Bəxtiyar Hacıyev həbs edilən kimi ictimai simalar, siyasətçilər, fəallar onu müdafiə etməyə başladı. Həqiqəti sosial şəbəkələrdən öyrənən sadə adamlar da onlara qoşuldu. Elə bir vəziyyət yarandı ki, bir-iki istisnaları çıxmaq şərti ilə heç kim əks bir fikir deməyə cəsarət etmədi. Çünki virtual kütlə qızışıb onun kimi düşünməyən və bu fikirləri bölüşməyən adama ağzına-gözünə gələni deyəcək, ölülərini, dirilərini ağ yuyub qara sərəcəkdi. İctimai rəy liderləri psixoloji terrorçu, bolşevik zehniyyəti ilə heç nəyi mübahisələndirməyə imkan vermədən özlərini həqiqət elan etdi və bu həqiqətin adını da demokratiya qoydu.
Mən isə baxdım, izlədim, mümkün qədər kənar qalmağa çalışdım. Yazdılar ki, Bəxtiyar zülm çəkir, niyə dinmirsən? Ən səmimi hesab etdiyim adamlar da məni qınadı ki, niyə Bəxtiyardan az-az paylaşım edirsən? Dedim, qardaşlar, etməyin, eləməyin. Valla, bu işin içində oyun var. Soruşdular ki, nə bilirsən? Dedim, hiss eləyirəm ki, bu müdafiədə rol ifa edənlər var, bir də küyə düşənlər. Nolsun ki, tərəkəmə balasıyam? Nolsun ki, siyasəti bilmirəm? Fəhmim var, duyumum var, iy bilmlə qabiliyyətim var. Əvəz Zeynallıdan söz düşəndə ortada heç bir fakt, sübut olmadan deyirsiniz ki, onun hökumətlə əlaqələri olub, həlləmqəlləm adamdır. Deyirsiniz ki, Əvəz bizim adam ola bilməz! Ancaq Bəxtiyar Hacıyevin Kəmaləddin Heydərovla əlaqələrini sübut edən səs yazıları yayılır, deyirsiniz ki, Bəxtiyar bizim adamdır. Belə çıxır ki, Kəmaləddin də sizin adamdır? Və yaxud, siz də Kəmaləddinin adamısınız? Belə çıxır ki, Kəmaləddinin bağlı olduğu yer də sizin adamdır? Axı burada oyun var, məni niyə gic yerinə qoymusunuz?
Etiraf edirəm ki, toplumun reaksiyasından qorxub bildiklərimi yazmadım, susub qaldım. Elə orda-burda danışıb özümü sakitləşdirməklə kifayətləndim. Dedim, dəli ilə dəli olmayım. Ağılsızla mübahisəyə getməyim. Havayı yerə özümü də, yaradıcılığımı da belə boş-boş söhbətlərin içərisində xərcləyib bitirməyim. Əksinə, kültənin basqısından mən də məcbur qalıb az da olsa müdafiəyə qoşuldum, küyə düşənlərdən oldum. Dedilər, bəs niyə məhkəməsinə də getmirsən? Belə yazıçı olar? Bir qələmim var. Onun itirməyin qorxusundan məhkəməyə də getdim. Dedim, azadlıq! Dincəldilər? Yox! Bu səfər başladılar ki, azadlıq sözünü niyə yavaş deyirsən? Dedim, adam içəridən məktub yazır ki, məmurlarla islahata gedibmiş. Bu islahatların nəticəsində bir klana qoşulub o biri klanı vurmağa başlayıbmış. İllərin siyasətçiləri, naşirləri, fəalları, salam verdiyim adamlar qışqırdılar ki, sənə düşünmək olmaz, gözünü yum, ancaq azadlıq qışqır.
Bəxtiyar aclıq etməyə başladı. Aclıq 50 gün çəkdi. Özümə də maraqlı gəlirdi ki, bir gün əyləncəsiz dayana bilməyən adam 50 gün necə ac qalır? İstədim yazam ki, Bəxtiyar 50 gündür əyləncə ilə məşğul olmur. Ölməyə qoymayaq! Dedim, lənət şeytana! Onsuz da yavaş-yavaş cəmiyyətin özü deməyə başlayıb ki, bu qədər olmaz. Mən düşündükcə, kələfin ucunu axtarmağa çalışdıqca yoldaşlar deyirdi ki, sənə düşünmək olmaz, ancaq azadlıq qışqır, azadlıq bağır. Deyirəm, qardaş, valla, mən bilmirəm, amma fəhmimlə hiss eləyirəm ki, xalqa yalan danışıram. Gedib şəhid general Polad Həşimovun anasını işə qoşurlar. Anadır. Hamımızın anası var. Övlad itirib. Dedim, onun övlad acısından bu məsələdə kampaniya kimi istifadə eləmək olmaz! Xeyri olmadı. Söhbət Elman Nəsirov kimi əyilə-əyilə davam elədi. Sonra məlum yazışmalar üzə çıxdı və bəzi fəallar Bəxtiyarı söyməyə başladı, onu müdafiə etdiklərinə görə camaatdan üzr istədilər.
İndi mən nə deyim? Deyim ki, düz eləmisiniz? Deyim ki, bilmirdiniz? Deyim ki, xəbəriniz yox idi? Axı bütün bunların hamısından lap əvvəlcədən xəbəriniz var idi. Mən bilirdimsə, illərin siyasətçiləri, illərin fəalları bunu bilməyə bilərdimi? Bəxtiyarın artıq hamımıza məlum olan zəif tərəflərini bilə-bilə onu müdafiə edirdilər. Niyə? Çünki həmin zəiflikləri səhər onun başına qaxmaq, özündən asılı vəziyyətə gətirmək lazım idi. Digər qism isə Bəxtiyarın beynəlxalq təşkilatlara, səfirliklərə verdiyi referanslara adını salmaq, imkanlarından istifadə etmək üçün onu müdafiə etməkdə israrlı idilər. Yadıma gəlir ki, mən milli dövlətçilikdən bircə cümlə yazdığıma görə Altay Göyüşov və onun kimilər üstümə dartınırdı ki, milli dövlətçilik Qərb dəyərlərinə ziddir. İndi Bəxtiyar Qərb dəyərlərini də, demokratiyanı da, müxalifətçiliyi də elə bir hala gətirib ki, Lukaşenko toplum üçün daha cəlbedici görünür. Son illər ictimai-siyasi həyatda Qərb dəyərlərinə Bəxtiyarın vurduğu zərbədən daha böyük zərbə vuran olubmu? Sual verirəm. Bəs Qərb təəssübkeşi idiniz. Niyə susmusunuz? Azərbaycan xalqının gözündə Corc Vaşinqtondan tutmuş Lüterə, Volterə, Con Loka qədər hamı bu dəqiqə Bəxtiyarın prinsipsizliyi ilə assosasiya olunur. Caspian Plaza və onun fövqəl gücü ictimai rəydə Qərbə elə bir qol vurdu ki, qapıçıların hamısı susmaq orucu tutub. Siz indi azad adamsınız? İsrarla müdafiə etdiyiniz adamın cəmiyyətə məlum olmayan tərəfləri üzə çıxandan sonra niyə bu barədə nəsə demirsiniz? Bəs sabah başqa bir adamı müdafiə edəndə insanlar sizi necə ciddiyə alacaq? Axı biz də bu ölkədə yaşayırıq və həqiqətən azad adamların hansı məhrumiyyətlər içərisində yaşadığını hamımız yaxşı bilirik.
Heç kimi ittiham etməyəcəm. Sadəcə, sual verirəm. Siz doğrudanmı müdafiə etdiyiniz şəxsin idealist olmadığını bilmirdiniz? Müdafiədə israrlı görünənlər bilmirdilər ki, qadın Bəxtiyar üçün əşya ilə müqayisə olunacaq səviyyədə aşağılıq bir məxluqdur? Bəxtiyarın məmurlarla dost olduğunu, məmurlarla oturub-durduğu, klan savaşına girdiyini doğrudanmı bilmirdiniz? Axı bu barədə özü həbsxanadan ictimaiyyətə ünvanladığı məktubunda da yazmışdı. Müsavat TV-nin canlı yayımına zəng edib korropsioner qohumu Vilyam Hacıyevin üstündə Sevinc Telmanqızı ilə dil-dil ötdüyünü də görməmişdiniz? Bu sualları elə-belə vermirəm. Çünki Bəxtiyar məsələsi ilə toplumun bütün problemləri üzə çıxdı. Çünki qırmızı-qırmızı bir-birinin üzünə yalan danışıb, üzdə guya müttəfiq olan, ancaq bir-birinin arxasınca ən iyrənc sözlər danışan adamlar hələ də siyasətdədirlər. Sonra da deyirlər ki, xalq qorxub bizi dəstəkləmir. Xalq qorxmur. Xalq tanıyır. Ona görə də inanmır. Bəs bu saxta mütəşəkkilliyi nəyə borcluyuq? Hansı stimul adamları Bəxtiyarla bağlı realda bir cür, virtualda başqa cür danışdıra bilər? Və ya hansı maraq insanı fərdi söhbətlərdə Bəxtiyarın əleyhinə, ictimai söhbətlərdə lehinə danışdıra bilər?
