• 22 Noyabr 2024 23:26

“Atam erməni qonşumuza deyirdi ki, Sergey, Zəngəzuru sizdən alacağıq”

 

Yallı cərgəyə düzülərək dəstə ilə ifa olunan kütləvi rəqsdir. Oyun zamanı yallıya kollektivin önündə gedən “yallıbaşı” rəhbərlik edir. Musiqişünas Fəttah Xalıqzadə Moderator.az-a bildirib ki, Qərbi Azərbaycan yallılarına – Zəngəzur, Ağbaba, Dərələyəz, Göyçə yallılarını misal çəkmək olar.

“Ümumiyyətlə yallıların mənşəyi və tarixi çox qədimdir. Bu insanların qədim dünyagörüşü ilə bağlıdır. Zəngəzur yallısının digər yallılardan fərqi etnoqrafik özəlliklərdə ola bilər. Xüsusilə ağır tempdə olan yallılar var, onların sayı azdır. Bu çox ağır yallıdır, nadir halda rast gəlinir. Bundan başqa Qafanda da yallılara rast gəlinib. Bu da lirik rəqslərlə əlaqəlidir. Bu yallıların ritmləri də, hərəkəti də, musiqisi də, hətta rəqs fiqurlarının adları da maraqlıdır. Bundan başqa 2, 3, 4 ayaq yallılar da mövcuddur” deyə musiqişünas deyib.

Xalq artisti Brilliant Dadaşova da atası Süleyman Dadaşovun bəstələdiyi “Zəngəzur yallısı” adlı mahnını ifa edib. Moderator.az-a açıqlama verən sənətkar əsərin yaranma ideyasından danışıb.

“Cənab prezidentimiz Zəngəzurla bağlı məsələni gündəmə gətirəndə atamla bağlı xatirələr göz önümdə canlandı. Yadımdadır ki, erməni əsilli qonşumuz var idi, bizə gələndə atam hər dəfə Zəngəzur yallısını pianoda ifa edirdi. Deyirdi ki, “Sergey mən bu mahnını 50-ci illərdə bəstələmişəm, biz Zəngəzuru əvvəl-axır sizdən alacağıq”. O gedirdi, getdikdən sonra yoldaşı gəlirdi. Sergeyin həyat yoldaşı məndən soruşurdu ki, “sənin atan nə deyibsə mənim yoldaşıma, hər dəfə sizdən gələndən sonra o evdə valeriyan içir”. Sergey atamın üzünə heç nə deməsə də, evdə gedib hirslənib, dərman içirmiş. Atam 50-ci illərdə əgər Zəngəzur yallısı bəstələyibsə, bu deməkdir ki, xalqımızın qanayan yarası, ağrıyan yeri olub. Atam Zəngəzur haqda danışanda, mən heç Zəngəzur sözünü məktəbdə də eşitməmişdim. Xəritədə də harada olduğunu bilmirdim. Məktəbdə də bununla bağlı dərs keçmirdilər. Sən demə 20-ci illərdə Zəngəzuru Azərbaycandan ayırıblar. Bu məsələ gündəmə gələndən sonra şair, professor Vüqar Əhmədə zəng etdim ki, bu bəstəyə söz yazsın. Bu əhvalatı ona da danışdım. Atamın bəstəsinə Vüqar Əhməd şeir yazdı. Şeirin də nəqarətini mən bir az düzəltdim. Orada bu yeri mənim sözlərimdir. “Haqq yerini tapacaqdır, göyərçinim uçacaqdır, qaytararıq yoluna nur, gözəl Zəngəzur”. Fəxr edirəm ki, söz ustadı Vüqar Əhmədin şeirinin yanında mənim misralarım da yer aldı. Ötən il atamın 100 illiyi idi, biz bu mahnını yazdırıb lentə aldıq. İnanıram ki, atamın ruhu şaddır” deyə xalq artisti bildirib.

Xalq artisti bildirib ki, ermənilərlə o illərdə münasibətləri hər zaman yaxşı olub.

“Hətta erməni qadın borş yeməyi bişirəndə məni çağırıb, birinci mənim üçün çəkirdi, sonra öz övladları üçün. Biz onları hər zaman qorumuşuq, zülm etməmişik. Hətta müharibə illərində də onlara kömək etmişik. Qonşularımızı öz ölkələrinə yola salmışıq. Onlar bizim azərbaycanlıları yük qatarı ilə, zülmlə Bakıya qovurdular. Hətta öz gözümün şahidi olmuşam. Hamilə qadını 11 nəfərlə bir maşında göndərmişdilər. Mən dünyanı gəzirəm, bunları təbliğ edirəm. Çünki biz belə millətik. Yaxşılıq etməyi böyüklərimiz bizə öyrədib” deyə sənətkar bildirib.

Tacxeber.com

Oxşar xəbərlər