Ermənistanın Rusiyaya qarşı son hərəkətləri arxadan vurulan kiçik, ancaq ağrılı zərbədir. Ermənistan tez və ya gec öz rəhbərliyinin timsalında Rusiyanın mövqeyinin bütün gücünü hiss edəcək.
Tacxeber.com xəbər verir ki, bu fikirləri Azərtac-a politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov İrəvanın Moskvaya münasibətdə bir-birinin ardınca gələn dost olmayan addımlarını şərh edərkən söyləyib.
O deyib:
“Ermənistan Konstitusiya Məhkəməsinin Roma statutunu qanuni olaraq tanıyan sərsəm qərar qəbul etməsi və erməni cəmiyyətinin bəzi liderlərinin Rusiya Prezidenti Vladimir Putini bu ölkəyə səfərə gələrkən həbs etmək çağırışları acınacaqlı nəticələrə gətirib çıxaracaq. Mən buna çox əminəm. Hazırda Rusiya Federasiyası özünün hələ ki, erməni tərəfdaşının belə hərəkətlərinə qarşı cavab tədbirləri haqqında düşünür. “Rospotrebnadzor”un Ermənistandan süd məhsullarının tədarükündən imtina etməsi barədə söhbətlər gəzir. Bu, təbii ki, təzyiq üsuludur, çünki istehsalçı ölkə tamamilə qaydalara uyğun hərəkət etmirsə, o zaman süd məhsullarında həmişə hər hansı mikroorqanizmlər aşkar etmək olar. Düşünürəm ki, bu, yalnız ilk addımlardır”.
Rusiya bazasının Gümrüdə yerləşdiyini və regionda sülhməramlı kontingentin olduğunu xatırladan, həmçinin Azərbaycanla münasibətləri çox gözəl kimi xarakterizə edən, İran və Türkiyə ilə işgüzar qarşılıqlı fəaliyyəti normal adlandıran ekspert söyləyib ki, bütün hallarda RF-nin atacağı addımlar mövcuddur. Bununla belə, o, konkret olaraq hansı addımlardan söhbət getdiyini bildirməkdə çətinlik çəkib.
Y.Mixaylov sözlərinə yekun vurub: “Zənnimcə, Moskva İrəvana qarşı çoxdan sərt addımlar atmalı idi. Lakin biz hər halda unutmuruq ki, uzun illər tərəfdaş, bu Cənubi Qafqaz respublikasının təhlükəsizliyinin qarantı olmuşuq və əlbəttə, bizim rəhbərlik erməni xalqının əziyyət çəkməsini çox istəmir. Amma hökumət və dövlətin özünün zərər görməsinə gəldikdə, biz bunun üzərində fikirləşirik. Bu dövlətin sadiq olması və bütün razılaşmaları yerinə yetirməsi, habelə Qərblə apardığı oyundan çəkinməsi vacibdir. Düşünürəm ki, indi Rusiyanın yuxarı eşelonlarında da bu barədə düşünürlər. Digər tərəfdən, tamamilə aydındır ki, indi bizim özümüzün çoxlu sayda beynəlxalq problemlərimiz var və faktiki olaraq, Ermənistanın son hərəkətləri arxadan vurulan kiçik, ancaq ağrılı zərbədir. Hesab edirəm ki, Ermənistan tez və ya gec öz rəhbərliyinin timsalında Rusiyanın mövqeyinin bütün gücünü hiss edəcək”.