Avstriya markası olan “Red Bull” şirkəti “Qarabağ”ın 20 yaşlı hücumçu Musa Qurbanlını rəsmi olaraq qlobal atletləri sırasına daxil edib.
Tacxəbər Sportinfo.az-a istinadən xəbər verir ki, razılaşmaya əsasən gənc futbolçu bundan sonra “Red Bull” markasının ambassadoru və siması olacaq.
Artıq uzun müddətdir ki, qlobal marka olan “Red Bull” 20 yaşlı hücumçunun fəaliyyəti ilə maraqlanır və onun inkişafını izləyirdi.
Musa Qurbanlının gənc yaşında qazandığı uğurlar və əzmkarlığı, “Red Bull”un idmançıları tam potensiallarına çatmaq üçün ruhlandırmaq və gücləndirmək missiyası ilə üst-üstə düşür.
Bu səbəbdən də uzun sürən danışıqlardan sonra 20 yaşlı hücumçu artıq “Red Bull” markasının qlobal idmançılarından biri elan olundu.
Musa Qurbanlı “Red Bull”u təmsil etməkdən şad olduğunu bildirib:
“Bütün dünyada “Red Bull” markasının idmançılar üçün etdiyinini izləyirəm. Red Bull-un brend dəyərlərini təmsil etməkdən çox şadam”.
“Qarabağ”n hücumçusu Musa Qurbanlı artıq “Red Bull” idmançısı kimi növbəti oyunlarda çıxış edəcək.
“Red Bull” markasının bütün dünyada 850-dən çox idmançısı var. Müxtəlif ölkələrdən olan idmançılar fərqli idman sahələrini təmsil edirlər. Böyük Britaniya, ABŞ, Belçika, İspaniya, Almaniya, Fransa, Türkiyə, Braziliya və digərləri bu ölkələr sırasındadır.
İdmançılar arasında dünyaca məşhur Braziliyalı futbolçu Neymarın, Formula 1 pilotu, dünya çempionu Maks Verstappen və Serxio Peresin, dünyaca məşhur driftçi, adını Ginnesin Rekordlar Kitabına yazdırmış Abdo Feqalinin, Liverpul klubunun müdafiəçisi Tren Arnoldun, hündürlükdən paraşütlə tullanmaqla eyni anda 3 dünya rekordu qırmağı bacaran Avstriyalı Feliks Baumqartnerin və bir çoxlarının adını qeyd etmək olar.
Bu idmançıların hər birinin fəaliyyətində və inkişafında “Red Bull” bir marka olaraq dəstək göstərir və idmançının hər zaman yanında olur.