– Artıq bir neçə ildir ki, subbakalavrlar imtahan vermədən ali məktəblərə qəbul ola bilirlər. Subbakalavrların qəbul qaydası özünü doğrulda bilib?

– Qəbul qaydası yox, subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti ali məktəbləri razı salmır. Rektorlar şikayət edirlər ki, onlar birinci kursda tədris mühitini pozurlar. Onlar çox zaman qəbul olunurlar, sonra gəlib deyirlər: “Mən işləyirəm, dərsə gələ bilməyəcəyəm”. “Adım getsin, sonra da diplom alım”. Belə bir şey yolverilməzdir. Əgər subbakalavr məsuliyyətlidirsə, ali təhsil almaq istəyirsə, bilirsə ki, işləməlidir, gərək ixtisası seçəndə yalnız qiyabi yerləri yazsın. Bəzi ali məktəblər ümumiyyətlə subbakalavrların qəbulundan imtina etmək istəyirlər, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar.

– Əgər subbakalavrların qəbulu özünü doğrultmursa, tamamilə ləğv oluna bilərmi?

– Söhbət qaydanın özünü doğrultmamasından getmir. Əslində bu, mütərəqqi bir addımdır, axı orta ixtisas məktəbində gənclər bir neçə il ərzində müəyyən bir ixtisasa yiyələnirlər, sonra isə qəbul imtahanı vermədən ali məktəbdə öz ixtisasları üzrə daha yüksək təhsil almaq imkanı qazanırlar. Problem qaydalarda deyil, bəzi ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin kifayət qədər səmərəli qurulmamasındadır. Təhsil müəssisəsinin reytinqi təkcə tələbə kontingentinin sayı ilə deyil, ilk növbədə tədris prosesinin keyfiyyəti ilə qazanılır. Artıq bəzi ali məktəblər subbakalavrlara xüsusi diqqət göstərir, bu kontingent üçün tədris prosesini daha səmərəli qurmağa çalışırlar. Son illər bir çox orta ixtisas təhsili müəssisələrinin ali məktəblərin nəzdində fəaliyyət göstərməyə başlaması da məncə, orta ixtisas təhsili müəssisələrində tədrisin səmərəli qurulmasına imkan verəcək, bu sahədə vəziyyətin tezliklə yaxşılaşmasına kömək edəcək.

– Ötən il III qrup üzrə altqrup imtahanları oldu. Bu ildən isə I qrupa imtahan verənlər həm də informatikadan imtahan verə biləcəklər. Bu yeniliklər özünü doğrulda bilibmi?

– Belə modelə keçməyi ictimaiyyət də tələb edirdi. Amma açığını deyim ki, biz tərəddüd edirdik. Orta məktəbdə riyaziyyat fənninin tədrisi prosesində olan problemləri, eyni zamanda buraxılış imtahanındakı nəticələri bilirdik. Hesab edirdik ki, riyaziyyat üzrə nəticələri müəyyən səviyyəyə qaldırandan sonra informatika fənni üzrə imtahanları keçirə bilərik. Amma çox gərgin müzakirələr oldu, həm ictimaiyyətlə, həm Elm və Təhsil Nazirliyinin rəhbər işçiləri, ekspertləri ilə. Müzakirələr nəticəsində qərara gəldik ki, bu imtahanı keçirək, çünki imtahan olmasa, informatikaya ikinci dərəcəli fənn kimi baxılır və tədrisinə çox da diqqətlə yanaşılmır. Burada bizim də problemlərimiz var. Məsələn, imtahan zamanı proqramda olan Pyhton-dan proqram yazmaqla bağlı müəyyən suallar verəcəyik, bu sualları yoxlamaq üçün müəllimlər də lazımdır. Çox az orta məktəb müəllimi var ki, bu sualları yoxlaya biləcək səviyyədədir. Mən açıq sualları nəzərdə tuturam.

