İran mediası yenə Azərbaycana nifrət püskürür. Fars-molla rejiminin mexanizmi işləyir hər cəbhədə. İddia edirlər ki, guya Azərbaycanda dinə, şiə məzhəbinə qarşı tədbirlər görülür. Bununla da daxildə vəziyyəti gərginləşdirməyə çalışırlar. İslam, o cümlədən şiəlik İranın monopoliyasında deyil. İnsanlar bilməlidirlər ki, İrana xidmət edənlərin İslama heç bir aidiyyatı yoxdur. İslam terroru, insanlıq əleyhinə olan cinayətləri dəstəkləyən din deyil.
İran din pərdəsi altında insanların hisslərindən istifadə edir, onların “beyinlərini yuyur”. Baxın illərlə Azərbaycandan İrana təhsil almağa gedən gəncləri əməkdaşlığa cəlb edib, çirkli niyyətlərini həyata keçiriblər. Onlar artıq hazır “mina”lardır. Necə ola bilər ki, vətənini sevən şəxs hansısa ölkənin liderindən tapşırıq gözləsin, müsəlmanın qanını axıtsın?
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” üzvləri
Hüquq mühafizə orqanları bir neçə gün əvvəl əməliyyat keçirib, saxlanılanların ifadələrindən məlum olur ki, onlar, hətta silah gücünə olsa belə, “Kərimə dövləti” uğrunda mübarizəyə qalxacaqları məlum oldu. Asayiş keşikçiləri bunları həbs etməsin? Hansı dövlət milli maraqlarına zidd hərəkətlərin baş verməsinə imkan verər? Paytaxda deputat güllələnir, Tehrandakı səfirliyimizə ölümlə nəticələnən hücum baş verir… Azərbaycan buna susmalıdırmı? Vətən müharibəsindən qalib çıxan ölkə bu cür hallara adekvat cavab verməlidir və verir. İranın məkrli siyasəti nəticəsində iş o yerə çatıb ki, artıq diplomatik əlaqələrin kəsilməsi məsələsi müzakirə predmetinə çevrilib.
Azərbaycanın Ermənistanla diplomatik əlaqələri yoxdur, bu sıraya İranda qoşulacaq. Çünki eyni siyasəti yürüdürlər, hər ikisinin Azərbaycan torpaqlarında gözü var. Biri diz çökdürülüb, qalıb o biri… Haqlı olaraq bildirilir ki, İranın Bakıdakı səfirliyi casus yuvasıdır, diplomatlar dərhal qovulmalıdır. Tamamilə doğru yanaşmadır. Artıq şərtləri Azərbaycan diqtə edir. “Beyni yuyulmuş” insanların isə İranın siyasətinə alət olmaları dövlətə xəyanətdir. Azərbaycan dövlətinə uzanan əllər kəsilməlidir, terrorçunun dini olmaz. Ölkəmiz müstəqilliyini İran kimi terrorçu dövlətlərə görə təhlükə altında qoyan deyil. Əsl İslam İranda deyil, Azərbaycandadır. Ölkədə nəinki şiələr, bütün dinlərin nümayəndələri sərbəst şəkildə fəaliyyət göstərə bilirlər, onlara diqqət və qayğı göstərilir. Təbii ki, hər şey qanun-qayda əsasında. Azərbaycana irad tutanlar “Dini etiqad azadlığa haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarını oxusunlar hər şey əksini tapıb. Azərbaycan dövləti İslam dininə qarşı deyil, İranın agentura şəbəkəsinə qarşı genişmiqyaslı tədbirlər həyata keçirir. Azərbaycanda əksəriyyət müsəlmandır, vətənini sevən hər kəs bu addımları dəstkələyir. Ölkədə sabitlik hökm sürürsə, bu, dövlətin, iqtidarın atdığı addımlar sayəsindədir.