• 23 Noyabr 2024 00:58

“Təbiilik istəyiriksə, söyüş də olmalıdır” – “Əqrəb mövsümü”nün Elnarəsi

“Təbiilik istəyiriksə, söyüş də olmalıdır” -  “Əqrəb mövsümü”nün Elnarəsi

 

Son illər yerli seriallara ağız büzmək dəb halını alıb. Hətta keyfiyyətli iş ortaya qoyulduqda belə cəmiyyət, xüsusən yaşlı nəsil sənətçilər ekran işini tənqid etməyə bir səbəb tapırlar. 

Bəs görəsən, bu nə ilə bağlıdır, həqiqətənmi Azərbaycanda yaxşı serial çəkilmir, yoxsa bu, insanların qısqanclığından irəli gəlir? 

Məsələ ilə bağlı son aylar “Əqrəb mövsümü” serialındakı obrazı ilə gündəmdən düşməyən aktrisa Zülfiyyə Qurbanova Yenisabah.az-a danışıb.

O, bəzən cəmiyyətin yerli serialları türk serialları ilə müqayisə etdiyini, bunun isə ədalətli olmadığını bildirib:

“Açığı, rejissorlar da, aktyor və aktrisalar da əllərindən gələni etməyə çalışırlar ki, seriallar təbii alınsın. Büdcənin, ssenarinin imkan verdiyi qədər buna çalışırıq. Mən dürüst şəkildə onu deyə bilərəm ki, bu gün yerli serialları tənqid edənlərin əksəriyyəti həmin seriallara baxırlar. Dəfələrlə bu halla rastlaşmışıq. “Mən seriala baxmıram” deyən adamlar ssenarinin gedişatını bizdən yaxşı bilirlər. Sadəcə olaraq bu gün Azərbaycanda türk seriallarına daha çox baxılır deyə insanlar o keyfiyyətə öyrəşiblər. Onlar türk serialları keyfiyyətində, maddi imkanında serial görmək istəyirlər, lakin nəzərə almırlar ki, bizim maddi şəraitimiz elə deyil. İstər set şəraiti, istər ssenari fərqlidir. Biz Türkiyə ilə bir deyilik. Amma bu gün hər kəs bacardığını edir ki, ortaya keyfiyyətli iş çıxsın. Mən özüm Azərbaycanda çəkilən serialların 70%-də rol almış aktrisayam deyə bunu səmimiyyətimlə deyirəm. Setə gedəndə əlimdən gələni etməyə hazır oluram”.

Aktrisa Elnarə obrazını canlandırdığı “Əqrəb mövsümü” serialını istifadə olunan vulqar ifadələrə görə tənqid edənlərə də cavab verib:

“Rol aldığım “Əqrəb mövsümü”ndə vulqar ifadələr çox işlənib deməzdim, sadəcə olaraq bir-iki açıq sözdən istifadə olunub ki, bu da gündəlik həyatda gərgin vəziyyətdə çox adamın istifadə etdiyi ifadələrdir. Bilirsiniz, insanlar bu sözləri türk, yaxud Avropa seriallarında görəndə alqışlayırlar, amma Azərbaycanda görəndə istəyirlər ki, üstünə “düüt” qoysunlar. Bu düzgün yanaşma deyil. Əgər təbiilik görmək istəyirsənsə, bu olmalıdır. “Əqrəb mövsümü”ndə lazım gəldi-gəlmədi söyüşdən istifadə olunmayıb, vəziyyətin tələb etdiyi yerlərdə işlədilib. Bu tamaşaçını cəlb etmək məqsədi güdməyib, təbiilik üçün yerində və dozasında istifadə olunub. Serialı tənqid edənlər də, tərif yağışına tutanlar da oldu. Cəmiyyətin böyük hissəsi serialı alqışladı, elə “YouTube”dakı baxış sayı da bunu göstərir. Bilirsiniz ki, Azərbaycanda seriallara “YouTube” üzərindən o qədər də baxılmır, “Əqrəb mövsümü”ndə isə vəziyyət tamam əksini göstərdi ki, bu da komandanın uğurudur”.

Tacxeber.com

Oxşar xəbərlər