Biz məcbur olduq ki, informatika müəllimləri üçün xüsusi kurslar açaq, onları bir marker kimi hazırlayaq. Çünki imtahanda belə suallar çox olacaq, onları yoxlamaq lazımdır. Bu yenə də onu göstərir ki, informatikanın tədrisi bütün məktəblərdə eyni səviyyədə deyil. Lap yüksək səviyyədə tədris olunan məktəblər də var, orada kompüterlər, internetə qoşulma imkanı var. Eyni zamanda informatikanı yalnız nəzəri şəkildə tədris edən məktəblər də var. Təbii ki, I qrupa gedən abituriyenti heç kim məcbur etmir ki, mütləq informatikadan imtahan versin. Həmin şəxs ənənəvi olaraq kimyadan da imtahan verib müsabiqəyə qoşula bilər. Amma kim öz ixtisasını kompüter elmləri istiqamətində seçibsə, gərək bu imtahana yaxşı hazırlaşsın. Bu il bu imtahan ilk dəfə keçiriləcək, bəzi problemlərlə rastlaşacağımızı gözləyirdik. Amma sınaq imtahanlarının nəticəsi göstərdi ki, ortastatistik abituriyentin informatikadan sualları düzgün cavablandırma göstəricisi 50 faizdən bir qədər yuxarıdır. Bu, riyaziyyat, fizika və kimya üzrə müvafiq göstəricilərdən xeyli yüksəkdir və bizi sevindirir.

III qrupda coğrafiya fənninin olmasına gəldikdə isə bu, ənənəvi fəndir və heç bir problem yoxdur. Onu da qeyd edim ki, 10-15 il bundan əvvəl müəyyən araşdırmalar aparanda gördük ki, Azərbaycan şagirdlərinin ən sevimli fənlərindən biri coğrafiyadır. Həmişə abituriyentlərə sərbəst hazırlaşmaq üçün müəyyən metodik vəsaitlər, test topluları hazırlayırıq. Hesab edirəm ki, doğrudan da oxumaq istəyən uşaq üçün internetdə kifayət qədər faydalı resurs və məlumatlar var. Hər bir şagird öz gücünü də sınaya bilər. Təşkil etdiyimiz elektron imtahanlarda da iştirak edə bilərlər. Şagird özü üçün daxili qiymətləndirmə aparıb görə bilər ki, bilik səviyyəsi necədir. Hansısa nüfuzlu ixtisasa imtahan verməyə gücü çatar, ya yox? Burada bir problem də şagirdin seçimi məsələsidir, çünki bəzi valideynlər buna lazımınca imkan yaratmırlar, çalışırlar ki, övladları onların istəyi əsasında ixtisas seçsinlər.

– Şagirdin informatika üzrə bacarığı əsasən kompüter qarşısında üzə çıxır. Bu baxımdan ənənəvi formada hazırlanacaq suallar onların bacarıqlarını üzə çıxarmaqda nə qədər yetərli olacaq?

– Bu il birinci ildir ki, bu imtahanı keçirəcəyik. Görək abituriyentlər nəzəri bilikləri necə mənimsəyiblər, proqram yazmağı da müəyyən səviyyədə yoxlayacağıq. Bizim yeni binamız hazırlanır, orada 850 yer mövcuddur. Hər seansda 850 adam imtahan verə biləcək. Yəqin ki, yeni tədris ilinin əvvəlində bina hazır olacaq, tamamlanma işləri gedir. Orada imtahanları kompüter əsasında keçirəcəyik. Amma buna keçid müəyyən vaxt tələb edəcək. Ola bilsin, iki növ imtahan olacaq, şagirdlər yazılı və ya kompüterdə imtahan verə biləcəklər. Bildiyim qədərilə Elm və Təhsil Nazirliyi bu istiqamətdə çox gərgin və vacib iş aparır. Bu il də 40 mindən artıq kompüter alınıb və məktəblərə paylanıb. Amma həmin məktəblərdə tədris prosesi elə qurulubmu ki, müəllim kompüter kabinetlərində lazımi səviyyədə dərs deyə bilsin? Bu dərslərin özünün quruluşu, istifadə olunan məzmun, proqramlar hansı səviyyədədir? Bunlar hamısı müzakirə mövzusudur. Bu müzakirələr tamamilə professional müstəvidə daim aparılır və diqqət mərkəzindədir. Bilirəm ki, belə araşdırmalar Elm və Təhsil Nazirliyi tərəfindən də aparılır. Biz onlarla müzakirə aparırıq ki, onların bu imtahanlardan gözləntisi nədir və onu nəzərə alırıq.

