• 23 Noyabr 2024 05:34

ABŞ banan ölkəsi səviyyəsinə enib – Tramp

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünü ABŞ tarixinin “ən günahsız adamı” hesab edir.

Tacxeber.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Vako şəhərində (Texas) tərəfdaşlarının mitinqində bildirib.

Sabiq dövlət başçısının sözlərinə görə, ittiham tərəfinin nümayəndələri onunla bağlı 11 milyon səhifəlik müxtəlif sənədləri araşdırandan sonra belə, barəsində heç nə tapa bilməyiblər. “Bu, yəqin ki, məni ölkəmizin tarixində ən günahsız insan edir” , – Tramp vurğulayıb.

Siyasətçi maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı ona qarşı aparılan istintaqın heç bir əsası olmadığını açıqlayıb. O, qeyd edib ki, Amerika Birləşmiş Ştatları indiki administrasiya dövründə “banan ölkəsi” səviyyəsinə enib. “Banan ölkəsi – belə olduq. Ölkəmizin belə olmasına dözməyəcəyik”, – o bildirib.

Tramp xüsusən də ölkənin sərhədlərinin, səsvermə sisteminin və hüquq-mühafizə orqanlarının siyasi silaha çevrilməsində problemlərinə diqqət çəkib və əlavə edib ki, gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, ədalət sisteminə zərər verən cinayətkarlar məğlub olacaq və çaşqınlıq içində qalacaqlar:

“2024-cü ildə seçkilərdə qalib gələ bilməsək, ölkəmiz məhvə məhkumdur”.

ABŞ-ın keçmiş prezidenti Rusiya və Çin liderləri Vladimir Putin ilə Si Cinpin arasında Moskvada keçirilən danışıqları da yüksək qiymətləndirib. O, bildirib ki, dövlət başçıları növbəti əsrin dünya nizamını müzakirə ediblər.

Texas ştatında tərəfdarları qarşısında çıxış edən siyasətçi vurğulayıb ki, “Gördünüz ki, prezident Si ağıllıdır, həmçinin prezident Putin ağıllı, çox ağıllı insandır, onlar gələcək yüz il ərzində dünya nizamını müzakirə edir”.

Tramp həmçinin əlavə edib ki, Moskva və Pekin hazırda birləşib.

Xatırladaq ki, martın 20-də Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiyaya üç günlük səfərə gəlib. Danışıqların yekunu üzrə dövlət başçıları iki birgə sənəd – iqtisadi əməkdaşlıq planları haqqında bəyanat və tərəfdaşlığın dərinləşdirilməsi planları haqqında saziş imzalayıblar.

Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin Rusiya ilə Çin arasında münasibətlərin hərbi-siyasi ittifaq olmadığını və üçüncü ölkələrə qarşı yönəlmədiyini vurğulayıblar.

Tacxeber.com

Oxşar xəbərlər