Rusiyanın xarici işlər naziri hesab edir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin təhdidlərinə görə Qərb dövlətləri cavab verməlidir
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general Vadim Skibitski bir neçə gün əvvəl Rusiya prezidenti ilə bağlı dedikləri geniş rezonans doğurub. O bildirib ki, kəşfiyyat Vladimir Putini öldürməyə çalışır. “Die Welt” qəzetinə müsahibəsində Skibitsky “Putin Baş Kəşfiyyat İdarəsinin hədəfləri arasında siyahının başındadır” deyib. General bunu belə izah edib ki, “çünki Putin Ukrayna müharibəsində baş verənləri əlaqələndirir və qərarlar verir”.
Onun sözlərinə görə, kəşfiyyatın siyahısının ən başında Rusiya prezidenti ilə bərabər “Vaqner” özəl hərbi birləşməsinin lideri Priqojin də var, o cümlədən Ukraynaya hər gün zərbələr endirmək əmri verən generalların da məhv edilməsi prioritet məsələdir. Onun fikrincə, “Rusiya prezidenti ona təhlükənin getdikcə yaxınlaşdığını hiss edir, özünün öldürülməsindən də qorxur”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu hədəylə bağlı danışıb. Lavrov “ABŞ və Böyük Britaniyanın bu bəyanatın nə dərəcədə adekvat olduğunu yəqin ki, təhlil edirlər” deyib. Lavrov hesab edir ki, Qərb bu sözlərə görə cavab verməlidir. “Mən şübhə etmirəm ki, Vaşinqtonda və Londonda oturan “kuklaçılar” bu insanların nə qədər adekvat olduqlarını düşünməyə başlayıblar”.
Xarici işlər naziri Ukrayna kəşfiyyatı rəhbərinin “harada olur-olsun bütün rusları öldürmək təhdidindən” sonra Rusiyanın dövlət başçısına qarşı da bu cür hədə ciddi düşünməyə əsas verir. Diplomatın fikrincə, “söz sərçə deyil və bu deyilənlərə görə Qərb cavab verməlidir”
Kremlin sözçüsü Dmitri Peskov da Skibitskinin sözlərinə cavab olaraq bildirib ki, Kiyev mübarizədə “terror üsullarını qəbul edir”.
Dmitri Peskov Birinci Kanala müsahibəsində “ bu o deməkdir ki, Kiyev rejimini de-fakto və de-yure dəstəkləməklə Vaşinqton, London, Paris, Berlin və kollektiv Qərbin həm də terrorçu iş üsullarını dəstəkləyir” deyib.
Ukrayna hakimiyyətinin nümayəndələri ilk dəfə deyil ki, Rusiya prezidentini məhv etmək planları haqda danışırlar. Bundan əvvəl Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov da Putini Ukrayna üçün “qanuni hədəf” adlandırmışdı. Eyni zamanda o qeyd edib ki, dövlət başçısını aran götürmək məqsədəuyğun deyil, bu səbəbdən Ukrayna kəşfiyyatı buna cəhd göstərmir. Onun sözlərinə görə, Kiyev “Ukraynanın tam qələbəsinə qədər bu dünyanın istənilən yerində rusları öldürməyə davam edəcək”.
Kreml sözçüsü isə Budanovun sözlərini dəhşətli adlandırmışdı. “Bizim xüsusi xidmət orqanlarımız var ki, bu cür bəyanatlar fonunda lazım olan hər şeyi edəcək” deyə, Peskov xatırladıb.
Budanov isə sonradan sözlərinin kontekstdən çıxarıldığını söyləyib: “Bu dediklərimin bir az kəsilmiş versiyasıdır. Mən hərbi cinayətkar olan ruslar haqda danışmışam “.(musavat.com)