• 22 Noyabr 2024 18:23

Seymur Talıbov ölkəni niyə tərk edib? – Universitetdəki yoxlamaların pərdəarxası

 

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və yaxın ətrafının başı üzərindəki “qara bulud”lar hələ çəkilməyib. Ötən il dekabrın 21-də könüllü şəkildə vəzifəsindən istefa verən Naxçıvan “xan”ı onu və ailə üzvlərini gözləyən təhlükəni tam dəf edə bilməyib.

Tacxeber.com xəbər verir ki, Vasif Talıbov mandatını və azadlığını qoruya bilsə də, ailə üzvləri bu təhlükədən tam olaraq sığortalanmayıblar. Atasından əvvəl tutduğu vəzifədən könüllü şəkildə imtina edən Seymur Talıbovun həbs təhlükəsi ilə üzləşdiyi bildirildi.

Qeyd edək ki, Talıbovların süqutuna kimi Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor postunu tutan Seymur Talıbov bir müddət əvvəl ölkəni tərk edib. Sabiq prorektorun Dubayda olduğuna dair məlumatlar var. Yaxın ətrafı gənc Talıbovun ailə biznesini idarə etmək üçün Dubaya yollandığını bildirsə də, bunun əksini iddia edənlər də var.

Vasif Talıbovun “vurulmasından” sonra ailənin düşdüyü situasiyanı göz önündə canlandıran bəzi müşahidəçilər Seymur Talıbovun Dubaya işgüzar məqsədlə səfər etdiyinə inanmırlar. Onların qənaətinə görə Talıbovların sonbeşiyi olan Seymur gələcək təhlükədən yayınmaq üçün Dubaya qaçmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, Hesablama Palatası martın 14-də Naxçıvan Dövlət Universitetində yoxlamalara başlayıb. Qurumun ciddi pozuntular aşkarlayacağı heç kimdə şübhə doğurmur.

Naxçıvan hakimiyyətində təmsil olunan vəzifəli şəxslərdən biri saytımıza açıqlamasında deyib ki, universitetdə yoxlamaların aparılacağı ilə bağlı Seymur Talıbovdan əvvəldən məlumat olub. Hesablama Palatası onun bir çox qanunsuz əməllərinin üstünü açacağını başa düşən keçmiş prorektor vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görüb.

Mənbə Seymur Talıbovun taleyi ilə bağlı qərarın yoxlamalar başa çatdıqdan sonra veriləcəyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər