• 23 Noyabr 2024 04:39

Ukraynalı hərbçi toyuna tankla gəldi

 

Ukrayna Silahlı Qüvvələrinin əsgəri öz toyuna çata bilmək üçün tankla getməli olub.

Bizimyol.info xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb. Bildirilir ki, hazırda Baxmut istiqamətində döyüşən Ukrayna müdafiəçisi Bohdan sevdiyi xanımla Çerkassıda evlənə bilmək üçün cəbhə xəttindən oraya min bir çətinliklə yollanmalı olub. Mərasimə vaxtında çata bilmək üçün isə həmkarları onu tankda gətiriblər.

Məlumat üçün bildirək ki, toy martın 11-də baş tutub. Qeyd edilir ki, şənlik demək olar ki, son anda təşkil edilib, çünki gəlin son bir neçə günə qədər sevgilisinin cəbhədən gələ bilməyəcəyinə inana bilməyib.

Gəlin İnnanın sözlərinə görə, şənliyə hazırlaşmaq təxminən bir həftə çəkib. O etiraf edib ki, toydan əvvəl çox narahatlıq keçirib, amma nişanlısı, əksinə, daha sakit olub. Ukraynalı hərbçi Bohdan isə açıqlaması zamanı bildirib ki, Baxmutdan Çerkassıya gedən yolda çox fərqli emosiyalar yaşayıb və indi sevgilisi ilə evlənə bildiyi üçün çox xoşbəxtdir.

Döyüşçünün sözlərinə görə, hava pis olduğundan və maşınla keçmək mümkün olmadığından onu döyüş meydanından tankla keçiriblər. “Baxmutdan gəlmişəm. Gələcəyimə əmin deyildim, çünki orada vəziyyət çox ağırdır. Yalnız bir yol salamat qaldığından yola çıxmaqda problem yarandı. Maşında ilişib qaldıq. 93-cü briqadadan olan dostlarım məni tanka mindirib sahənin o tayından çıxardılar. Sonra başqa hərbçi dostlar məni götürdülər. Orada bütün keçidlər qırılıb, yollar dağılıb. Demək olar ki, iki gün sürdüm və buraya gəlib çata bildim”, – deyə əsgər bildirib.

Əlavə edək ki, yeni evlənənlər gələcək üçün qlobal planlar qurmasalar da, yaxın günlərdə cütlük dar bir qohum və dost çevrəsində toyu qeyd edəcəklər. 10 gündən sonra isə döyüşçü cəbhə xəttinə qayıtmalıdır.

Xatırladaq ki, Ukrayna Ədliyyə Nazirliyi hərbi vəziyyət dövründə nikahın bağlanmasını sadələşdirib. İndi bunu “Zoom” proqramı vasitəsilə bir gündə və uzaqdan etmək olar.

Tacxeber.com

Oxşar xəbərlər