Mənə elə gəlir ki, iki ilə buraxılış imtahanlarının bir qismini, məsələn, rus və ingilis bölməsi üçün Azərbaycan dili imtahanını, informatika üzrə imtahanı, magistratura və rezidenturaya qəbul imtahanlarını kompüter əsasında keçirə biləcəyik. Daha kütləvi olan buraxılış və qəbul imtahanlarına gəldikdə isə burada məsələ daha mürəkkəbdir, çünki çalışırıq ki, buraxılış imtahanlarını hər bir şagird öz yaşadığı yerdən maksimum 5 kilometr uzaqlığa qədər olan mərkəzdə versin. Şagird sayına görə hər bir yerdə kompüterlə imtahanın nə vaxt ola biləcəyini indi deyə bilmərəm. Martın 5-də və 12-də keçiriləcək buraxılış imtahanlarında ümumilikdə 100 mindən çox XI sinif şagirdi iştirak edəcək. Bu sayda imtahan yeri təchiz etmək, imtahanın səviyyəsi, heç bir yerdə işığın kəsilməməsi məsələsi, bütün kompüterlərin sazlanması kifayət qədər mürəkkəb, texniki məsələdir. Mənə elə gəlir ki, 5 ilə bu məsələ də həll olunacaq. Birinci 3 ildə adam sayı 10 minə qədər olan imtahanları kompüterdə keçirəcəyik, sonra isə digər imtahanları da. Dünya bu istiqamətdə gedir, biz də təbii ki, bu istiqamətdə gedəcəyik. Bəlkə də bu proseslərdə süni intellektdən də necəsə istifadə etməyə nail olacağıq. Bu istiqamətdə kifayət qədər planlarımız var.

– Açıq tipli sualların zamanla artırılacağını qeyd etmişdiniz. Bu baxımdan test sisteminin zamanla ənənəvi imtahan modelinə çevriləcəyini demək olar?

– Nə qədər bacarırıqsa və hansı kompetensiyaları testlə yoxlamaq mümkündürsə, yoxlayırıq. Daha geniş kompetensiyaları yoxlamaq üçün açıq suallardan, esselərdən, yazı işlərindən kifayət qədər geniş istifadə etməyə başlamışıq. Burada müəyyən balans var. Biz bu dəyişikliyi ona görə etmirik ki, öz işimizi çətinləşdirək, ya da kiminsə işini daha da mürəkkəbləşdirək. Xarici dildən imtahan keçiririk, eşidib-anlama bacarığını yoxlayırıq, yazma bacarığını yoxlayırıq, amma danışmaq bacarığını hələ yoxlamırıq. Onu da yoxlamaq lazımdır, çünki xarici dil 4 vacib komponentdən ibarətdir. Danışma bacarığını da yoxlayacağıq. Müəyyən kompetensiyalar dövlət standartlarında nəzərdə tutulsa da, onları biz hələlik imtahanla yoxlaya bilmirik. Bu da elə vacib deyil, çünki o kompetensiyalara uyğun olaraq məktəbdə də daxili qiymətləndirmə aparılır və attestatda illik qiymət yazılır. Həmin kompetensiyalar məktəblərdə də yoxlanılmalıdır. Amma hansı kompetensiya harada yoxlanılacaqsa, bu, Elm və Təhsil Nazirliyi ilə bizim aramızda müzakirə mövzusudur. Buna əsasən imtahanlar üçün həmin sualların strukturunu müəyyənləşdiririk. Biz bütün növ bilik, bacarıq və səriştələri yeni texnologiyaların tətbiqi sayəsində yoxlayıb qiymətləndirməyə qadirik.

Hər bir imtahanın nəticəsi ilə bağlı hər ilin sonunda elmi-statistik araşdırmalar aparırıq və bilirik ki, tendensiyalar ildən-ilə necə formalaşır. Axırıncı 5 ildə bu tendensiyalarda hansı dəyişikliklər baş verib və inkişaf vektoru hansı istiqamətdədirsə, bunu hər dəfə müzakirə edirik. Bildiyiniz kimi, bu nəticələri ictimaiyyətə də təqdim edirik. İnternet saytımızda elmi-statistik təhlil yerləşdirilir. Orada hələ ki, 2021-2022-ci tədris ilinin nəticələri var. Amma artıq 2022-2023-cü tədris ilinin nəticələri də hazırdır, ilkin statistikanı ölkə rəhbərliyinə təqdim etdikdən sonra “Abituriyent” jurnalının 12-ci nömrəsində təqdim edəcək və saytımıza yerləşdirəcəyik. Bu cür ardıcıl və davamlı tədbirlər fəaliyyətimizin ictimaiyyət üçün tam şəffaflığının təmin olunmasına və ildən-ilə daha da təkmilləşməsinə imkan verir.

