• 23 Noyabr 2024 02:58

“Turabova əsəbiləşmədim, çünki Amaliya xanımın kaprizlərini…”

 

“Direktor, rejissor, aktyor kaprizləri, inadları teatr yarandığı gündən olub. Bu Azərbaycanda da belədir, Rusiyada da, Türkiyədə də. Aktyorlar arasında həmişə qruplaşma olub. Azmı eşitmişik saç yolduları, bir-birilərini döydüklərini, söydüklərini, açılan məhkəmə davalarını? Aktrisa səhnəyə çıxmasın deyə qapını arxadan kilidləyənləri, səhnədə boş silahın içinə güllə qoyub səhnədə vurularaq ölənləri. Əlbəttə səhnə və tamaşaçı itirir. Amma bu teatrın dəyişməyən, yazılmayan qanunudur”.

Tacxeber.com xəbər verir ki, bu fikirləri Türkiyədə yaşayan Əməkdar incəsənət xadimi, rejissor, aktrisa Məlahət Abbasova sosial şəbəkədə yazıb.

Aktrisanın həftəboyu müzakirə olunan məsələyə münasibəti sosial şəbəkədə yazdığı status və rəylərlə yadda qalıb. Bəzi çıxarışları təqdim edirik:

“Məsələn, mən Amaliya xanım teatrdan gedəndə çox üzülmüşdüm. Amma Həsən Turabova əsəbləşmədim. Çünki teatrda Amaliya xanımın kaprizlərini hamı bilirdi. Turabov teatrda yaşlanan gənc aktrisaların önünü açdı. Amaliya xanım “gedirəm” dedi. Turabov da ərizəni yaz dedi. Kim bilməsə də mən bilirəm.

“Ya mənim dediyim olacaq, ya da mən teatrdan gedəcəm” deyəndə bəzi rəhbərlər geri addım atıb sözünü udur, bəziləri də “ərizəni yaz, get” deyir. Turabov da onu elədi. İsrafil də, Əliabbas da, Azər də bunu elədi. Bundan sonrakılar da bunu edəcək. Mən 6 il dünyanın ən böyük teatrında direktor müavini işlədim, 1500 əməkdaşı var, 13 binamız. Bu kaprizləri, “Mənim dediyim olmazsa mən teatrdan gedirəm” deyənləri, teatr ortamında hüzursuzluq, qruplaşma yaradanları o qədər gördüm ki…Buna görə mənə normal görünür.

Heç kim heç kimi səhnədən uzaqlaşdırmayıb. Daha əvvəl də Turabovun vaxtında Fuad müəllim teatrdan küsüb getmişdi. Amma Azər müəllim onu teatra gətirdi. Azər müəllimin bütün tamaşalarında baş rol oynadı. Onlar dost olublar. Hətta bildiyimə görə Fuad müəllimə ev Azər müəllimin təqdimatı ilə verilib. Küssələr belə nə Fuad müəllim, nə də Azər müəllim bir-biriləri haqqında heç bir yerdə danışmayıb.

Türkiyə də belədir. Teatrda həmişə qruplaşmalar olub. Direktoru sevənlər və sevməyənlər. Sevməyənlər pisləyir, sevənlər tərifləyir. Azər müəllimdən əvvəl də mənim vaxtımda Həsən Turabova, sonra Əliabbas Qədirova, İsrafil İsrafilova, ən son Azər Paşa Nemətova qarşı qruplaşmalar olub. Azər müəllimdən əvvəl də Amalya Pənahova Həsən Turabovun vaxtında, Zərnigar xanım, Safura xanım və s. aktyorlar küsüb teatrdan gediblər.

Lap bizlərdən qabaq Ələsgər Ələkbərov, Hökümə xanım, Sofya xanım, Şəfiqə xanım vaxtlarında da teatrda necə qırğınlar olub hamımız bilirik.

Sənət insanları emosional və duyğusal insanlardır. İstanbulda başqa teatrlarda da belə şeylər olur. Mənim çalışdığım teatrda möhtəşəm aktyor və aktrisalar da küsüb teatrdan gediblər. Hamınızın yaxından tanıdığınız Cihan Ünal, Nurseli İdiz və s. korifey sənətkarlar, hamınızın seriallardan tanıdığınız məşhurlar: Ufuk Özkan, Dolunay Soysert, Murat Daltaban, Hasibe Eren, Çağlar Çorumlu və başqaları bizim teatrdan küsüb getdi.

Mən də iki dəfə getmək istədim. Ərizə yazdım amma barışdıq. Belə şeylərin olması normaldır. Bunun üçün heç bir zaman kiminsə arxasınca nəsə pis şeylər yazmaq doğru deyil.

Fuad müəllimlə Azər müəllim dost olublar. Azər müəllim teatra gələndə ilk işi Fuad müəllimi teatr gətirdi. İki qoçun başı bir qazanda qaynamaz. Aralarında olan narazılıqdan ikisi də heç danışmadı. Ölənə qədər. Bəlkə Fuad müəllim yaşasaydı barışacaqdılar, təkrar teatra dönəcəkdi. Çünki o teatr adamıydı. Teatdan ayrı qala bilməzdi.

Fuad müəllimi yaxından tanıyan biri kimi Fuad müəllim belə hadisələrdə adının hallanmasından heç amma heç xoşlanmazdı. Ölməsəydi Azər müəllimin cənazəsində bəlkə də ilk sırada o durardı”.

Tacxeber.com

Oxşar xəbərlər