Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.
İnsidentin təsadüfən deyil, düşünmüş şəkildə baş verdiyinə şübhə yoxdur. Bayrağımıza qarşı hörmətsizlik daha öncədən planlaşdırılıb. Yayılan məlumatlar da sübut edir ki, hadisəni törədən Aram Nikolyan adlı şəxs açılış mərasiminə hazırlıqlı gəlib.
Qeyd edək ki, Azərbaycan bayrağının İrəvanda yandırılması cəmiyyətdə hiddətlə qarşılanıb. Ermənilərin humanitar tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsinə hazır olmadığını düşünən insanlar sözügedən yarışın boykot edilməsinin tərəfdarıdır.
Bəs siyasilər bu barədə nə düşünür?
Milli Məclisin deputatı Elman Məmmədovun Yenisabah.az-a açıqlamasında deyib ki, məlum təxribat Ermənistanın simasını bir daha ortaya qoydu:
“Mənə elə gəlir ki, bu, Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan barışmaz düşmənçilik mövqeyini yeni bir nümayişidir. İdmançılarımız gediblər, əzmlə mübarizə aparmalıdırlar. Ancaq həmin tədbirin təşkilatçıları bu hadisəyə görə məsuliyyət daşıyır və insidentin qarşısının alınması üçün tədbirlər görməli idilər, təəssüf ki, görmədilər”.
Millət vəkilinin sözlərinə görə, biz düşmən ölkəyə qalib kimi getmişik, lakin belə hadisələrlə qarşılaşmaq heç də xoşagələn bir hal deyil:
“Onsuz da erməni cəmiyyətindən nə desən gözləmək olar, hətta daha pis hərəkətlər də edə bilərdilər. Əgər bayrağımız o tədbirdə təhqir olunubsa, təbii ki, yarışları boykot edib geri qayıtmaq lazımdır. Biz bununla da dünyaya belə bir cinayətkar dövlətdə bu kimi yarışların bir daha təşkil etdirilməməsinə dair mesaj verə bilərik. Əgər beynəlxalq səviyyəli tədbirlərin təhlükəsizliyi təmin olunmursa, habelə orada təmsil olunan komandaların təhlükəsizliyinə təminat vermirlərsə, eləcə də dövlət bayrağı təhqir olunursa, bu, çox dözülməz bir haldır.
Bir daha deyirəm, komandamızın yarışları boykot edib qayıtmağı daha məqsədəuyğun olar”.