• 23 Noyabr 2024 05:00

Siyavuş Novruzov: “Azərbaycanda heç kim dini baxışlarına görə sıxışdırılmır, təqib olunmur, həbs edilmir”

 

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin “Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam görməmişəm” fikri tamamilə doğrudur. Azərbaycanda heç kim dini baxışlarına görə sıxışdırılmır, təqib olunmur, həbs edilmir. Tolerantlığın ən böyük mərkəzi Azərbaycandır. Mədəniyyətlərarası, dinlərarası bütün konfranslar Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda keçirilir. Şahidi olmuşam ki, Azərbaycanda beynəlxalq tədbirlərin hamısında ayrı-ayrı dövlətlərin dini qurumları, din xadimləri tərəfindən dini tolerantlığın ən yüksək səviyyədə təşkil edildiyi vurğulanıb. Kimsə bu və ya digər şəkildə hansısa cinayət törədirsə, yaxud qadağa qoyulmuş qruplara qoşulursa və buna görə məsuliyyətə cəlb olunursa, bunu dinlə pərdələmək olmaz”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S.Novruzov qeyd edib ki, Azərbaycanda din azaddır: “Qeydiyyatdan keçmiş dini icmalara həm dövlət tərəfindən yardım olunur, həm onların fəaliyyət göstərmələrinə şərait yaradılır. Aprelin 20-də cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıda Cümə məscidinin açılışının şahidi olduq. Bundan əlavə, Azərbaycanın ayrı-ayrı bölgələrinin hamısında yeni-yeni məscidlər tikilib istifadəyə verilib. Bu baxımdan, məscidə gedir, namaz qılır, dini ayinləri yerinə yetirir deyə heç kim sıxışdırılmır. Sadəcə, Azərbaycandakı dövlət quruluşunu dəyişmək cəhdi, dünyəvi dövləti dini dövlətə çevirmək arzusunda olmaq, bu sahədə iş aparmaq Konstitusiyamıza ziddir. Konstitusiya ümumxalq tərəfindən qəbul edilib. Azərbaycanın öz dövlət quruluşu var. İkinci bir dövlətə xidmət göstərən, onun tapşırıqlarını yerinə yetirən, agentlik fəaliyyəti ilə məşğul olan insanlar məsuliyyətə cəlb olunmalıdır. Çünki bunlar dövlət müstəqilliyini, ölkənin təhlükəsizliyini təhlükə altında saxlayırlar. Həbslər bu baxımdandır, yoxsa kimsə namaz qıldı, oruc tutdu, hansısa dinə qulluq etdi deyə deyil. Sadəcə, kəşfiyyat orqanlarına xidmət edən, dövlətin sirlərini yayan, Konstitusion quruluşunu dəyişmək istəyən qüvvələrə qarşı, təbii ki, mübarizə aparılmalıdır”.

S.Novruzov Ramazan bayramının tarixi ilə bağlı dövlətin rəsmi qərarına əməl etməyən bəzi məscidlərin imamlarının fəaliyyətlərinin qadağan edilməsi barədə təklifə isə belə münasibət bildirib: “Təbii ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi buna nəzarət etməlidir. Qanuna uyğun olaraq, imamların təyinatı və onların fəaliyyətlərinə nəzarətlə bağlı səlahiyyətlər Komitəyə verilib. Dövlətin konkret qanunları var və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir, qanunlara hamı əməl etməlidir. Dövlət tərəfindən elan olunub ki, bayram nə vaxtdır. Azərbaycan rəsədxanasının hesablamaları ilə bayram günü müəyyən olunur və Nazirlər Kabineti bununla bağlı qərar qəbul edir. İslam Azərbaycanda yaranmayıb ki, deyək “hamıdan fərqli olmalıyıq”. Bayram İslam yaranan ölkələrdən tutmuş bütün müsəlman ölkələrinə aiddir. Biz də İslamı qəbul etmişik. Ramazan ayı ilə bağlı məsələlərin hər biri eyni qaydada, bütün dünya ölkələri ilə bərabər şəkildə həyata keçirilməlidir. Bəlllidir ki, 29 gün oruc tutulur, 30-cu gün isə bayram günüdür. 31-ci gün heç yerdə yazılmayıb. Kimsə fərqlənmək istəyirsə, öz dövlətində fərqlənsin. Bizim dövlətimizdə qəti şəkildə ayrıseçkilik ola bilməz”.

Tacxeber.com

Oxşar xəbərlər