• 22 Noyabr 2024 20:12

“Şirlə olan səhnəyə çəkilməzdən əvvəl vəsiyyət etmişdim”

 

“İlk qonorarımı “Azadlıq şirin sözdür” filmindən almışam. Həmin filmdə bir epizod oynamışdım. Kiçik məbləğ olsa da, mənim üçün xeyli pul idi. O vaxt dərəcəm yox idi. Ssri-də ən böyük dərəcə 75 manat idi. Dərəcəm olandan sonra SSRİ-də ən böyük qonorarı mən aldım. Çox sağ olsun bizim hökümət aktyora baxır, qayğı göstərir.

O vaxt Rus Dram Teatrında Vera Şirye adında bir aktrisamız var idi. “Ana və poçtalyon” şeirini çox gözəl, əzbərdən deyirdi. Heydər Əliyev onu çox yaxşı tanıyırdı. Ulu öndərə demişdilər ki, Vera Şirye zibillikdə eşələnir. Bundan sonra Heydər Əliyev sənət adamlarına kömək məqsədilə təqaüd fikirləşdi. Həmin təqaüdü ilk 20-yə yaxın sənətçi aldı, onlardan biri də mən idim. O bu gün bizi yaşadır. Başqa MDB ölkələrində bu yoxdur. Dövlət əlindən gələn hər şeyi edir. Bircə qalıb ki, xidmət etmək, işləmək, maraqlı, baxımlı filmlər çəkmək. Bu gün filmi bilirsiniz necə və nə üçün çəkirlər? Kimsə özünə ya maşın, ya ev almaq istəyir, götürüb bir film çəkir ki, pul qazansın. Nəticədə də hər şey bərbad olur”. Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib.

“Gənclər öz üzərlərində çalışmalıdırlar, inkişaf etməlidirlər. Bir rol oynayan kimi ulduzluq etmək olmaz. Obrazın ştrixlərini tapmaq, aramaq lazımdır. Bizim vaxtımız yox idi, oxuyurduq, maraqlanırdıq, öyrənirdik. Ona görə də başqa işlərə vaxtımız qalmırdı. İndi işdən başqa hər şeylə məşğul olurlar. Ona görə də sənət yoxdur. Mənim sənət dostlarım çox olub. Səməndər Rzayev, Fuad Poladov və s. sənətkarlarla dostluq etmişəm. Yaxşı dostlarım da olub, mənə paxıllıq edənlər də olub. Amma mən heç kimə paxıllıq etməmişəm. İstəsəm belə buna vaxtım olmayıb” deyə xalq artisti bildirib.

Xalq artisti filmlərdə yaşadığı çətinliklərdən də danışıb.

“Yumoru çox sevirəm. Əsl yumoru. Elə bir yumor olmalıdır ki, tamaşaçılar gülə-gülə düşünsünlər. Rejissoru bütləşdirmək olmaz. Mənə baş qəhrəmanları, ciddi obrazları veriblər. Epizod da oynamışam, amma onu da baş rol kimi oynamışam. Aktyor gərək sərbəst olsun. Həmişə teatrda işləmək arzum olub. Amma bu mümkün olmayıb. Mənim fikrimcə aktyor teatrda işləyib, sonra kinoya çəkilməlidir. Filmə çəkilmək, filmdə rol oynamaq da asan deyil. “Dədə Qorqud” filmində şirlə məşhur səhnəm var. O səhnəyə çəkilməzdən əvvəl hətta vəsiyyət də etmişdim. Şirlə zarafat etmək olmaz axı. Özü də bir baxırdı gözlərimin içinə. Həmin filmdə ceyranla bağlı səhnəm də var. İpi atıram, ceyranı tutub gətirirəm Banuya. Ceyran yazıq bilmir axı kinoya çəkilir. Yerə yıxan kimi gözündən yaş gəlirdi. 3-4 dubl çəkəndən sonra ceyranın ürəyi partladı, öldü” deyə sənətkar bildirib.

Tacxeber.com

Oxşar xəbərlər