• 25 Noyabr 2024 14:14

Elman Nəsirov salfet satanlarla bağlı çıxışının müzakirəyə səbəb olmasından danışdı: “Hər kəs öz ağlı səviyyəsində yozur”

 

Milli Məclisin deputatı Elman Nəsirov dilənçilərlə bağlı çıxışının müzakirə yaratmasına aydınlıq gətirib.

Deputat Pravda.az-a açıqlmasında deyib ki, həmkarları ilə parlamentin İnsan hüquqları komitəsində 2022-ci il ərzində insan alverinə qarşı mübarizə məsələləri ilə bağlı hesabatı müzakirə ediblər.

“Bu hesabat çərçivəsində ölkəmizdə insan alverinə qarşı mübarizənin vəziyyəti, uşaqların məcburi əməyə cəlb olunması, dilənçilik kimi məsələlər müzakirə edilirdi. Mən heç bir halda kontekstdən kənar danışmamışam. Nəyi danışmışamsa, hesabat çərçivəsində toxunulan məsələlər ətrafında danışmışam. Azərbaycanda insan alverinə qarşı mübarizənin vəziyyəti, bu sahədə beynəlxalq əməkdaşlıq, mübarizənin effekti, səmərəliliyi kimi məsələlər müzakirə edilirdi. Bir daha qeyd edirəm, bu kontekstdə uşaqları zorla məcburi əməyə gətirmək, onların əməyini istismar etmək, dilənçilik və onun cəmiyyət üçün yad bir element olması məqamı diqqət mərkəzində idi. Bu, heç kimin hüquqlarının tapdalanması demək deyil. Məsələni hər kəs öz ağlı səviyyəsində yozur. Maşın sürdüyün yerdə körpə uşaqlar yaxınlaşırlar. Axı sizin xəbəriniz yoxdur, onları bu prosesə kim cəlb edib, arxasında kimlər dayanır. Bundan xəbəriniz yoxdur, amma bizim xəbərimiz var. Ona görə də belə hallarla mübarizə aparılır”, – E.Nəsirov bildirib.

Deputat vurğulayıb ki, Daxili İşlər Nazirliyi bu istiqamətdə işini çox səmərəli qurub: “Yeri gəlmişkən, nəzərinizə çatıdırm ki, mən də, həmkarlarım da DİN-in fəaliyyətini çox yüksək qiymətləndiririk. Müzakirələrdə qeyd etdik ki, ölkəmizdə cinayətkarlığa qarşı mübarizə prosesində DİN çox böyük işlər görür. Xüsusilə, terrorçuların tapılması, üzə çıxarılması prosesində DİN-in qazandığı son nailiyyətləri vurğuladıq. Daxili İşlər Nazirliyinə ünvanladığımız istənilən müraciətimizə dərhal cavab verilir. İclasda bunu da xüsusi vurğuladıq, bu, bir həqiqətdir. Eyni zamanda DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi məhz belə neqativ hallarla – insan alveri, onun törəmə elementləri, dilənçiliklə, uşaqların məcburi əməyə cəlb edilməsi ilə mübarizə aparır. Adamlar var, başı çıxdı-çıxmadı hər şeydən danışır. Mən də öz gördüklərimi danışdım. Maşınla gedərkən uşaqlar bəzən, hətta iki istiqamətdə yaxınlaşıb maşının şüşəsini silmək istəyirlər. Bu, adətən işıqforda olur. Bəzən onlar maşınların hərəkətinə maneə olurlar. Bunların hamısı gözümüzün qarşısında baş verir və dilə gətirmək lazımdır, susmaq yox. İkincisi, mənə qarşı belə fikirlər səsləndirən insanlar, yəqin, özləri də görürlər ki, əvvəllər heç vaxt əllərində salfet, yaxud başqa nəsə tutub insanlara onu almalarını təklif etmirdilər. Amma indi bu hallar da var. Hesab etdim ki, bu, müsbət haldır. Yaxınlaşıb pul istəmir, qarşılığında səndən 10-15 qəpiklik nəsə almağını istəyir. Təbii ki, 10 qəpiklik nəsə təqdim edən insana 10 qəpik vermək olaz. Yəqin, daha çox vəsait verirlər, bu, bir həqiqətdir və bunu hallandırmağın qətiyyən mənası yoxdur. Bəzən boş-bekar qalan insanlar var, bilmirlər ki, nə ilə məşğul olsunlar, nəyi qabartsınlar, kimi gözdən salsınlar. Biz gördüklərimizi danışırıq. Biz cəmiyyətin içindəyik. Bu gün mənim haqqımda o ittihamları yazanlar özləri də hər gün mən dediklərimi görürlər. Hər gün dediyim reallıqlarla üz-üzə qalırlar. Sual verirəm, sadəcə yaxınlaşıb pul dilənmək yaxşıdır, yoxsa əvəzində bir şey təqdim edib onu almağınızı xahiş etmək? Sizcə, hansı yaxşıdır? Hesab edirəm, ikinci hal daya yaxşıdır. O, artıq dilənçi qismində yox, nəyinsə qarşılığında təqdimat aparır. Söyləyir ki, siz mənə bir, iki, yaxud beş-on manat pul versəniz, mən də qarşılığında sizə 10-15, ya 50 qəpiklik əşya verərəm. Düşünürəm, bu, artıq yeni yanaşmadır. Düzünü deyim ki, əvvəllər belə hallar görməmişdim, son illər baş verir”.

Tacxeber.com

Oxşar xəbərlər