• 22 Noyabr 2024 06:59

İmam qadınlar təyin olunur? – “İbadətdə cinsiyyət fərqi yoxdur, hər iki cins eynidir” 

İmam qadınlar təyin olunur? - “İbadətdə cinsiyyət fərqi yoxdur, hər iki cins eynidir” 

Bu yaxınlarda təxminən 15-ə yaxın məscidə qadın dini ayin icraçısı təyin edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıqlamasında bu sayın zamanla daha da artacağını bildirib.

Belə ki, qadın dini ayin icraçısı imamın tapşırığı ilə qadınlar bölməsində fəaliyyət göstərəcək və qadınlarla bağlı məsələlərdə islami dəyərlərə əlaqədar izahat işləri aparacaq. Eyni zamanda, onlar İslama aid olan müxtəlif mərasimlərin idarə olunmasında iştirak edəcək.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Növrəstə İbrahimova bildirib ki, qadınların da məscidlərdə yer alması müsbət haldır və müqəddəs kitab olan Qurani-Kərimdə qadınlarla kişilər hər zaman bərabər tutulur:

“Bizim dünyamız da, axirətimiz də İslam dini deyilən sonuncu və pak bir dinin qanunları ilə getməlidir, çünki xoşbəxtlik oradadır. Ümumiyyətlə Allah-Təala Qurani-Kərimin əvvəlindən sonuna qədər mömin kişilər və mömin qadınlar haqqında danışıb. Elə bir hökm yoxdur ki, orada Allah yalnız kişiləri nəzərdə tutsun. Hər bir ayədə “Ey iman gətirən kişilər və qadınlar” deyilir. Allah dünya üzərində olan bütün işlərdə qadınları kişilərdən ayırmayıb. Təbəqə, iman, Allaha ibadət və itaətdə cinsiyyət fərqi yoxdur, hər iki cins eynidir.

Mən də bu nöqteyi-nəzərdən, yaradan sübhani-xaliqin əmri ilə qadınların da məscidlərdə imam təyin edilməsini dəstəkləyirəm. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bu qərarını yüksək qiymətləndirirəm”.

O, məscidlərə təyin edilən şəxslərin dini savadının ciddi yoxlanılmasının vacibliyini vurğulayıb:

“Seçilən, seçiləcək qadın imamlarla bağlı bir sıra tövsiyələr vermək istəyirəm. Bəzi məscidlərdə keçirilən mərasimlərdə iştirak etdikdə görürük ki, təyin edilən qadınların bəzisinin dini savadı o qədər də güclü deyil. Mən demirəm hər kəsdən çox bilirəm, lakin Peyğəmbərimiz də buyurub ki, beşikdən qəbirə qədər öyrənin. Dini savadı olan ekspert, müəllim kimi  tövsiyə edirəm ki, təyin edilən qadınların dini savadı ciddi yoxlanılsın, Quranı hansı səviyyədə bildiyi öyrənilsin.

İmam sözünün lüğəvi mənası işıq, öndə gedən deməkdir. İmamlar bələdçilik edir. Məscidlərdə oturan xanımlar orada təşkil olunan mərasimlərdə qonaqların suallarını cavablayır, onları maarifləndirir. Mən demirəm ki, hər şeyi əzbər bilsinlər, yox, ən azından oxuduqları 5-10 surəni insanlara düzgün çatdırsınlar, tərcüməsini bilsinlər. İnsanlara Allahın sözünü çatdıra bilsinlər.

Bu təyinatı edənlər çox diqqətli olmalıdır. Fərq etməz, istər qadın olsun, istər kişi, onun dini savadı yoxlanmalıdır. Heç olmasa, 70-75% dindən xəbəri olsun ki, gələn insanların suallarına cavab verə bilsin, düzgün yol göstərsin. Bax, onda mən bu işə canla-başla “hə” deyərəm”.

Tacxeber.com

Oxşar xəbərlər