Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin ölkəsinin Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini bildirib.
Tacxeber.com xəbər verir ki, Rusiya dövlət mediasının məlumatına görə, Putin bu addımın nüvə silahlarının yayılmasının qarşısını alan müqavilələri pozmayacağını bildirib. O xatırladıb ki, ABŞ da öz silahlarını Avropa ölkələrində yerləşdirib.
Rusiya liderinin bu sərəncamı ilə Moskva 1990-cı illərin ortalarından bəri ilk dəfə olaraq xaricdə nüvə silahına sahib olacaq. Putin əlavə edib ki, Moskva silahlara nəzarəti Minsk administrasiyasına verməyəcək.
Putinin nüvə addımından sonra ilk bəyanat ABŞ-dan gəlib. Pentaqondan verilən açıqlamada Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir işarənin olmadığı vurğulanıb.
Müdafiə Nazirliyinin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada qeyd olunub ki, Rusiyanın açıqlaması ilə bağlı xəbərlər və bu vəziyyət ciddi şəkildə izlənir.
Ukrayna isə Rusiyanı “Belarusu girov götürməkdə” ittiham edib.
Digər tərəfdən, Vaşinqtonda yerləşən Müharibə Tədqiqat İnstitutunun (ISW) analitikləri nüvə müharibəsinin böyüməsi riskinin “son dərəcə aşağı” olduğunu açıqlayıblar.