– Ali məktəblərə qəbul imtahanında 4 səhv bir düz cavabı aparır. Ancaq bəzi təhsil ekspertləri bunun doğru yanaşma olmadığını və ləğv ediləcəyini düşünürlər. Sizin bu məsələ ilə bağlı fikriniz necədir?

– Həmin ekspertlərə məsləhət görərdim ki, ehtimal nəzəriyyəsi ilə bir az tanış olsunlar. Bütün suallara yalnız bir bənd üzrə, məsələn, yalnız A və ya B bəndini seçməklə cavab yazan abituriyentlər də var. Onlar da balların 1/5-ni toplaya bilərlər. Ona görə bu qayda vacibdir. Uşaqlar arasında məşhur olan bir oyun var: “Dəniz döyüşü”. A-A və ya B-B edib bir-birinin gəmilərini məhv edirlər. İmtahanı belə oyuna çevirmək olmaz. İmtahanda insanlar şüurlu olaraq fikirləşib cavab yazmalıdırlar. “Ağlına nə gəlirsə, yaz, bəlkə, alındı” fikri ilə imtahana gəlmək olmaz. Mən bilmirəm, ekspertlər niyə belə məsuliyyəti üzərlərinə götürüb deyirlər ki, bu, ləğv ediləcək. Nəyə istinad edib belə elan verirlər, bunu başa düşmürəm.

– Elmi araşdırmalar göstərir ki, mərkəzləşmiş imtahan sistemi alternativ təhsil sektorunun yaranmasına səbəb olur, yəni repetitorluğun. Sizcə, bu gün ümumtəhsil məktəblərinin verdiyi təhsil bunun üçün kölgədə qalır?

– Təkcə mərkəzləşmiş yox, bütün imtahanlar alternativ təhsilə imkan yaradır, özü də yalnız bizdə yox, bütün dünyada. Repetitorluq və kurslar təkcə imtahana hazırlaşmaq üçün deyil. Valideynlər hətta I sinifdən qabaq repetitor tuturlar ki, uşaqları xarici dil öyrənsin, musiqi ilə məşğul olsun, yaxud da uşaqları rəsmlə və ya rəqslə məşğul olsun deyə onları müxtəlif dərnəklərə, kurslara aparırlar. Bu, normal haldır. Fənni yalnız imtahana görə öyrənən şəxs sabah yadından çıxaracaq. Bu tamamilə səhv yanaşmadır. Amma alternativ təhsilin yaranmasının bir səbəbi də var. Bizim imtahanlar tam şəffaf və biliyin əsasında qiymətləndirməni təmin edir. Biliyin əsasında qiymətləndirmə təmin olunmasaydı, hansısa başqa yollar olsaydı, bir çox adamlar alternativ təhsilə cəhd göstərməzdi. Biz bunu istəyirikmi?!

İkinci bir məsələ də var ki, həmin kurslarda dərs deyən müəllimlər, kursları yaradan kiçik və orta sahibkarlar əmək bazarında özləri üçün bir yer tapıblar, bu xidmətləri göstərirlər. Onlar o xidmətləri istifadəçini aldatmadan göstərsələr, bu, çox yaxşıdır. Demək, burada monopoliya yoxdur, heç kim onların qabağında durmayıb, heç kim onlardan lisenziya istəmir, heç bir dövlət qurumu onları sıxışdırmır. Onlar da bu xidmətləri göstərəndə gərək insanları aldatmasınlar. Elə‑belə, yalandan adam yığmaqla, “mənim kursum sizə universitetə qəbul olmağa 90 faiz imkan yaradacaq” demək yalançı reklamdır, insanları aldatmaqdır. Mən belə şeylərə mənfi yanaşıram. Kimsə öz biliklərini gənc nəslə ötürüb, bunun müqabilində hansısa məbləğdə pul qazanırsa, bu, pis deyil, çünki özləri o sahədə oxuyublar, bilik toplayıblar.