Sual verə bilərsiniz ki, Kəramət, bəs sən niyə demirdin? Bütün bunları mən bir ay əvvəl desəydim, axı məni Hafiz Hacıyev çıxaracaqdınız. Axı deyəcəkdiniz ki, Kəramət hökumətə satılıb, mənə trol deyəcəkdiniz, ölümü-dirimi qoymayacaqdınız. Azərbaycan xalqının bir az tanımış sadə nümayəndəsi olaraq sizdən qorxub demirdim. Etiraf edirəm ki, bu çevrələr məni də psixoloji əsarətlərinə salıblar. Hərdən elə hala gəlirəm ki, profilimi yerli-dibli silib kəndimizə getmək istəyirəm.
Valla, belə olmaz! Ən əvvəl söyüşü, təhqiri yığışdırmaq lazımdır. Müzakirə mədəniyyəti yaratmaq lazımdır. Onda hamının hər şeydən xəbəri olacaq, heç kim aldanmayacaq, heç kim qurban olmayacaq. Məhz belə olduğumuz üçün Bəxtiyarlar bizi dolaya biləcəklərinə əmindirlər. Hakimiyyətlə mübarizə aparmaq heç bir məsuliyyət daşımadan ağlına gələni etməyə haqq qazandıra bilməz. Yaxud, hökuməti sərt şəkildə tənqid edirsən deyə sənə demokrat demək məcburiyyətində deyilik. Bu zehniyyətdə olan adamlar təəssüf ki, hələ də var. Əgər hakimiyyətlə mübarizə aparırsansa, başa düşməlisən ki, onun əlində resurs var, gücü var, texnologiyası var, topu var, topxanası var. Sənin isə heç olmasa vicdanın, əxlaqın, dürüstlüyün olmalıdır, ya yox? Bu da yoxdursa, bəs ortalıqda nə gəzirsən? İnsanların niyə vaxtını alırsan, niyə aldadırsan, bütün ölkəni niyə sənlə məşğul olmağa vadar edirsən? Yazışmalardan xəbərsiz olsaydıq, Bəxtiyar zehniyyəti hakimiyyətə gəlsəydi, bu gün hökumətin təqib etdiyi siyasi partiyaların qapısını qayırmazdımı?
Həqiqəti eşitmək istəməyən toplumun qarşısında vicdanlı insanlar həmişə susacaq. O insanları isə təkcə hakimiyyət yox, həm də xalqın senzurası qismində çıxış edənlər susdurub. Toplumu elə bir hala gətirmisiniz ki, insanlar acı həqiqətləri özünün vicdanlı adamlarının dilindən eşidəndə onu satqın çıxarır, görəndə isə mat qalır. İndi gəlin düşünək. Vicdanlı insanlarını psixoloji qorxu altında saxlayan çevrə, siyasətçilər, ictimai simalar, fəallar bu addımları ilə əslində, hakimiyyətin informasiyasını legitimləşdirməklə məşğul olmurmu? Yəni niyə imkan vermirsiniz ki, hamı haqqında real, həqiqi informasiyanı vaxtı gələndə açılan teleqram kanalı yox, bəri başdan, məsələn, mən deyim?
