• 26 Noyabr 2024 06:49

Ceyhun Məmmədov: “Bizə belə sülhməramlı lazım deyil”

 

“Son günlər Qarabağda yenidən gərginlik artmaqdadır. Bunun əsas səbəblərindən biri sülhməramlı missiya və onun yarıtmaz fəaliyyətidir. Qarabağdakı sülhməramlıların ermənilərin qanunsuz silah daşınmasına şərait yaratması onu göstərir ki, Rusiya və Ermənistan müharibəyə hazırlaşır. Hamıya məlum olduğu kimi, sülhməramlılar – adlarından da göründüyü kimi regionda sabitliyin təmin olunmasına çalışmalı idilər. Silahların daşınması isə onu göstərir ki, onlar mövcud gərginliyi daha da gücləndirmək, sülh prosesinə maneə olmaq istəyirlər. Əlbəttə, bu, qəbuledilməzdir. Ən azından ona görə ki, rus hərbçilərinin bu addımı həm də 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanata ziddir…”

Tacxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu gün artıq sülhməramlılar açıq şəkildə terrorçuların dəstəkçisinə çevriliblər:

“Bu, məkrli siyasətdən xəbər verir. Separatçıların Azərbaycana qarşı təxribatlarında sülhməramlılar da rol oynayır. Görünür, tərəflər arasında güclü işbirliyi var. Vəzifə və öhdəliklərinin əksinə olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır. Biz 3 il ərzində sülh üçün çalışdıq. Amma sülh prosesinə süni əngəl yaradılır. Təxribatlara, o cümlədən qanunsuz silah daşınmasına imkan verə bilmərik. Ermənistanın təxribatları onu deməyə əsas verir ki, biz güc yolu ilə cavab verməli olacağıq. Qarabağdakı rus hərbçiləri haqqında isə onu deyim ki, belə sülhməramlılara ehtiyacımız yoxdur. Əsas vəzifə kənarda qalıb. Sülhməramlılar gah “taksi” fəaliyyəti ilə məşğul olur, gah bağça tikir, gah da təxribatçıları dəstəkləyirlər. Madam ki onlar sülh yox, gərginlik yaratmaqla məşğuldurlar, onda ən qısa zamanda- vaxtından tez onların torpaqlarımızı tərk etməsi barədə düşünməliyik. Çünki alternativ yoxdur. Biz sülh üçün çalışsaq da, buna qarşılıq görmürük. Yəni daha 30 il gözləmək niyyətimiz yoxdur. Ən kiçik təxribata belə çox sərt reaksiya veriləcək. Bunu hamı bilməlidir. Eyni zamanda mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruriliyini göstərir”.

Tacxeber.com

Oxşar xəbərlər