Vətəndaşlar nə qədər bilikli, bacarıqlı olsalar, ölkəmiz o qədər qazanacaq. Bu, insan kapitalının zənginləşməsinə gətirib çıxarır. O ki qaldı valideynlərin şikayətinə ki, bu, alternativdir, məktəbdə təhsil yoxdur və ya zəifdir, bu, düzgün fikir deyil. Uşaqların nəticələrinə təkcə məktəb cavabdeh deyil, valideynlər də məsuliyyət daşımalıdırlar. Valideynlər hər axşam uşağının ev tapşırıqlarını yoxlayırmı, həftədə neçə saat uşağı ilə söhbət edir, dərsləri ilə maraqlanır, soruşur ki, övladı nəyi başa düşmür, ona nə lazımdır? İnternetdə kifayət qədər ucuz, hətta pulsuz materiallar da var, şagird özü də məşğul ola bilər. Valideyn uşağı ilə birgə otursa, ona yol göstərsə, həmin materialı birlikdə axtarıb tapa bilərlər. Bu, təkcə repetitor və kurs məsələsi deyil. Repetitor və kurs valideyn üçün bir növ asan bir yoldur ki, məsuliyyəti öz üzərindən götürsün. Təbii ki, bu, əlavə maliyyə vəsaiti tələb edir, bundan narazılıq ola bilər.

Əvvəllər Azərbaycan ailəsində qız uşağı anadan olanda uşağın balaca vaxtından ona cehiz yığmağa başlayırdılar. O cehizi almaq üçün da maliyyə vəsaiti tələb olunur. Cehiz üçün pul xərcləmək daha vacibdir, yoxsa təhsil vermək, müxtəlif dillər öyrətmək, gələcəkdə müstəqil insan kimi həyatda özünü doğrultmasına çalışmaq? Valideynlər bilirlər ki, keyfiyyətli təhsil vermək üçün gərək ya özləri vaxt sərf etsinlər, ya da əlavə vəsait xərcləsinlər. Bu, bütün dünyada belədir. Bizdə tələbələrin yarıdan çoxu pulsuz təhsil alır. Daha yaxşı hazırlaşmaq lazımdır ki, pulsuz təhsil ala bilsinlər. Ödənişli təhsil almaq üçün universitetə qəbul olmaq çox asandır, 200 baldan yuxarı nəticə göstərənlər özəl ali məktəbə qəbul olub ödənişli təhsil ala bilərlər.

Bir məsələ var ki, oxuyan tələbənin qarşısında heç kim dayana bilməz, o, öz nəticələrinə uyğun olaraq ali məktəbdəki yerini tutacaq, bunun qarşısını heç kim ala bilməz. Valideyn 11 il ərzində uşağının təhsilinə, təliminə, tərbiyəsinə nə qədər çox diqqət ayırsa, bir o qədər repetitora ehtiyac olmaz. Ən yüksək nəticə göstərən şagirdlər danışanda görürük ki, çoxu özü müstəqil şəkildə məşğul olub, ola bilsin, sonuncu aylarda hansısa müəllimin yanına gedib.

– Rektorlarla mütəmadi görüşləriniz olur. Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrindən fərdi qaydada fərqli imtahan və qəbulun keçirilməsi ilə bağlı DİM-ə müraciət olub?

– Qanun var ki, hamı ümumi mərkəzləşmiş, eyni standartlara uyğun müsabiqədə iştirak etsin. Universitetlər bizə misal üçün II, III kursda hansısa imtahan keçirmək üçün müraciət edə bilərlər. Ya da hansısa özəl məktəblər müraciət edirlər ki, daxili qiymətləndirməni məktəbdə aparaq. Bəzi liseylər müraciət etmişdilər ki, müəyyən daxili imtahanlarını biz keçirək. Bunun ümumi imtahanlara aidiyyəti yoxdur, daxili imtahanlardır. Daxili qiymətləndirmə zamanı onlar istəyirlər ki, obyektiv qərar qəbul etsinlər və ona görə də bizə müraciət edirlər. Müqavilə əsasında biz belə imtahanları keçiririk. Elə universitetlər var ki, ora qəbul olmaq üçün abituriyentlərin ingilis dilindən 50 faizdən yuxarı nəticə göstərməsini tələb edirlər. Biz bunları qəbul eləyirik. Ya da tələb olunur ki, hansısa ixtisas üzrə ümumi bal 250 və ya 350 olsun, 200 olmasın, bunu da qəbul edirik. Amma bu şərtlər əvvəlcədən elan verilən zaman jurnalda qeyd olunur. Hər bir ali məktəbə aid olan xüsusi şərtlər qeyd edilir və qəbulda nəzərə alınır.

– Əksər inkişaf etmiş ölkələrdə standart imtahanlarla yanaşı abituriyentin bacarıqlarını müəyyənləşdirmək üçün də imtahanlar keçirilir. Bizdə necə, belə bir sistem tətbiq oluna bilərmi?

– Artıq xeyli müddətdir ki, tətbiq olunur. Qabiliyyət imtahanları, açıq testlər, esse, yazı işləri ilə bacarıqları yoxlayırıq.

– Bəzən abituriyent ingilis dili tərcüməçiliyi və ya müəllimliyi ixtisasına qəbul olur, lakin faktiki olaraq əksəriyyəti ingilis dilini bilmir. Testlər isə onların bacarıqlarını tam olaraq müəyyənləşdirməyə imkan vermir. Bunun üçün onlardan əlavə olaraq danışıq bacarığının yoxlanılması üçün imtahan keçirilə bilərmi?

– Bu təkcə ingilis dilinə deyil, bütün dillərə aiddir. Ona görə də imtahanlarda yazı işləri, dinləyib-anlama var. Biz növbəti mərhələdə imtahan blokuna danışmanı da daxil edəcəyik. Bizdə doktoranturaya qəbulda dörd komponentin hamısı var. Kembric imtahanlarında CEFR çərçivəsində olan bütün bacarıqlar yoxlanıldığı kimi. Növbəti mərhələdə belə imtahanı magistraturada keçirəcəyik. Əvvəlcə ən yüksək səviyyədən başlamışıq, yəni doktorantura imtahanlarından. Sonra magistratura imtahanlarında tətbiq edəcəyik. Daha sonra keçəcəyik XI sinfə və ən kütləvi imtahanlar olan IX sinfə. IX sinif imtahanlarında 100-130 min şagird imtahana daxil olur. Aydın məsələdir ki, bunu həyata keçirmək üçün maddi-texniki baza zəruridir.

– Sovet dövründə bir sinifdən ali təhsil müəssisəsinə maksimum 2-3 şagird qəbul ola bilirdi. Amma indi əksəriyyət diplom sahibi olur. Sizcə, test sistemi təhsilli şəxslərin sayını daha da artırmaqda rol oynaya bilirmi?

– Təbii ki. Hamı universitetə öz biliyi ilə daxil olur və öz yerini tutur. Hazırda dünyada əlində diplom olsa belə, öz yerini tutmaya bilərsən, çünki müasir dünyada müəyyən tələblər var. Təhsilli və savadlı təkcə o insan deyil ki, oxumağı, yazmağı bacarır. Artıq tamamilə ayrı kompetensiyalar lazımdır. O hədəflər bütün dünyada var və əmək bazarında da diplomdan əvvəl onun nəyi bacarıb-bacarmadığını yoxlayırlar. Ali məktəblərdə insanlara müəyyən tip məsələlərin həlli öyrədilir ki, gələcəkdə yeni məsələləri necə həll etməli olduğunu bacarsın. Məsələn, Sovet dövründə kimsə ali məktəbi bitirəndən sonra ömür boyu topladığı həmin bilik əsasında özünə iş tapırdı, işləyirdi. Ola bilsin ki, nə vaxtsa öz üzərində işləmək üçün hansısa kurslara da gedirdi. O da 5-10 ildə bir dəfə olurdu. Amma indi vəziyyət tamamilə dəyişib.

Hər bir istiqamətdə yeniliklər daha sürətlə tətbiq olunur. Daha sürətlə tətbiq olunanda da müəyyən ixtisaslar ixtisara salınır. Həmin ixtisasların əvəzinə xüsusi proqramlar yaranır. Müəssisə rəhbəri də o proqramı alıb, iki adamı işə götürmək əvəzinə, bir adamı götürür. Bir proqramı alıb, bir əmək haqqı verməklə həmin nəticəni əldə edə bilər. Bundan başqa, texnologiyalar elə dəyişir ki, indidən məlumdur ki, hazırda 20 yaşında olan gənc həyatı boyu təqaüdə gedənə qədər ən azı beş dəfə ixtisasını dəyişməli olacaq. Demək, insan ali məktəbdə öyrənməyi öyrənməlidir ki, özü necə müstəqil oxuya bilsin, dəyişə bilsin. Buna görə də təkcə orta məktəbdə olan yeni kurikulum yox, ali məktəbdə də tədrisin məzmunu, tələblər, tədrislə əmək bazarı arasında olan əlaqələr, müasir dünyada gedən trendləri müəyyənləşdirmək, ona əsasən tədris prosesini təzədən qurmağı bacarmaq çox önəmlidir.

Ali məktəbi bitirən biri kompüter öyrənmək üçün kursa gedirsə, bu, absurd bir vəziyyətdir, belə olmamalıdır. Bu kompetensiyaları insan məktəbdə əldə etməlidir, bunlar dünyəvi tələblərdir. Artıq informasiya texnologiyalarını mənimsəməyən insan savadsız hesab olunur. Adam dünyada hər bir mərhələdə, hətta hava limanına daxil olanda da insanla yox, hansısa qurğularla işləməyi bacarmalıdır ki, qeydiyyatdan keçə bilsin. Bunun üçün hansısa biliklər olmalıdır, insan başa düşməlidir ki, hansı alqoritmlərlə işləməlidir, necə olmalıdır. Ali təhsil diploma görə yox, bilik və bacarığa görə olmalıdır. Hansısa bir ixtisası, peşəni mənimsəyib əmək bazarına daxil olmaq və ona hazır olmaq lazımdır. Ona görə də gənclərin daha çox hissəsi ali məktəbə qəbul olsa, əhalinin savadlı və bilikli hissəsinin sayı çoxalacaq. Bu bizim üçün çox vacibdir. Ölkənin qüdrəti onun hər bir vətəndaşının biliyindən, bacarığından daha çox asılıdır, nəinki təbii sərvətlərindən. Təbii sərvətləri olan ölkənin əhalisi savadlı deyilsə, insan kapitalının inkişafı əmsalı çox aşağıdırsa, həmin təbii sərvətlərin bəhrəsini ayrı ölkələr görəcək. İnsanların bilikli olması üçün təhsil sisteminin çox böyük rolu var.

– Hər il DİM tərəfindən bir neçə dəfə müxtəlif kateqoriyalar üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilir. Amma bu imtahanlardan keçən hər kəs işlə təmin olunmur. Bəzən bu imtahanlardan keçənlər belə şikayət dilə gətirirlər ki, hər imtahandan sonra uğur qazanan xeyli sayda adam kənarda qalırsa, nəyə görə bu qədər dövlət qulluğuna qəbul imtahanı keçirilir?

– Dövlət qulluğuna qəbul imtahanı hər ay keçirilir. Qanunda da yazılıb ki, hər ay belə sertifikat əldə etmək üçün imtahanlar keçirilməlidir. Sertifikat əldə edən kimsə gedib müsahibədən keçməyə bilər, ancaq elə həmin müsahibədə iştirak edən bir başqası müsahibədən keçir axı. Bir yer elan olunur, hamı da ora sənəd verir. Amma hansısa bir rayonda bir yer elan edilir, heç kim sənəd vermir, o yer boş qalır. Hamı özü üçün konkret nəzərdə tutduğu bir yer istəyir, elə-belə iş yeri axtarmır. Belə baxsaq, iş yeri kifayət qədərdir, müsahibələrdə iştirak edib harasa qəbul olmaq mümkündür. Hansısa nazirliklər, agentliklər elan verəndə konkret tələbləri olur. Müsahibə ilə bağlı elan verəndə o tələbləri də qeyd edirik. Müsahibədə iştirak etmək istəyənlər əvvəlcədən şərtlərlə tanış olub hazırlaşmalıdırlar.

Bu yaxınlarda Dövlət İmtahan Mərkəzinin bölgə mərkəzləri ilə bağlı elan vermişdik. Kifayət qədər sənəd verən var idi. Müsahibələrin aparılmasında özüm də iştirak edirdim. Bir şəxs gəldi, anket göstəriciləri çox yaxşı idi. Ona sual verdik ki, nəyə görə bizim Mərkəzi seçmisiniz, bizim saytımıza baxmısınızmı, nə işlə məşğul olduğumuzu bilirsinizmi? Məlum oldu ki, maraqlanmayıb. Müsahibəyə gəlib, amma nə işlə məşğul olduğumuzu bilmir. Soruşdum ki, bəs nəyə görə bizi seçmisiniz? Dedi ki, özüm seçməmişəm, işsizəm, başqa birinə həvalə etmişdim, o da harada elan varsa, anketimi ora göndərib. Biz bu adamı nə üçün işə götürməliyik? Kimsə deyir ki, iş axtarıram, maaş yüksək olsun, iş yeri rahat olsun, saat 9:00-dan 18:00-dək iş rejimi olsun, hərdən sərbəst gəlib-getmək imkanı versinlər, çünki yaradıcı insanam. O adam çətin ki, özünə iş tapa bilsin. Harasa sənəd verirsinizsə, müsahibələrə gəlməzdən əvvəl o idarə ilə maraqlanın, müsahibə ilə əlaqədar olan tələbləri öyrənin. Deyə bilmərəm ki, hamı belədir, amma bu cür məsuliyyətsiz yanaşanlar da var. Düzdür, müəyyən təşkilatlar var ki, onlar qərəzli yanaşırlar. Onların öz maraqları olur ki, kənardan heç kimi götürməsinlər, özlərində müqavilə ilə işləyən insanları götürsünlər. Bu prosesin qarşısını bir gündə almaq mümkün deyil. Beş ildir ki, bununla məşğul oluruq və yavaş-yavaş bu sahədə durulanma gedir.

