• 23 Noyabr 2024 02:47

Buraxılış imtahanında ən yüksək balı o topladı

 

Məlum olduğu kimi, martın 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda ən yüksək nəticəni Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi Arif Hacıyev göstərib. O, 296.7 bal toplayıb. “Qafqazinfo”ya danışan məktəbli imtahan nəticələrinin yüksək olmasında müəllimlərinin rolunun böyük olduğunu bildirib: “Müəllimlərimin hər birinə minnətdarlığımı bildirirəm. Özəl tədris mərkəzində hazırlaşmışam. Həm müəllim heyəti, həm də rəhbərlik mənə dəstək olub. İmtahanda uğur əldə etmək üçün sistemli çalışmaq önəmli faktordur. Mən çalışırdım ki, vaxtımı  düzgün bölüm, imtahana qədər mövzuları bitirim, əlavə mütaliə edim. İmtahan nəticələri çıxanda çox həyəcanlı idim, bu mənim üçün çox gözəl nəticə oldu. Yüksək nəticəni gözləyirdim, həqiqətən, çox sevindim”.

Gələcək tələbə informasiya təhlükəsizliyi sahəsində ali təhsil almaq istədiyini deyib: “Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi üzrə təhsil almaq istəyirəm. Gələcəkdə magistr təhsilini xaricdə almaq fikrindəyəm. Ondan sonra vətənə qayıdıb ölkəmizə xidmət edəcəyəm”.

Qeyd edək ki, A. Hacıyev iki il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.

Tacxeber.com

Oxşar xəbərlər