• 22 Noyabr 2024 18:31

“Camaat telekanalları söyür, tamaşaçılar ekrana o qədər tüpürüb ki…”

“Camaat telekanalları söyür, tamaşaçılar ekrana o qədər tüpürüb ki...”

Son günlər verilişinə çağırdığı qonaqlarla qalmaqal yaşayan aparıcı Rövşənə Ağasəfqızının sözü bu dəfə bloger Nagehan Abdullayeva ilə çəp gəlib. 

Bundan əvvəl Əməkdar artist İlkin Əhmədovla mübahisə edən Rövşənə Ağasəfqızı aparıcılarla qonaqlar arasında illərdir yaşanan problemləri yenidən gündəmə gətirib.

Bəs görəsən, aparıcı ilə qonaq arasında gedən münasibətlər necə tənzimlənməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış aparıcı, şoumen Kamran Həsənli bildirib ki, bu gün yerli telekanallardan nəinki peşəkarlar, hətta tamaşaçılar da narazıdır:

“Bu gün Azərbaycanda gördüyümüz televiziya mənzərəsi televiziya mənzərəsindən tamamilə uzaq bir şeydir. Efirə baxdıqda adamda sanki hansısa ucqar əyalətdə çayxanada oturub söhbətlərə qulaq asırsanmış kimi təəssürat yaranır. Əyalət adamları hamısı bizim canımızdır, onlara böyük sevgimiz var, amma televiziya başqa səviyyədə olmalıdır. Bu gün televiziyalarda hansısa məqamı müzakirə etmək mənasızdır. Televiziya dibindən silinib yenidən qurulmalıdır. Telekanalları tamamilə lazımsız yerə gətirib çıxarıblar. Bu gün yerli proqramlardan təkcə biz peşəkarlar yox, bütün tamaşaçılar narazıdır. Onlar nəinki narazıdırlar, hətta bu proqramları söyürlər. Bu gün telekanallarımız söyüş obyektidir. Tamaşaçılar ekrana o qədər tüpürüblər ki, kiminlə danışırsan deyir ki, biz baxmırıq. İnsanlar yerli kanalları izləmirlər. Milli televiziyamız olduqca acınacaqlı vəziyyətdədir və heç də millətin mənəviyyatını, düşüncəsini və intellektini əks etdirmir. Televiziyamız əyri bir güzgüdür. Ona görə də bütün telekanallar silmək və yenidən televiziyanın qaydasına uyğun şəkildə qurmaq lazımdır”.

Onun sözlərinə görə telekanallar formatını tamamilə dəyişməli və hər şeyə sıfırdan başalamalıdırlar:

“Təkcə bir verilişin yox, bütün telekanalın formatını dəyişmək lazımdır. Hər şey yenidən qurulmalıdır. Aparıcılara gəldikdə isə mən onların hamısının efirdən getməli olduğunu iddia etmirəm, amma əksəriyyət getməlidir. Bəzi say-seçmə aparıcılar var ki, onlar televiziya formatına uyğundurlar, lakin onlar da bu axına qoşulublar. Onlar bu “reytinq axarı”nın içində boğulurlar. Yalançı reytinq bayramı düzəldiblər və bu reytinq hardan gəlir, kim onlara bu reytinqi verir bilinmir. Reytinq, ictimai rəy bu gün sosial şəbəkələrdədir və orada da insanların fikrini açıq şəkildə görürük. Sosial şəbəkələrdə bir nəfər də telekanalların xeyrinə danışmır. Özlərinə reytinqli deyən televiziya verilişlərinin “YouTube”, yaxud digər sosial şəbəkələrinə baxsanız orada verilişə cəmi 15-20 nəfər baxış sayı olduğunu görəcəksiniz. Çünki heç kim onlara baxmır.

Hər şey sıfırdan başlamalıdır. Bəlkə də telekanallar 5-6 ay fasilə verib sonra yeni formatla çıxış etməlidir ki, televiziya keçmiş hörmətini geri qaytara bilsin. Bunu geri qaytarmaq çox çətin məsələdir, amma mümkünsüz deyil. Sadəcə televiziyanın bügünkü acısından, iyrəncliyindən qurtulmaq üçün camaata zaman lazımdır ki, bir az nifrətləri yatsın”.

Tacxeber.com

Oxşar xəbərlər