• 27 Noyabr 2024 09:39

Sağlamlıq haqqında arayışın verilməsi zamanı rüşvət tələb edilir? – AÇIQLAMA

 

Səhiyyə Nazirliyinin məktəblərin bağlanmasına az qalmış şagirdlərdən sağlamlıq haqqında arayış tələb etməsi Azərbaycan səhiyyə sistemində rüşvət məsələsini yenidən gündəmə gətirib. İddia edilir ki, xüsusən xəstəxanalardan arayış alarkən rüşvət tələb olunur. Bildirilir ki, məhz SN-nin məktəblərdən sağlamlıq arayışı istəməsi nəticəsində bir çox poliklinikalar süni növbə yaradaraq insanları rüşvət verib sağlamlıq arayışı almağa məcbur edirlər. Adıçəkilən xəstəxanalardan biri də Yeni Günəşlidə yerləşir. Sosial şəbəkələrdə həmin xəstəxanada şagirdlərdən arayış üçün 30 manatdan rüşvət alındığı iddia olunur. Məhz elə buna görədir ki, zaman-zaman adı rüşvətdə hallanan bəzi həkimlər, tibb işçiləri insanlarda səhiyyəyə olan inamı azaldırlar.

Tanınmış həkim-cərrah, professor Adil Qeybulla isə Pravda.az-a müsahibəsində deyib ki, bu gün icbari tibbi sığorta ilə xeyli insan pulsuz əməliyyat olunur.

“Özü də bahalı əməliyyatlardır – ürək əməliyyatları, koxlear implantlar və s. Əvvəllər icbari tibbi sığortaya qədər bu əməliyyatların aparılması üçün müəyyən ödəniş edilməsi, heç olmasa sərfiyyat materiallarının ödənilməsi tələb olunurdu. Bu gün isə bunların heç biri yoxdur”, – həkim bildirib.

A.Qeybulla arayışla bağlı məsələyə də toxunub: “Təəssüf ki, vətəndaşların arayışı elektron qaydada almaq imkanları çox məhduddur. Hər bir vətəndaşın tibbi kartı olmalıdır, onun sağlamlıq göstəriciləri kartda əksini tapmalıdır. Bu olmadığı üçün belə arayışlar tələb edilir. Bəzi poliklinikalar iddia edirlər ki, arayış pulsuzdur, bəzən isə arayışa görə pul tələb olunması barədə şikayətlər ortaya çıxır. Halbuki sağlamlıq haqqında arayışın alınması bir qayda olaraq pulsuz olmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər