• 23 Noyabr 2024 05:59

Azərbaycanın tanınmış veteran futbolçusu: “Evin bir kişisi olar”

 

Artıq Azərbaycan Premyer Liqasında cari mövsüm sona yaxınlaşır. Tam bitməyə cəmi bir tur qalsa da, mükafatçılar və çempion məlumdurlar. Bu gün baş tutacaq oyunlarda yalnız sonuncu pillənin sahibi müəyyənləşə bilər ki, bu da növbəti turun formallığına şərait yaradacaq…

Azərbaycanın tanınmış veteran futbolçularından olan Kamal Quliyev “Qaynarinfo”ya açıqlamasında mövsümü dəyərləndirib: “Qarabağ” elə “Qarabağ”lığında, yəni şahlığında qalır. “Neftçi”yə təəssüf edirəm. Səriştəsiz idarəçiliyin sonu belə də olmalıdır. Baş məşqçiyə o qədər pul vermək, lazımsız transferlər… Çox heyif ki, kubokun finalına çıxmaqla nəyisə ört-basdır etmək istəyirlər. Bunlar hamısı boş şeylərdir, cəfəngiyyatdır. Hələ finalda qələbə qazanıb-qazanmayacaqları bilinmir. Çox uğursuz mövsüm keçirdilər. Uğursuz transferlər, baş məşqçi və səriştəsiz idarəçilik sistemi gördük”.

Quliyev “Neftçi”də ilk növbədə rəhbərliyin dəyişməli olduğunu bildirdi:

“Rəhbərlik dəyişilməlidir, istefa verməlidirlər. Qardaş, nə yapışmısan klubdan? İşini bacara bilmirsənsə, buraxmalısan. “Neftçi”nin əvvəlki əzəmətini qaytarmasını istəyirlərsə, mütləq o evin sahibi gəlməlidir. Həmin sahib də Sadıq Sadıqovdur. Evin bir kişisi olar”.

Millimizin sabiq üzvü digər klubların çıxışı ilə bağlı da düşüncələrini bölüşdü:

“Kəpəz” təhlükədən adladı. “Sumqayıt” Samir Abbasovun öz qurduğu, yaratdığı komanda deyildi. Gəldi ki, heyəti toparlasın. Bilirsiniz, məsəl var: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Mövsümün əvvəlindən hansı transferləri həyata keçirmisənsə, sona qədər də onlarla davam etməyə məcbursan. Arada müəyyən dəyişikliklər ola bilər, amma bu elə-belədir. “Turan Tovuz”u, “Qəbələ”ni, “Sabah”ı yaxşı mənada dəyərləndirərdim. Klublarımızda mənfi və müsbət dəyişikliklər oldu”.

Keçmiş müdafiəçi Premyer Liqadan hansısa komandanın Birinci Diviziona düşəcəyi ilə bağlı söhbətlərə inanmadığını da dedi:

“Siz buna inanırsınız? Mən inanmıram ki, hansısa komanda Birinci Diviziona düşəcək. Çox istərdim ki, klubların sayı artsın. Düşmə ehtimalını görmürəm”.

O, klublarımızın indiki halda avrokuboklarda hansı şəkildə çıxış edə biləcəyi ilə bağlı bu cür düşünür:

“Bunu gələcək göstərəcək. Hazırlıq prosesləri olacaq. Görək, kim hansı transferləri həyata keçirəcək. Yalnız bundan sonra nəsə deyə bilərik. “Qarabağ” istisna, başqa klublarımızda dəyişikliklər ola bilər. Yoxlama oyunlarının bizə ümid verib-verməyəcəyini görəcəyik”.

Hazırda işsiz olan mütəxəssis AFFA rəsmiləri və Məşqçilər Komitəsi ilə görüşdüyünü də bildirdi:

“AFFA rəsmiləri ilə, Məşqçilər Komitəsinin üzvləri ilə görüşdüm. İnşallah gələcək üçün, söz veriblər ki, yaxşı olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər