• 23 Noyabr 2024 04:08

Psixoloq gecə saatlarında Hacı Şahinin məzarı başında toplaşanlardan danışdı: “Bu, heç də hörmət nümayişi deyil”

 

Bir neçə gündür, insanların tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarı başında mərsiyələr söyləmələri,  “vah Hüseyn” deyərək fəryad etmələri cəmiyyətdə birmənalı qarşılanmayıb. Hacı Şahini sevənlər arasında xüsusən kişilərin hönkürərək ağlamaları bəziləri tərəfindən ifrat varmaq kimi dəyərləndirilir, tənqid edilir. Bildirilir ki, bu, psixoloji zəiflikdən irəli gəlir, insanın insana sitayiş edəcək dərəcədə fanatlığı, onu ölümsüz hesab etməsi doğru deyil.

Tanınmış psixoloq Samirə Bağırova da Pravda.az-a müsahibəsində bildirib ki, ölüm, əsasən də ani ölüm insanlarda psixoloji sarsıntı yaradır: “Xüsusən, rəhmətə gedən insan kütlə tərəfindən sevilmiş-seçilmiş biridirsə… Fanatizm özü psixololoji pozğunluq, həddi aşmış emosional duyğudur. Fanatların real həyatla bağları qırılmış olur. Yunanca “fanaticus” qüssəli, “fanum” müqəddəs yer, məbəd anlamı verir. İnsanların radikal səviyyəyə gətirilən, hər hansı ideyalara, inanclara bağlılığı dözümsüzlüklə birləşir. Bu, psixoemosinal vəziyyət, birinin iradəsinə tabeçilikdir. İnsan digər insana aşırı hiss bəsləyir, ölümünə aşırı coşqu, kontrolsuz həyəcan nümayiş etdirir. İnanc insanın inamıdır, fanatizm isə hisslərin ağlıdır. Ölüm hadisəsi baş verdikdə uzun sürən depresiya, acı çəkmək, uzun müddətli yas reallıqla barışmamaqdır. Bu, heç də ölən birinə hörmət nümayişi deyil. Reallığı qəbullanmamaq psixoloji pozğunluqdur. Sevdiyimiz insanlar və biz bir müddət bir-birimizləyik. Bu da bizdən asılı olmayan qüvvə ilə ölçülür. Hər canlı varlıq üçün ölüm qaçılmaz bir gerçəkdir. Amma insanı digər canlılardan ayıran fərq insanın ölümlü olduğunun fərqində olmasıdır. Mərhum adına olunan dini rituallar, yardımlar ölümə bir anlam yükləmək məqsədi daşıyır. Amma bu aşırı dərəcədə olmamalıdır. Dinimiz nemətlərə şükr etməyi, müsibətlərə səbr və susmağı əmr edir. Bağırıb-çığırmaq, özünə xəsarət qadağandır. İslam dinində üsyani yas tutmaq qeyd olunmur. Peyğəmbərimiz  yüksək səslə ağlamağın mərhumun ruhu üçün sıxıntı olduğunu, matəm saxlamağın doğru olmadığını buyurub. Hacı Şahinə Allahdan rəhmət diləyirəm. Allah onu və onu sevənləri bağışlasın. Müharibə dönəmində şəhid ailələri ilə təmənnasız olaraq çox çalışmışam. Mərhumun ailəsi qədər içdən üzülmək çətindir, amma izlədiyim qədər onun ailəsi üzüldüyü qədər də səbirli və əzmli davranış nümayiş etdirir. Dini qaydalara uyğun olaraq, ölüm son deyil, dünyanı dəyişməkdir. Bu dünyadan hələ kimsə sağ çıxmayıb. Buxari bildirir ki, öləni tərif edərək ağlamaq cahillik adətidir…”

Tacxeber.com

Oxşar xəbərlər