• 26 Noyabr 2024 11:48

Azərbaycanda qadınlara əlavə məzuniyyət verilə bilərmi?

 

Qadınlara menstruasiya zamanı işdən icazə verilməsi fikri zaman-zaman cəmiyyətdə müzakirə olunub və heç də birmənalı qarşılanmayıb. Lakin fakt budur ki, dünyada qadın işçilərin böyük əksəriyyəti bu dövrdə müntəzəm ağrı yaşayır.

Yaponiya, İndoneziya, Tayvan, Cənubi Koreya və Çinin bir neçə əyaləti də daxil olmaqla bəzi Asiya ölkələrində bu müddət ərzində qadınların müəyyən günlərdə evdə qalmaq icazəsi var. Bu icazədən isə çox az qadın yararlanır.

Bəs qadın işçilərə dəstək olmaq üçün işəgötürənlər nə edə bilərlər? Bu icazə Azərbaycanda da ola bilərmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Gülnar Orucova bildirib ki, cəmiyyətdə menstruasiyanın murdar, utandırıcı və narahatedici olması fikri var və insanlar bu haqda danışanı belə qınaq atəşinə tuturlar: “Bu cür icazə başqa dövlətlərdə var, amma bizdə yoxdur. Ümumiyyətlə, bizdə menstruasiya sözünü işlətmək belə ayıb sayılır. Yaxud narahatlığını ifadə etdikdə, aqressiyanın səbəbini dedikdə, ağrının olduğunu bildirdikdə insanlar sənə qəribə baxırlar, sanki baxışları ilə “Niyə utanmırsan?!” deyirlər. Ancaq menstruasiya zamanı şiddətli ağrılar olur, bu ağrılar bəzən bel, bəzən ayaq, bəzən də qarın bölgəmizdə yaranır. Təbii ki, insanın canı ağrıyanda əhval-ruhiyyəsi pozulur, diskomfort olur. Buna görə insanda aqressiya formalaşır və həmin aqressiyanı ətrafındakılara yönəldir, buna görə müəyyən dövlətlər bunları nəzərə alaraq qadınlara bir neçə günlük məzuniyyət verir. Hətta bəzi ölkələrdə analara analıq məzuniyyəti verildiyi kimi, atalara da atalıq məzuniyyəti verilir. Bu Azərbaycanda yoxdur, lakin fikrimcə, olması mütləqdir.

Bəzən biz həqiqətən xəstələnirik, gedib həkimdən xəstəlik haqqında arayış alırıq, bu arayışı alanda belə, sanki xəstə deyilmişik, işdən yayınmaq üçün alırıqmışıq kimi münasibət görürük. Həkim az qalır sual versin ki, doğurdan xəstəsiniz, ya işə getməmək üçün bülleten açdırırsınız?”

Psixoloq bu icazənin Azərbaycanda yaxın illərdə tətbiq olunmasına inanmadığını qeyd edib: “Açığı, uzun illər ərzində qadınlara menstruasiya dövründə işdən məzuniyyət veriləcəyi haqda qaydanın Azərbaycana gələcəyinə inanmıram. Bilirsiniz, bu çətinlik qadın üçün 3, maksimum 5 gün davam edir, həmin günlər ona icazə verə bilərik, bu da hər ay olmaq məcburiyyətində deyil. Yaxud icazə vermək istəmiriksə, işçinin illik məzuniyyət haqqı var, ondan istənilən vaxt istifadə etməsinə şərait yaratmalıyıq. Bəzi özəl şirkətlər buna şərait yaratsa da, dövlət müəssisələri icazə vermir.

Gəlin görək, qadınlarda menstruasiya dövründə nə baş verir, onlarda bu dövrdə hormonların təsirindən cinsi istək arta bilir, bundan əlavə, fərqli qidalara meyllilik artır, həddən artıq iştah, yaxud iştahsızlıq olur, bölgəsəl ağrılar olur, bu dönəmdə insan daha həssas olur, daha tez əsəbləşməyə meyilli olur və s. Avropa bütün bunları nəzərə alıb, çünki orda humanizm prinsipi daha çox çalışır. Humanizm prinsipi əsasında orada insanlara dəyər, hörmət daha çox aşılanır, biz isə təəssüflər olsun ki, millət olaraq Avropadan yaxşı şeyləri götürmürük, Avropadan yalnız çır-çılpaq geyimləri, düzgün olmayan həyat tərzini, yaxud LGBT üzvlərinin davranışlarını götürürük. Biz daha çox Avropanın pis tərəfinə meyllənmişik”.

Tacxeber.com

Oxşar xəbərlər