Eyzenmenger sindromu anadangəlmə ürək qüsurlarında sistem arterial təzyiqin qüsur dəliyi vasitəsilə ağciyər arteriyasına ötürülməsi nəticəsində meydana çıxan ağciyər arteriyasının hipertenziyasıdır. Bu zaman ağciyərlərin damar sistemində, xüsusilə kiçik diametrli ağciyər arteriolalarında obstruktiv dəyişikliklər gedərək onlarda diffuz daralmalar əmələ gəlir ki, bu da onların qandaşıma funksiyasının pozulmasına gətirib çıxarır. Eyzenmenger sindromunda ağciyər arteriyasındakı təzyiq sistem arterial təzyiqə bərabər olur.
Əlamətləri:
Tezyorulma
Tənginəfəslik
Arterial sistemdə oksigenin miqdarının azalması nəticəsində baş verən sinkopal hallar – bayılmalar
Ürək ritmi pozğunluğu
Fizikal müayinədə aorta qapaqları üzərində yüksək ton, siamoz və əl barmaqlarının “təbil çubuğuna” bənzəmələrini müşahidə etmək olar.
Xəstəlik proqressiv xarakter daşıyaraq bəd proqnozludur. Xəstələr adətən, xəstəliyin gedişatı nəticəsində meydana çıxan kəskin ürək çatışmazlığından, insultdan tələf olurlar. Eyzenmenger sindromlu qadınlar hamiləlikdən çəkinməlidirlər. Bu hal həm ana və həm də uşaq üçün böyük təhlükədir. İlk növbədə sianoz tutmaları dölün Eyzenmenger sindromlu ananın bətnində sağlam inkişafına böyük maneə olub dölün erkən salınmasına, ana bətnində ölməsinə və ya qüsurlarla doğulmasına gətirib çıxardır.
Digər tərəfdən belə xəstələr hamiləliyi olduqca pis keçirdərək, həyat üçün çox təhlükəli idiopatik ürək ritminin pozğunluqları, anasarkalı kəskin ürək-ağciyər və böyrək çatışmamazlıqları ilə müşaiyət olunur. Belə hallarda erkən qeysəri kəsiyi ilə hamiləliyin bitirilməsi və gərgin intensiv tədbirlər bahasına bəzən ananı xilas etmək mümkün olur.
Buna görə də bu sindromun yaranmasına səbəb olan xəstəliklərin – ürəyin anadangəlmə qüsurlarının erkən, hələ uşaq yaşlarında aşkarlanıb, cərrahi yolla korreksiya olunması əsas profilaktik amillərdən sayılır.