“Fərqi nədir ki, məşqçinin azyaşlının anası ilə münasibəti var ya yoxdur. Bunun ölüm faktına və məşqçinin kobudluğuna, eyni zamanda idman sağlamlıq komplekslərində baş verən qeyri-qanuni hərəkətlərə nə aidiyyəti var?” Bu sözləri Ölkə.Az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
“Əvvəllər idmanda və məşqdə baş verən hadisələr zamanı sağlamlığa zərər vurma və yaxud ölümlə nəticələnən faktlar var idi. Son vaxtlar zalların və idmançılaın sayı o qədər artıb ki, bu hadisələrin də get-gedə çoxaldığını müşahidə edirik. Bu, təkcə Sumqayıtda baş verməyib. Bu yaxınlarda 2 idmançının davası zamanı birinin digərini bıçaqlaması, daha sonra Gəncədə tələbə futbolçuların davası və digər faktlar bir daha göstərir ki, bu sahəyə ciddi nəzarət mexanizmi düşünməliyik.
Titullu olsa da, o məşqçinin instaqram səhifəsinə baxsanız, patı fotoları, lotuların reklamı ilə məşğul olduğunu görərsiniz. Belə bir insana valideynlər necə öz uşaqlarını həvalə edə bilərlər?
Bu, çox dəhşətli bir haldır. Ümumiyyətlə, Azərbaycanda döyüş idman növləri – karate, qaydasız döyüş növləri, o cümlədən boks zamanı və bu tipli uşaqlarımızın sağlamlığına və psixologiyasına vurulan zərbələrlə bağlı səhiyyə, təhsil, gənclər və idman nazirlikləri və s. hansı tədqiqatlar aparıb?”
A.Əbilov bildirib ki, ölən azyaşlının anası ilə bağlı deyilənlərə əhəmiyyət verməmək lazımdır:
“Bizdə ictimai qınaq daha çox məhəllədə oturub tum çırtlayan qadınlar səviyyəsində söhbətlərə çevrilib. Özü də bunu daha çox sosial şəbəkələrdə mənasız, savadsız adamlar edir. Yaxşı olar ki, cəmiyyət bu yöndə mənasız müzakirələrə yer verməkdənsə, idman sahəmizdə məşq və sağlamlıq komplekslərində olan problemlər ətrafında diskussiyaya açıq olsun. Məsələn, sual etməlidirlər ki, nə üçün bu problem yaranır, məşqçilər həm əsəbləri, həm narkoloji, həm də alkoqolozmlə bağlı hansısa analizlər verirlərmi, bu insanlara uşaqlarımızı rahatlıqla tapşıra bilərikmi və s.
Cəmiyyətin şayiələrə bu qədər diqqət ayırması səviyyəsinin nə qədər aşağı olduğunu göstərir. Biz bu mənada nəinki hansısa ananın məşqçi ilə münasibətindən danışmalı, sosial şəbəkələdə özlərini ağıllı göstərən insanları qınağa tuş gətirməliyik.
Əgər belə bir münasibət varsa da, məşqçi ilə yanaşı, ananın da cinayət məsuliyyətinə cəlb edilməsi vacibdir. Bu çox önəmlidir, çünki biz digər hadisələrin qarşısını ala bilərik.
Bu tipli hadisələr zamanı inkişaf etmiş ölkələrdəki cəmiyyətlərdə o dəqiqə aidiyyəti dövlət qurumlarından ibarət komissiya yardılır.
Soruşmaq lazımdır ki, niyə dövlətin maliyyə ayırdığı çempionlar sonradan narkotikə qurşanır, həbsxanalara düşür? Niyə bəzi idmançılarımız başqa ölkələrdəki kimi elitanın nümayəndəsi deyil, məhz cinayətkar aləmin nümayəndəsi kimi tanınmalıdır?”
Kulturoloq F.Bakarovun anasının açıqlama verməsi və davranışları ilə bağlı tənqidlərə isə belə reaksiya verib:
“Kim deyir ki, yas yerində normal geyinmək olmaz?! Ola bilər ki, şəriətdə və mentalitetdə bununla bağlı nüanslar var. Məsələn, yas yerinə al-əlvan geyimdə, pudralı, zinət əşyaları taxaraq getmək olmaz deyirlər. Bəs yazıq qadınlarımız hara getsinlər?! Aldıqları paltarları, zinət əşyalarını, öz gözəlliklərini harada göstərə bilərlər? Biz onları restorana, gecə klublarına qoymuruq, toylarda da özlərini ağır aparmalıdırlar və s. Qadınlardan ibarət yas məclislərində də biz onlara qadağan edirik.
Kim deyir ki, övladı ölən ana üzünü mütləq cırmalıdır? Üz cırmaqla, qara geyinməklə övladını dirildə bilər? Yaxud övladına olan kədərini, sevgisini nümayiş etdirə bilər? Belə dar düşüncələri kənara qoymalı, cəmiyyət olaraq o ana-atanın yanında olmalı, idmançılar arasında belə hadisələr baş verməməsinə çalışmalıyıq.
A.Əbilov idman zalları və olimpiya komplekslərində təhlükəsizlik məsələlərinə xüsusilə diqqət çəkib:
“İndi ağıllarına gəlib ki, idman salonlarında təhlükəsizlik kameraları yerləşdirilməlidir. Öldürən onsuz da bunu kameranın qarşısında da edəcək, kənarda da.
Heç kim deyə bilməz ki, məşqçi bilə-bilə öldürüb. Bəli, kobudluq var. İdmanın elə növləri var ki, orada qabalıq tələb olunur. İdmançı boksçudursa və ya döyüş növləri ilə məşğul olursa, ona zərbələr endiriləcək və heç kim bundan sığortalanmayıb. Soruşmaq lazımdır ki, niyə o uşaqlarda qoruyucu papaq və ya geyimlər yoxdur? Niyə bu normativ akt kimi onların qarşısına qoyulmur? Niyə dövlətin pul ayırdığı idmançı narkotik çəkib gəlib dövlətin təsisatında özünü göstərməklə məşğuldur. Bu yöndə müzakirələr aparmalıyıq”.