• 23 Noyabr 2024 02:50

Rəşad Dağlıya əlavə ittiham verildi – Məhkəmə başladı

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Rəşad Dağlının vəkili Elvin Əliyev məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət verib.

Vəkil vəsatəti cinayət işinin materiallarında müvəkkilinin şəxsi və ailə sirləri ilə bağlı epzidlar olması ilə əlaqələndirib.

Prosesdə məlum olub ki, Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.

Məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət təmin olunmayıb.

İş üzrə baxış iclası mayın 1-ə təyin olunub.

İttihama görə, ötən ilin noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.

Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və noyabrın 9-da, səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Tacxeber.com

Oxşar xəbərlər