• 23 Noyabr 2024 05:58

““Filan mağazada alça 90 manatdır, çiyələk 25 manatdır, filan restoranda kababın şişi 15-20 manatdır”…”

 

“Son zamanlar sosial şəbəkələrdə, “filan mağazada alça 90 manatdır, çiyələk 25 manatdır, filan restoranda kababın şişi 15-20 manatdır”, kimi paylaşımlar edib narazılıq edirlər. Çox pis tendensiyadır, “sovetdənqalma” instinklərdir, vətəndaşları “sollaşdıran” yanaşmadır və ən əsası – problemlərin kökü kənarda qalır, hökumətin bacarıqsızlığı müzakirə olunmur, iş adamları, kiçik-orta biznes hədəfə gətirilir, mənasız “süni qiymət artımı” deyimi ortalığa atılır, bununla da işin məğzi kənarda qalır”.

Tacxeber.com xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, sovet dövründə, dükanlarda, kafe və restoranların qiymətlərini dövlət tənzimləyirdi: “Nəticədə isə dükanlarda və dövlət yeməkxanalarında heçnə tapılmırdı. Dövlət yalnız iki şeyə nəzarət edə bilər: qidaların təhlükəsizliyinə və vergilərin doğru-düzgün ödənilməsinə.
Qiymət artımının qarşısını almaq üçün rəqabət mühiti artırılmalı və iqtisadi qanunlar işə düşməlidir – bu isə hökumətin boynunun borcudur! Hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər, amma etmir. Sonra da məmurlar, deputatlar məhz hökumətə lazım olan mənasız “süni qiymət artımı” deyimini ortalığa atıb məsuliyyətdən yayınırlar. Pərakəndə satışda malı istənilən qiymətə satmaq olar, kafe və restoran yeməkləri istədiyi qiymətə sata bilər, təki alıcısı olsun və vergisini versinlər. Pərakəndə mağazalar və kafe-restoranlar ağ etməmələri, qiyməti artırmağa imkanlarının dar olması üçün isə bir daha: “Hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər””.

Tacxeber.com

Oxşar xəbərlər