İndi əsas məsələyə, yəni bu sifətlərin vicdanlı insanları susdurmaq əzmi, özlərinin yaratdığı çevrəni əllərində saxlayıb qaralama vasitəsi kimi istifadə etmək imkanlarına gələk. Onların bunu etmək üçün gücü nədədir? Niyə geydirmə ictimai fəallar, siyasətçilər, jurnalistlər ölkə siyasətini məişət söhbətlərinə, vitrual seks müzakirəsinə, küçə səviyyəsinə endirə bilib? Çünki bunların əlində referans vermək, siyahı təqdim etmək, Azərbaycanda guya real və irreal ictimai-siyasi fəalları müəyyən etmək hüququ var. Bu hüququ onlara kim verib, bilmirəm. Amma səfirliklərin, beynəxlaq təşkilatların Azərbaycanla bağlı bütün diqqətini, hadisələrin gedişini və kimlərin ciddi olub-olmadığını, kimlərlə partnyorluq etmələrini, hətta kimlərə salam vermələrini belə bu adamlar – Bəxtiyarlar müəyyənləşdirir. Ona görə də əgər xaricə getmək, xaricdə oxumaq istəyən bir qız varsa, onların bir qismi mütləq Bəxtiyarın əlindən keçməlidir. Bəxtiyar ümumiləşmiş addır. Əslində, bunların çoxu belədir. Ona görə də bunların özünün trol dəstəsi, bütün əxlaqsızlıqlarına, riyakarlıqlarına, ikiüzlülüklərinə heç vaxt sorğulamadan itaət edəcək adamları var.
Başıboş adamın məqsədi nə olar? Guya siyasi fəal, təqibə məruz qalmış jurnalist olub xaricə getmək! Bu əlçatmaz xəyalı gerçəkləşdirməyin yolu da Bəxtiyarların sosial şəbəkələrdəki istənilən cür həqiqəti deyəcək adamlara psixoloji terror tətbiq etmələridir. Bu cür adamların oyuncağına çevrilən Qərb intitutlarına vicdanlı insanların səsi, mənim əlim çatmır, amma Bəxtiyarın çatır. O Qərb institutları demokratiya, insan haqları, bərabər rəqabətlilik bir tərəfə, təmsil etdiyi ölkələrin öz xalqlarının vergisini Bəxtiyarların bazlığına sərf edirlər. Buna görə də Qərbin Azərbaycanda nüfuzu yerlə birdir.
Bəxtiyar hardan cəsarət alıb? Sizcə, bütün bu əməlləri törədən, xalqa qırmızı-qırmızı yalan danışan, klanlararası oyunda rol alan, İTV-yə çıxan, qız, gəlin, siyasi fəal, aktivist, yaxın və uzaq ətraf qoymayan, telefonunda şəkil, yazışma, skrin toplayan və üstəlik də ifşa olunmaqdan qorxmayıb ölkənin Daxili İşlər Nazirliyinə ağzına-gözünə görünəni demək cəsarətini hardan almaq olar? Demokratik ölkədə yaşayırıq? Qida, stimul, təkan olmadan bunu etmək mümkündür? O zaman növbəti sual ortaya çıxır? Məqsəd nə idi?
Hamı yaxşı bilir ki, Bəxtiyar litseydə oxuyub. Seçilən tələbə olub. O vaxtkı litseylərin də böyük şəbəkəsi var idi. Buraxılan nöqtə isə budur ki, Bəxtiyarın mənsub olduğu məlum şəbəkə seks kompramatlar, materiallar toplamaqla məşhur olan bir çevrədir. Və həmin çevrə həm də bu üsullardan istifadə edib Türkiyədə dövlət çevrilişinə cəhd etmişdi.
Mən Bəxtiyara azadlıq arzulayıram. Amma əvvəlcə onu tanımadan inanan sadə insanlardan, Azərbaycan xalqından üzr istəsin. Və azadlığa çıxmağını gözləmədən ömründə heç olmasa bir dəfə səmimi olub etdiyi hərəkətlərdən peşiman olduğunu göstərib ictimai-siyasi həyatdan birdəfəlik getsin. Bundan sonra Bəxtiyarın Azərbaycan xalqı qarşısında göstərə biləcəyi yeganə xidmət budur: Xalqı aldadanların ictimai-siyasi həyatdan getmək ənənəsini başlamaq! Amma bütün bu baş verənlərə baxmayaraq Bəxtiyar Hacıyevi müdafiə etməkdə israrlı olanların komanda işi, müətəşşəkkiliyi göstərir ki, Bəxtiyarın da, onların da cəmiyyətdən üzr istəmək deyə bir niyyətləri yoxdur.