• 22 Noyabr 2024 17:46

Yazda insanlar niyə tez yorulur – SƏBƏBLƏR

 

Qışdan yaza keçid edərkən insanlar daha yüksək əhval-ruhiyyə gözləsə də, bir çoxlarında yorğunluq və əzginlik hiss edilir. İnsanlar bu halları ciddiyə almasa da, qeyd olunan vəziyyət pataloji ola bilər. 

Xroniki yorğunluq adlanan sindrom müxtəlif amillər, o cümlədən mövsümi allergiya, hava şəraitinin dəyişməsi, yuxu rejiminin pozulması nəticəsində yaranır. Mövsümi affektiv pozğunluq, D vitamini çatışmazlığı da xroniki yorğunluğa səbəb ola bilər. Fiziki yorğunluqdan fərqli olaraq xroniki yorğunluqdan istirahət etmək və ya yatmaqla xilas olmaq mümkün deyil.

Xroniki yorğunluq insanların psixoloji vəziyyətinə təsir edən mürəkkəb patalogiyadır. Davamlı və səbəbsiz halsızlıqla xarakterizə olunan xroniki yorğunluğun dəqiq səbəbi hələ də məlum deyil. Bəzən xroniki yorğunluğun simptomları yuxarıda qeyd olunan əzginlik və ya halsızlıqdan daha ciddi olur. Nəticədə insanlarda yaddaş problemləri yaranır, konsentrasiya və hadisələrə fokuslanmaqda əziyyət çəkirlər.

Bəs belə halların qarşısını necə almaq olar?

Azərbaycan Tibb Universitetinin professoru, tanınmış həkim Adil Qeybulla xroniki yorğunluğun əsas səbəbinin D vitamini çatışmazlığı olduğunu düşünür.

“Ümumiyyətlə, yorğunluğun səbəbləri çoxdur. Buna natamam qidalanma, D vitamini çatışmazlığı, müxtəlif xəstəliklər, yanaşı xəstəliklər səbəb ola bilər. Xroniki yorğunluq daha çox vitamin – D əskikliyinə görə yaranır. Daimi və fiziki yorğunluq hiss edənlərin ilk növbədə vitamin – D səviyyələrini yoxlatmaları məqsədəuyğundur. Bəzən anemiyalarda da yorğunluq aşkarlana bilər. Bunun səbəbi mütləq araşdırılmalıdır. Xroniki yorğunluğun göstəriciləri zəiflik, halsızlıq, əhval-ruhiyyənin aşağı düşməsi, yuxuya meyillilik, fiziki və psixi, yəni əqli aktivliyin, koqnitiv funksiyaların enməsidir”, – deyə həkim qeyd edib.

Professor bildirib ki, yorğunluğun səbəbi araşdırılmalı və ona uyğun olaraq müalicələr tətbiq edilməlidir.

Həkim terapevt-qastroenteroloq Nuranə Məhərrəmova isə düşünür ki, xroniki yorğunluğun səbəbi vitamin deposunun tükənməsidir.

“Aprel-may aylarında orqanizmdə payızdan yığılan vitamin deposu tükənir. Çünki mövsümi meyvələr hələ yeni çıxır. Aprel-may aylarında mövsümi meyvələrin qıtlığı olur. Buna görə də, orqanizmdə olan enerji deposu tükənir. Hesab edirəm ki, əsas səbəb budur. İkinci növbədə iqlim dəyişikliyini və individual halsızlığı vurğulaya bilərəm. Xroniki yorğunluq həm də insanların öz daxili problemləri, stress faktorları ilə bağlı ola bilər. Xroniki yorğunluq əsasən gənclərdə və 30-45 yaş aralığı insanlarda daha çox müşahidə olunur”, – terapevt bildirib.

Xroniki yorğunluqla mübarizə olduqca çətindir və müalicə yanaşmaları adətən həyat tərzi dəyişiklikləri, dərmanlar və psixoloji dəstəyin birgə tətbiqini əhatə edir. Xroniki yorğunluğu olan şəxslər üçün dəstək şəbəkəsi yaratmaq və ehtiyaclarını dostlarına, ailəsinə, tibb işçilərinə çatdırmaq vacibdir. Kifayət qədər yatmaq, balanslaşdırılmış pəhriz saxlamaq və yüngül idmanla məşğul olmaq kimi hərəkətlər xroniki yorğunluğun simptomlarını idarə etməyə yardımçı ola bilər.

Nuranə Məhərrəmova həll yolu olaraq yuxu və qidalanma rejiminə diqqət yetirilməsini tövsiyə edir.

“İlk növbədə yuxu rejiminə diqqət yetirmələrini məsləhət görərdim. Çünki halsızlığın ən böyük səbəblərindən biri də yuxu rejiminə riayət etməməkdir. Öncə mütləq saat 11:00-dan 14:00-a qədər yatmaqlarını tövsiyə edərdim. Çünki orqanizmi idarə edən hormanların dincəlmə vaxtları əsasən o saatlara düşür. Bəzən elə ola bilər ki, insanlar düzgün qidalana, yetərincə gəzə bilərlər. Lakin yuxu rejiminə etinasızlıq etmələri yorğunluğa, halsızlığa və enerji tükənməsinə gətirib çıxara bilər. İkinci növbədə qidalanmaya düzgün yanaşmalarını, bol su və maye içmələrini tövsiyə edirəm. Hər insan gün ərzində ən azı 2 litr su içməlidir”.

Qeyd edək ki, digər insanların vəziyyəti başa düşməsi və empatiyası xroniki yorğunluğu olan şəxslərin vəziyyətdən çıxması üçün çox vacibdir, çünki xroniki yorğunluq adətən səhv başa düşülür və insanların əzgin, yorğun, əldən düşmüş görünməsi “tənbəllik” kimi qiymətləndirilir. Xroniki yorğunluğa dair tədqiqatlar davam edir, alimlər və tibb mütəxəssisləri xroniki yorğunluğun əsas mexanizmlərini, effektiv müalicə variantlarını daha yaxşı başa düşmək üçün çalışırlar. Ümumilikdə, xroniki yorğunluqla mübarizə kompleks xarakter almalı, yalnız dərman müalicəsi deyil, ətrafdakı insanların dəstəyi və psixoloji yardımı da ehtiva etməlidir.

Tacxeber.com

Oxşar xəbərlər