Qohum evliliklərinin tibbi baxımdan zərərli olması və irsi-genetik xəstəliklərin artmasına yol açması uzun müddətdir müzakirə olunur. Xüsusən Şərq ölkələrində bu hallar daha çoxdur. Eyni zamanda Azərbaycanda da qohum evliliklərinə tez-tez rast gəlinir. Bəzi insanlar bunun haram olduğunu, bəziləri günah olduğunu bildirir. Əksər insanlar isə bunu normal qarşılayır. Bəs qohum evlilikləri haramdır və ölkəmizdə bununla bağlı bir qanun var?
Bu barədə Referans.az-a danışan ilahiyyatçı Təyyar Hüseynli bildirib ki, Quranın Nur surəsində bu məsləyə toxunulub və oğlanlara bəzi evliliklər qadağan olunub:
“İslam dinində Quranın Nur surəsində bu məsləyə aydınlıq gətirilib və cəmiyyət də bunu bilir ki, oğlan uşaqlarına xalaları, bibiləri doğmadır, məhrəmdir. Hətta bizim elə bölgələrimiz var ki, orada bibiyə ana belə deyirlər. Amma əminin, dayının oğlu və ya qızı ilə ailə qurmaq, xalaoğlu xalaqızı ilə ailə qurması şəriət qanunlarına əsasən qadağan deyil. Hətta əmiqızı əmioğlu ilə ailə qurması və digər qohum evlilikləri qadağan deyil. Lakin müasir tibb uzun sürən təcrübələrdən sonra qohum nikahları zamanı yaranan irsi xəstəliklər, qan xəstəlikləri və digər şeylərlə əlaqələndirsələr də, bu uzun illərdən bəri olub və bu gün də qohum nikahlarına rast gəlirik. Yaxın qohumlar öz qohumluqlarını daha da möhkəmləndirmək və digər məsələlərə görə, evliliklər ediblər və edəcəklər”.
İlahiyyatçı bildirib ki, islam dini qohum evliliklərini nə qadağan edir, nə də insanları buna təşviq edir. Onun sözlərinə görə, din qohum nikahları ilə bağlı deyil, nikahla bağlı seçimi daha çox uyğun parametrlərə görə təşviq edir.
Məsələ ilə bağlı Referans.az-ın sorğusunu cavablandıran hüquqşünas Turan Abdullazadə isə bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Ailə Məcəlləsində bəzi qadağalar mövcuddur:
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilmişdir. Belə ki, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar, övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir”.
Turan Abdullazadə deyir ki, qeyd etdiyimiz qəbildən olan şəxslərlə nikaha daxil olmaq qanunvericilikdə qadağan olunmamışdır. Lakin onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bibi, dayı, xala, əmi uşaqları nikaha daxil olduqda dünyaya gələcək övladlarının xəstə doğulma riski yüksək ola bilər. Məsələn, yaxın qohumlar arasında olan nikahlardan tez-tez talasemiya daşıyıcısı övladlar dünyaya gəlir. Buna görə də bu cür nikahlardan çəkinmək lazımdır”- deyə hüquqşünas qeyd edib.