• 22 Noyabr 2024 23:13

“Televiziya rəhbərləri gərək öz səviyyələrinə fikir versinlər” – Tanınmışlardan qınaq

“Televiziya rəhbərləri gərək öz səviyyələrinə fikir versinlər” - Tanınmışlardan qınaq

Əməkdar artist İlkin Əhmədovla tanınmış aparıcı Rövşanə Ağasəfqızı (Bektaşi) arasındakı qalmaqal davam edir. 

Tərəflərin bir-birinin bostanına daş atdıqları məqamda hadisənin sosial şəbəkələrdə geniş rezonans doğurmasından sonra bir sıra istifadəçilər bu məsələdə iki yerə bölünüb. 

Bəziləri qonağı günahkar saysa da, digər bir kəsim isə günahın aparıcıda olduğunu söyləyərək bu tip özündənrazı mövqenin digər televiziya aparıcılarında da olduğunu bildiriblər.

Hətta çoxları Azərbaycan televiziyalarındakı digər aparıcıların da qonağı təhqir etməsini, ona şəxsi və qeyri-ciddi suallar verməsini dilə gətirib.

Yenisabah.az-a danışan millət vəkili Aqil Abbas hadisəni mənfi qiymətləndirdiyini söyləyib:

“Əgər söhbət İlkin Əhmədovla Rövşanə Ağasəfqızından gedirsə, burada qonaq məsuliyyətli olmalıdır. Mən İlkini çox istəyirəm, gözəl sənətkardır. Amma mənə elə gəlir ki, Rövşanə xanım bir az məsələni şişirdib.

Doğrudur, bəzi kanallarımızda görürəm ki, qonağa xoşagəlməz sözlər deyilir. Belə şeylər olur və mən bu tendensiyanı yaxşı qiymətləndirmirəm”.

Tanınmış jurnalist, Ayna.az saytının baş redaktoru Elçin Şıxlı isə baş verənləri Azərbaycan televiziyalarında geniş yayılan tendensiya kimi qiymətləndirməyib:

“Sözün doğrusu, mənim bir hadisədən xəbərim var. Lakin bunun tendensiya halını aldığını düşünmürəm.

Bəzən elə qonaqlar var ki, tənqid olunası olurlar. Həmçinin, boş-boş sual verən aparıcılarla yanaşı, tənqid olunası aparıcılar da çoxdur. Ümumiyyətlə, bizdə mədəni səviyyədə problemlər var. Yəni həm dəvət olunan, həm də aparıcılarda bunu sezmək olur. Bunlar da televiziya rəhbərlərindən asılıdır. Onlar gərək ya özləri bundan nəticə çıxarsınlar, ya həmin jurnalistlərin səviyyəsinə, ya da ki, öz səviyyələrinə fikir versinlər”.

Müsahibimiz əlavə edib:

“Bu, elə bir şeydir ki, məlum məsələdə gərək hər hadisəni və məqamı araşdırasan. Boş yerə kimisə günahlandırmaq, yaxud müdafiə etmək düzgün deyil. Lakin ümumi götürsək, jurnalistikamızın səviyyəsinin bir o qədər də ürəkaçan olmadığı göz önündədir. Qısası, mən bunu tendensiya kimi əsla qiymətləndirmirəm. Lakin bu hadisə mütəmadi halda şəkil alırsa, o zaman bu barədə danışmağa dəyər”.

“O ki qaldı bəzi televiziya aparıcılarının boş-boş danışmasına, ümumiyyətlə, cəmiyyətimiz başdan-ayağa boş-boş danışanlarla doludur. Bildi-bilmədi hamı danışır. Böyük problemimiz bundan ibarətdir. Kimsə haradansa nə isə eşdirsə, başlayır danışmağa və onun ətrafında fikir yürütməyə. Haqqı var, haqqı yoxdur, ancaq danışır. Özü heç olduğu halda qabağa getmiş adamların ayağından çəkir, söz danışır. Çox təəssüf ki, bu insan təbiətinə və millətimin nümayəndələrinə çox xas olan bir şeydir”, – vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər