“İndiki dövrü ötən əsrin 20-30-cu illərinin mühitinə bənzədirəm. Bu saat kütləvi savadsızlıq hökm sürür. Bu da kütləvi zövqsüzlüyə, tərbiyəsizliyə gətirib çıxarır. Bu kontekstdə əlbəttə ki, biabırçı vəziyyət var. Necə ki, bu vəziyyət zövqümüzdə, əxlaqımızda, tərbiyəmizdə aşınmalar baş verir, o cümlədən də mahnı yaradıcılığında olur”.
Bu sözləri Ölkə.Az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib. Dövlət Dil Komissiyasın yanında Montorinq Mərkəzinin hazırladığı zərərli mahnılar siyahısından danışan şair bu cür “mahnı”lara tələbat olduğunu söyləyib:
“Həmin “mahnı”ların milyonlarla bəyənməsi, izlənməsi olur. Deməli, biz o mahnıları bəyənənləri tərbiyə etməliyik. Bazarda buna tələbat olmasa, heç kim o cür “mal” çıxarmaz. Maarifləndirmək yox, tərbiyələndirmək lazımdır. Çünki tərbiyəsiz adam heç bir maarifləndirməyə uyğun gəlməyəcək. Yəni ilk növbədə İsa Hüseynovun təbirincə desək, kamil insan yetişdirmək lazımdır. Bu, dövlət proqramı ilə olmalıdır. Kamil insan həm gözəl oxucu, zövqlü musiqi dinləyicisi zövqlü tamaşaçı olacaq.
Bu gün mahnı yaradıcılığından danışmaq elə bil böyük bir küçəni elektrik sobası ilə qızdırmaq kimi mənasız və faydasızdır. Nəticədən yox, səbəbdən danışmaq və bunun kökünü kəsmək lazımdır.
Televiziyalarda zay məhsullar 10 milyon tamaşaçı qarşısına buraxılmamalıdır”.
B.Vəziroğlu bəzi mahnıların insanların mental dəyərlərini pozduğunu deyib:
“Bu cür ”mahnı”lar dəyərlərimizi məhv edir. İncəsənət insanları tərbiyə etməlidir. İncəsənətə yad olan filmi, musiqiləri təbliğ edirsənsə, onlar da buna üz tutacaq. İnsan xisləti mənfi istiqamətə meyil etdiyi üçün narkotik aludəçisi olur, qumar oynayır və s. Dövlətin, dinin ali məqsədi insanları tərbiyələndirmək, onları öz heyvani kökündən mümkün qədər uzaqlaşdırmaq, onlara insan olduğunu başa salmaqdır.
İnsan çörəklə yanaşı mənəviyyatla da qidalanmalıdır. Sən bilməlisən ki, yaxşı musiqi nədir, pis musiqi nədir, poeziya nədir və s. İnsanı özbaşına buraxmaq olmaz.
Artıq Şövkət Ələkbərovaya, Rəşid Behbudova, Müslüm Maqomayevə qulaq asan yoxdur, çünki onlara küçə müğənniləri təqdim edilib”.
Mahnı sözlərinə kəskin irad tutan şair prosesi cəmiyyətdəki dəyələrin itməsi ilə əlaqələndirib:
“Bu gün “küçələrə su səpmişəm”ə qulaq asıb sabah “o kimdir ki”yə qulaq asmadıq. Yəni cəmiyyətdə yavaş-yavaş dəyərlər itdi, bilmədik yaxşı nədir, pis nədir. Geriyə getdik.
Evdə balaca uşağa telefon verdik ki, səsi çıxmasın, bağçada yeməyini kəsdik, məktəbdə dərs vermədik. Ancaq hədiyyə alıb qiymət yazdıq, ali məktəbə pulla qəbul elədik, işə tanışlıqla qoyduq və beləcə cəmiyyəti pozduq. Artıq hər şey dediyim kimi yetişən bir nəsil “o kimdir ki”yə qulaq asmağa başladı. İntellektual səviyyə inkişaf eləmədi. Bizim kamil dinləyicimiz, oxucumuz gəldi cahil, nadan bir şou həvəskarına çevrildi. İndi onun yenidən kamil oxuyucuya çevrilməsi üçün illər, qərinələr lazımdır”.
B.Vəziroğlu hesab edir ki, “fərqli zövq” anlayışı “zibillik”dən edilən seçimlə qarışdırılmamalıdır:
“Dünyada 7-8 milyarda yaxın insan var. Hərənin də öz zövqü var. Amma zövq – məsələn, Dostoyevski ilə Tolstoyu bəyənənlər arasında fərqli ola bilər. Yoxsa kimsə desin ki, o gün “Sijimqulu” qəşəng meyxana oxuyurdu. Burada zövq yox, kamil insanla cahil insanın həyata baxışı var. Bir var zibillikdən seçim edəsən, bir də var ki, xəzinədən edəsən, fərq bundadır”.