“Autizm spektr pozuntusu dedikdə bir neçə xəstəlik nəzərdə tutulur. Atipik autizm, Rett sindromu, Asperger sindromu, Heller sindromu, uşaq autizmi bu qrupa daxildir. Bu pozuntuların hər biri spesifik əsas əlamətinə görə fərqlənir və müvafiq yanaşma tələb edir. Ümumiyyətlə, bir çox psixi pozuntular kimi autizm spektr pozuntusu da fərdi xarakter daşıyır. Yəni, eyni diaqnoz təyin edilmiş iki pasiyentdə əlamətlər bir-birindən kəskin fərqlənə bilər. Bu isə adıçəkilən diaqnozun təyini və müalicəsinin yüksək peşəkarlıq tələb etdiyinin göstəricisidir”.
Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova danışıb.
Onun sözlərinə görə, autizm spektr pozuntularının 3 əsas əlaməti vardır:
“- Sosial qarşılıqlı əlaqələrin qurulması və dəstəklənməsi qabiliyyətinin zəif olması;
– Maraqların məhdudlaşması;
– Tez-tez təkrarlanan davranışlar.
Bu növ pozuntudan əziyyət şəkən şəxslər sosial əlaqə və qarşılıqlı münasibət qura bilmirlər. Belə ki, onlar qarşı tərəfin emosiyalarını, jestlərini, səs tonunu qavramaqda və ayırd etməkdə çətinlik çəkirlər və ya bacarmırlar. Həmçinin, belə şəxslər göz təması qurmurlar. Onlar eyni səs tonu ilə, “robot” kimi danışırlar. Mövzunu dəyişə, söhbəti dəstəkləyə bilmirlər. Bəzi hallarda ünsiyyət zamanı diqqətin cəmlənməsi vərdişi formalaşmamış olur. Bu zaman onlar öz məşğuliyyətlərindən ayrılıb əsas məsələyə reaksiya verməyi bacarmırlar.
Belə şəxslərin istər uşaq yaşlarında, istərsə də yetkinlik vaxtı taktilə qarşı qıcıq qapısı enmiş olur və hər hansı təmasdan yayınırlar, aqressiv reaksiya verirlər. Onların səs və qoxuya qarşı hissiyyatı da güclü olur. Gördükləri mənzərəyə ətrafındakılardan daha intensiv reaksiya verə bilərlər.
Bir çox hallarda ASP ilk olaraq uşağın təkrarlanan hərəkətləri ilə özünü biruzə verir. Məsələn, uşaq monoton təkrarlanan fəaliyyətə (paltaryuyan maşının işləməsi, saatın səsi) saatlarla baxa bilərlər. Bu davranış gündəlik vərdişi şəklində təzahür edir və onlar özləri də eyni hərəkəti təkrarlayırlar. Məsələn, bütün bədənilə və ya yalnız əlini, ayağını, yaxud başını fasiləsiz şəkildə hərəkət etdirirlər. Onlara müraciət etdikdə və ya özləri ünsiyyət qurmağa cəhd etdikdə eyni sözləri fasiləsiz təkrarlayırlar. Belə təkrarlanmalar təkcə bədən və ya nitqdə deyil, gündəlik rejimdə də özünü göstərir. Onlar rejimlərini dəyişməkdə də çətinlik çəkirlər və ya bacarmırlar. Bir çox hallarda təhlükəli və ya faydasız davranışları ayırd edə bilməyib vərdiş etdikləri şəkildə davam etməyə cəhd edirlər.
Autizmdən əziyyət çəkən şəxslərin maraq dairəsi məhdud olur. Onlar fəaliyyət müxtəlifliyini tətbiq edə bilmirlər. Lakin nəzərə almaq lazımdır ki, bir çox hallarda onlar diqqətini çəkən sahəyə qarşı intensiv maraq nümayiş etdirirlər. Bu da bir çox hallarda həmin sahədə onların xüsusi nailiyyətlər qazanmasına şərait yaradır.
Qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, autizmdən əziyyət çəkən şəxslərin sensor orqanlarının fəaliyyəti ya həddən artıq güclü, ya da çox zəifləmiş reaksiyalar şəklində təzahür edir”.