Hirudoterapiya – qədim vaxtlardan başlayaraq insanların zəli vasitəsilə müalicə üsuludur. Lakin bu müalicə üsulunun ölümlə nəticələnə biləcəyi kimsənin ağlına belə gəlmir.
Bir müddət əvvəl Xalq artisti Cavan Zeynallı arvadı Röya Zeynalovanın ölümündən danışarkən baiskarın məhz zəli olduğunu deyib. Bu açıqlama insanları çaş-baş salıb. Doğrudanmı zəli qoydurmadan ölmək mümkündür?
Xatırladaq ki, C. Zeynallı uzun müddət müalicə kursu keçmiş mərhum arvadına zəlinin düzgün qoyulmadığını, fəsadın böyüdüyünü və xanımının 5 ay yataq xəstəsinə çevrildiyini açıqlayıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış həkim, apiterapist və xalq təbabəti üzrə müalicə mütəxəssisi Seyfəddin Əsəd bu iddianı təsdiqləyib.
O deyib ki, düzgün aparılmayan zəli müalicəsi çox ciddi fəsadlara səbəb ola bilər:
“Hər adam zəli qoya bilməz. Səhv qoyulmuş zəlinin ucbatından insanların əli, ayağı kəsilir, bəzən qanaxmadan ölənlər olur.
Əvvəlcə yoxlanmadan, müayinə olunmadan bədənin lazımi hissəsinə zəli qoydurmaq olmaz. Bir də ki hər zəlini də insana qoymaq olmaz.
Bəzən insanlar düşünür ki, zəlini mütləq həkim qoymalıdır, bu belə deyil, heç həkim də qoymamalıdır, çünki həkim də bilmir ki, zəli nədir. Yalnız bu sahədə mütəxəssis olanlara bunu həvalə etmək olar.
Həkim olsa belə, bu haqda mütləq biliyi olmalıdır, çünki Tibb Universitetində zəli haqqında dərslər keçirilmir. Fikir versəniz, görərsiniz ki, həkimlərin də əksəriyyəti zəlinin əleyhinədir”.
S.Əsəd zəli qoydurmaq istəyən şəxsin öncədən mütləq bəzi analizlər verməli olduğunu deyib. O qeyd edib ki, kor-koranə qoyulan zəli ucbatından insanlar həyatı yarımçıq qalar:
“Elə insanlar var ki, onların qanı laxtalanmır. Ona görə laxtalanma sistemini, protrombin indeksini (protrombin qaraciyər tərəfindən ifraz edilən, qanın laxtalanmasına təsir edən faktordur – red.), qanın, sidiyin ümumi analizini, hepatit B, C analizini vermədən zəli qoymaq qətiyyən olmaz.
Cəmiyyətdə belə bir fikir var ki, onkoloji xəstələrə, şəkər xəstələrinə zəli qoydurma qadağandır. Amma bunu yalnız analiz verib nəticələrə baxdıqdan sonra demək mümkündür. Nəticələr normal olarsa, həmin xəstələrə də zəli qoyula bilər”.