• 22 Noyabr 2024 23:47

Ermənilər Qarabağa hansı pasportla gəlib-gedirlər…

Ermənilər Qarabağa hansı pasportla gəlib-gedirlər...

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bəyan edib. 

Ardınca Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında deyib ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq.

Ötən gün Prezident İlham Əliyev ABŞ Dövlət katibi ilə telefon danışığında diqqətə çatdırıb ki, Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

Dövlət başçısının sözlərinə görə,  məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Bundan əlavə, telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.

Dünən, həmçinin sosial şəbəkələrdə sərhəd-buraxılış məntəqəsinin fəaliyyətini əks etdirən görüntülər yayılıb. Kadrlardan göründüyü kimi, Azərbaycan sərhədçiləri Laçın rayonu ərazisində, Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-keçid məntəqəsindən keçən şəxslərin sənədlərini və avtomobillərini yoxlayır.

Qeyd edək ki, avtomobillərin sərhəddən keçidi üçün heç bir mane yoxdur və Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, ermənilərin Qarabağa keçidinə şərait yaradırlar.

Bəs ermənilər Azərbaycan ərazilərinə hansı pasportla gəlib-gedirlər və onların keçidi necə təmin olunur?

Mövzu ilə bağlı Modern.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, ermənilərin Qarabağa giriş-çıxışı 10 noyabr bəyanatı əsasında tənzimlənir:

“Ölkəyə giriş və çıxış prosesləri Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Ancaq ermənilərin nəzarət-buraxılış məntəqəsindən keçməsinə isə bu hal şamil olunmur. Bu məsələ beynəlxalq ağırlığı olan 10 noyabr sənədi ilə tənzimlənir. Yəni etnik ermənilərin Qarabağa giriş-çıxışını Rusiya, Gürcüstan və digər ölkələrlə olan sərhədimizdə gedən proseslərlə müqayisə etməməliyik. Ölkədə yaşamanın 3 yolu var. Bunlar müvəqqəti olma, müvəqqəti yaşama və daimi yaşamadır. Qeyd olunan yollar əcnəbi və vətəndaşlığı olmayan şəxslərə aiddir. Ümumiyyətlə, hər hansı Azərbaycan vətəndaşının ölkədən çıxanda və ya daxil olanda yoxlanılma prosesi var. Ermənilər bu hala şamil olunmur. Çünki bu məsələ üçərəfli bəyanatın şərtləri ilə tənzimlənir. Ermənilərin ölkəyə giriş-çıxışı ilə bağlı sənəd yoxdur. Videolar göstərir ki, Azərbaycan dövlətinin əsas məqsədi qanunsuz hərbi texnikaların ölkəyə gətirilməsinin və təbii sərvətlərimizin ölkədən çıxarılmasının qarşısı alınsın. Dövlətimiz hələ ki digər məsələlərə tolerant yanaşır”, – deyə o bildirib.

S.Məmmədov vurğulayıb ki, 1992-ci ilin 1 yanvar tarixinə qədər Qarabağda yaşayan ermənilər və onların övladları rahatlıqla vətəndaşlıq əldə edə biləcəklər:

“Onlar “ASAN Xidmət” mərkəzlərinə müraciət edərək müəyyən prosedurlardan keçəcəklər. Digərləri, yəni Qarabağda yaşayanlarla ailə həyatı quran şəxsləri isə naturalizasiya yolundan keçməlidirlər. Bütün proseslər başa çatandan sonra Ermənistan dövlətinə giriş və çıxış Azərbaycan qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək. Qarabağda yaşayan vətəndaşlarımız da Ermənistana getmək üçün həm bizim, həm də Ermənistan qanunvericiliyinə əsasən hərəkət edəcəklər. İndiki rejim müvəqqətidir. Mən düşünürəm ki, nəzarət-buraxılış məntəqəsində yoxlanılan ermənilərin pasportuna peçat vurulmur. Açığı, buna gərək olduğuna inanmıram. Çünki həmin o peçatın vurulması qanunvericiliyə əsasən həyata keçirilir. Amma biz qeyd etdik ki, bu proses istisna haldır. Hər hansı bir qondarma kağıza peçat vurulmasını istəmirik. Çünki onlar bizim üçün printerdən çıxan kağızdan başqa bir şey deyil”.

Deputat Bəhruz Məhərrəmov söyləyib ki, ermənilərin Laçından keçidi beynəlxalq səviyyədə qəbul olunmuş prosedurdur:

“Dövlət sərhədindən nəqliyyat vasitələrinin və şəxslərin keçidi nəzarə-buraxılış məntəqəsi vasitəsilə həyata keçirilməlidir. Azərbaycanın dövlət sərhədi haqqında qanunun 12-ci maddəsində bu məsələ öz əksini tapıb. Ermənilər sərhəddən keçmək üçün tələb olunan sənədlərini təqdim edərək həmin nəqtələrdən keçə bilərlər. Bu, təbii ki, Azərbaycanın qanunların uyğun şəkildə olmalıdır”.

B.Məhərrəmov qeyd edib ki, Azərbaycanda yaşamaq istəyən ermənilər şərtlərimizi qəbul etməlidir:

“Azərbaycan tərəfi qondarma qurumun sənədini tanımır. Prezident İlham Əliyev Salyanda AzTV-yə müsahibəsində erməni əsilli sakinlərlə bağlı vacib açıqlama vermişdi. Ölkə başçısı bildirib ki, ermənilər ya Azərbaycanın qanunlarına tabe olub yaşayacaqlar, ya da rədd olub gedəcəklər. Yəni ölkəmiz artıq seçim qoyub. Kimlər separatizmə meyillənəcək, onlar barəsində müvafiq addımlar atılacaq. Biz hələ ki həmin şəxslərin çıxıb getməsi üçün şans yaradırıq. Qarabağda qalmaq istəyənlər isə Azərbaycanın qanunlarını və prosedurları rəhbər tutmalıdır. Ermənilər nəzarət-buraxılış məntəqəsindən keçərkən çox güman ki, Ermənistanın pasportunu göstərirlər. Onlardan neçəsi Azərbaycan vətəndaşlığını qəbul etsə, gələcəkdə dövlətimizin pasportu ilə təmin olunacaq. Amma bunun üçün Azərbaycanın şərtlərini qəbul etməlidirlər”.

Tacxeber.com

Oxşar xəbərlər