• 23 Noyabr 2024 07:31

Deputatlar da Oksanadan danışdılar – “Molla gətirin, nağıllar oxusun”

Deputatlar da Oksanadan danışdılar - “Molla gətirin, nağıllar oxusun”

 

Tanınmış rəqqasə və aktrisa Oksana Rəsulovanın “Naxçıvan” Universitetinə dəvət olunması və orada mühazirə söyləməsi tənqidlərə tuş gəlib. Sosial şəbələrdə geniş müzakirə açan tənqidçilər ali təhsil ocağının rəhbərliyini hədəf alaraq, rəqqasənin tələbələr qarşısına çıxarılmasının qəbuledilməz olduğunu söyləyiblər.

Məlumat üçün bildirək ki, universitetdə çıxışı zamanı həyat və iş təcrübələrini tələbələrlə bölüşən Oksana ixtisasının həkimlik olduğunu deyib:

“Rusiyada Tibb Akademiyasını bitirmişəm, orada altı il təhsil almışam. Sonra dəri-zöhrəvi xəstəlikləri ixtisası üzrə təhsilimi davam etdirmişəm. İki diplomum var. Anamın ən böyük arzusu həkim olmağım idi. Hər şeydə bir xeyir var. Həkim olmaqdan əvvəl incəsənətlə məşğul olmaq istəyirdim. Sadəcə, elə oldu ki, istəyim baş tutmadı. Xəyallarımın gərçəkləşməsi üçün zamana ehtiyacım var idi. Zamanla aktrisa kimi fəaliyyət göstərməyə başladım. Hazırda isə blogerliyə üstünlük verirəm”.

Tələbələrin “bloger kimdir” sualına O.Rəsulova belə cavab verib:

“Azərbaycanda son zamanlar blog mədəniyyəti geniş yayılıb. Blogerlər texnologiya, moda, səyahət, siyasət, sağlamlıq, həyat tərzi və incəsənət kimi bir çox mövzuda rəhbərlik edəcək yaradıcı fikirlərə sahib olan və maraqlandığı mövzularla əlaqəli internetdə maraqlı və orijinal məzmun istehsal edən və yayımlayan insanlardır. Hazırda mən incəsənət sahəsində blogerlik edirəm. Məzmun vermək istədiyim mövzuları araşdırır və hədəf auditoriyası üçün cəlbedici etmək üçün yayımlayıram. Təbii ki, bir bloger olmaq üçün gündəmi və texnologiyanı başa düşmək, eyni zamanda məzmunu yeniləmək lazımdır. Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.

Universitetin açıqlamasında bildirilib ki, blogerlik sahəsində qarşılaşdığı çətinliklərdən danışan O. Rəsulova öz təcrübələrini və məsləhətlərini də gənclərlə bölüşüb, tələbələrin mövzu üzrə suallarına cavab verib.

Tanınmış aktrisa ilə bağlı müzakirələrə Milli Məclisin deputatları da münasibət bildiriblər.

Deputat Fazil Mustafa bununla bağlı feysbuk hesabında yazıb: “Universitetdə rəqqasənin mühazirə oxumasını niyə təəccüblə qarşılayırsınız? Heç olmazsa, hərəkətin, dinamikanın sirlərini aşılayır gənclərə. Xoşlamırsınızsa, universitetlərə molla gətirin, elmi nağıllar oxusun. Ahəstə-ahəstə yuxulatsın gənclərimizi”.

Parlamentari Etibar Əliyev isə vurğulayıb ki, belə görüşün olması universitet rəhbərinin təfəkkürünün problemidir.

“Niyə Naxçıvana alimlər, incəsənət xadimləri, yazıçılar dəvət olunmur, Oksana dəvət olunur? Bu, rektora xas olmayan təfəkkürdür. Oksananın sənətinin universitetə heç bir aidiyyəti yoxdur. Universitetə elə adamlar dəvət olunur ki, dünya görüşünün, peşəsinin universitetlə əlaqəsi olsun. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində belə bir peşə varsa, həmin ixtisas tədris olunursa, ən yaxşı halda, Oksana həmin tələbələrlə söhbət edə bilər. Universitet ciddi məkandır. Universitetlər ölkələrin kadr potensialını formalaşdırır. İnsan universitetdə tərbiyə olunur. Burada ciddi söhbətlər aparılmalıdır. Təəssüf ki, bəzi rektorlar bunu anlamırlar”, – deyə deputat iradlarını bildirib.

Deputat Ceyhun Məmmədov hesab edir ki, məsələyə istehza ilə yanaşılmasına, bu istiqamətdə spekulasiyaların yaradılmasına ehtiyac yoxdur:

“Rəqqasə ilə bağlı müxtəlif düşüncə və yanaşmalar ola bilər. Amma biz zaman-zaman mətbuatda da onunla bağlı müəyyən müzakirələrin aparılmasının şahidi olmşuq. Sırf bu hadisəyə görə universitetin hədəfə alınması, aşağılanması doğru deyil. Hazırkı rektorun yeni olduğunu nəzərə almaq lazımdır. Onu tanıyan insanlar, fəaliyyəti ilə yaxından tanış olanlar haqqında müsbət fikirlər söyləyirlər. Rəqqasənin də belə bir təklifi olub. Bu təklif normal qarşılanıb və görüşün təşkilinə icazə verilib. Bu görüşdə tələbələrə müəyyən məlumat və biliklər verilib. Təəssüf edirəm ki, insanların ağlına daha çox mənfi fikirlər gəlir. Bu formada məsələyə yanaşılması kökündən yanlışdır. Biz bu cür düşüncə və yanaşmalarda diqqətli olmalıyıq. Bu gün Naxçıvan Muxtar Respublikasında islahatlar həyata keçirilir. Məsələnin belə şişirdilib, geniş müzakirəyə səbəb olması təəssüf doğurur. Hətta kimlərsə düşünə bilər ki, universitet belə bir qərarın verilməsində səhvə yol verib. Bütün hallarda təhsil ocağının hədəfə alınıb, ələ salınması düzgün deyil. Cəmiyyət belə məsələlərdə diqqətli olmalıdır”./Modern.az

Tacxeber.com

Oxşar xəbərlər