– Bir müddət əvvəl açıqlamanızda bildirmişdiniz ki, dövlət qulluğuna qəbulda ciddi dəyişikliklər ediləcək. Bu dəyişikliklər nələrdir?

– İndi imtahanı verib sertifikatı alan adam, misal üçün, qanunvericiliyi bilir, İT sahəsində bilikləri var, məntiqi təfəkkürü inkişaf edib, amma bacarıqları yoxlanmır. Təşkilatlar isə konkret olaraq bacarıqlı insanları axtarır. Ona görə də biz kompetensiya, bacarıq modelinə keçirik. İmtahan verib, sertifikat alıb, bu işə səthi yanaşanlar var, amma artıq imtahanı keçməkdə də çətinlik yaranacaq. Bu imtahanların nə vaxt olacağını hələ dəqiq deyə bilmərəm, indi bu, pilot layihədir, təxminən 2-3 ildən sonra reallaşa bilər. Nazirliklərlə, müxtəlif təşkilatlarla, ekspertlərlə birgə işləyirik. Ümumi konsensus əldə olunandan sonra bunu yuxarı orqanlara təqdim edəcəyik, orada müzakirə olunacaq. Sonra bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək. Qanun qəbul olunandan sonra, təbii ki, biz buna keçəcəyik. Bu istiqamətdə hazırlıqla bağlı Avropa İttifaqı da bizə texniki dəstək verir, işlərimizi aparırıq. Bunun məqsədi odur ki, dövlət qulluğunda daha professional kadrlar işləsin.

– Bir müddət əvvəl bildirmişdiniz ki, lazım olsa, sürücülük imtahanlarını da keçirə bilərsiniz. Bu açıqlamanız çox böyük maraq cəlb etmişdi…

– Bu cavabı yarızarafat vermişdim, bilmirdim ki, belə deməyim canlanma yarada bilər. Bizimlə belə bir müzakirə aparılmayıb. Məndən soruşulanda ki, mümkündürmü, ona cavab vermişəm. Bizə nə tapşırılıbsa, çalışmışıq yerinə yetirək. Bu da tapşırılsa, yerinə yetirə bilərik.

– Sonda imtahan verənlərə çatdırmaq istədiyiniz hansısa sözünüz varmı?

– İmtahanlara məsuliyyətlə yanaşsınlar. İnsan öz hüquqlarını tələb etməzdən əvvəl üzərinə düşən məsuliyyəti dərk etməlidir. Martın 5‑də və 12-də XI siniflər üçün buraxılış imtahanı keçirilir, elan etmişik ki, buraxılış vərəqəsini çap etsinlər. Elə adamlar var ki, hələ də buraxılış vərəqəsini götürməyib, bilmir ki, harada imtahan verəcək. Axırıncı gün götürəcək, imtahan günü heç bilməyəcək ki, hara getməlidir. Dəfələrlə deyirik ki, imtahana telefonla gəlməyin, yenə də telefonla gələnlər olacaq. Yüz dəfə deyirik ki, telefonu imtahana keçirsəniz, nəticəniz ləğv olunacaq, yenə də keçirməyə cəhd göstərənlər tapılır. İnsan özü-özünə hörmət edirsə, ilk növbədə gərək qarşısındakı insana da hörmət eləsin. Həmişə çalışırıq ki, maarifləndirmə işlərini vaxtında aparaq, bütün məlumatları verək, kiminsə real problemi yaranırsa, kömək etməyə çalışırıq. Amma insan özü üçün problem yaradırsa, imtahana bir saat gecikirsə, telefondan istifadə etməyə cəhd göstərirsə, sonra da müraciət edirsə ki, “səhv eləmişəm, bağışlayın”, bu, düzgün deyil. Məsuliyyətli olsanız, qaydalara riayət etsəniz, qarşınızda heç kim dura bilməz. Ali məktəbdə biliyinizə uyğun olaraq yer tutacaqsınız.

Tacxeber.com

Oxşar xəbərlər