• 22 Noyabr 2024 13:33

Qurban Qurbanov: “Sonuncu çempionluq həmişə daha şirin və vacib olur”

 

“Sonuncu çempionluq həmişə daha şirin və vacib olur”.

Tacxeber.com “Report”a istinadla bildirir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Səbail”i 3:0 hesabı ilə məğlub etdikləri və çempionluğu rəsmiləşdirdikləri Premyer Liqanın XXXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis mövsümü uğurlu tamamladıqlarını bildirib: “Çempionluq münasibətilə futbolçularımı təbrik edirəm. Bu mövsüm çox əziyyət çəkdilər. İlk gündən sıx qrafikdə oynasaq da, hər şey düşündüyümüz kimi alındı. Futbolçularım bu çempionluğu qeyd etməyə layiqdirlər. Azarkeşlərimizin sevinci, bizimlə birgə olması həmişə bizə güc verib. Hər çempionluq vacib olur. Çünki tələblər çoxalır. Hər dəfə çempion olanda növbəti mövsümdə də səndən bunu gözləyirlər. Rəqiblər isə daha ciddi hazırlaşırlar. Bu mövsüm də xeyli sayda çətin oyunumuz oldu. Bəzən hansısa titulu əldə etdikdə sanki bir az rahat nəfəs almağı düşünürsən. Amma bizim rahat olmağa, futbol haqda düşünməməyə vaxtımız yoxdur”.

Qurbanov 10-cu çempionluğun onlar üçün önəmli rol oynadığını söyləyib: “Hər bir çempionluq istənilən klubu daha da böyüdür. 10-cu çempionluq və iki böyük ulduz klubun tarixinə düşür. Bizim dönəmimizdə bunun baş verməsinə sevinirəm. Buna uğurumuzun bir hissəsi kimi baxırıq”.

O, zədədən əziyyət çəkən Adama Diakabi və Yassin Benzianın avrokubokların startına qədər kollektivə dönəcəyinə inanır: “Düşüncəmizə görə, bu gün hər ikisi ideal formada olmalıydı. Futbolda bəzən düşünmədiyin nəticələr, transferlər olur. Məsələn, Abbas Hüseynov komandada fiziki göstəricilərdə ən üstün oyunçularımızdan biridir. Ancaq qış hazırlığında çox sadə epizodda zədə aldı. Buna görə suala dəqiq cavab verməyə ehtiyat edirəm. Benziada hansısa problem olacağına inanmıram. Diakabinin zədəsi sümük nahiyəsindədir. Onun dönüşü uzun çəkə bilər. Hazırlıq dönəmində komandanın tam heyətlə olmasına çalışacağıq”.

Baş məşqçi transfer çalışmalarını bundan sonra sürətləndirəcəklərini əlavə edib: “Hansısa oyunçunun gedəcəyi barədə hələ düşünməmişəm. Həmişə əlimizdəki oyunçuların qalmasını istəmişəm. Qarşılıqlı razılaşma olmadıqda hansısa qərar veririk. Yeni gələcək oyunçularla danışıqlar davam edir. Bəzən yüz faiz anlaşdığımız oyunçunun keçidi son anda alınmır. Transfer məsələsinə bundan sonra daha ciddi baxacağıq. Çox istərdim ki, kollektivimiz tam qalsın və bir neçə oyunçunu da bura əlavə edək”.

Tacxeber.com

Oxşar xəbərlər