• 20 Sentyabr 2024 02:24

“Çıxıb efirdə deyir ki, müəllimlərə qan ağladırdım” – Sosioloqdan sərt sözlər

 

Aparıcı-model Razi Əliyevanın sevgilisi Ziya Hüseynzadə tərəfindən döyülməsi ölkədə böyük səs-küyə səbəb olub.

Əksəriyyət ona qarşı şiddəti qınasa da, modelin evli biri ilə münasibətdə olması, dəbdəbəli həyat yaşaması da geniş müzakirə olunur. Sosial şəbəkə istifadəçiləri tanınmış, tez-tez efirə çıxan, sosial şəbəkədə geniş izləyici kütləsi olan insanların bu cür davranışları ilə gənclərə pis nümunə olduqlarını bildirirlər.

Sosioloq Əhməd Qəşəmoğlu Bakupost.az -a açıqlamasında bu cür davranışların qarşısını almaq üçün təklif irəli sürüb:

“Dünyanın bütün müdrik insanları, dini kitabları, peyğəmbərləri deyir ki, çalışın cəmiyyətdə mənəvi dəyərlər öndə olsun. Mənəvi dəyərlər öndə olan istənilən cəmiyyətdə ahəngdar münasibət yaranır. Mənəvi dəyər cəmiyyətin xilas yoludur. Amma bu dəyərlər arxa plana keçəndə, yerinə dəbdəbə, maddiyat gələndəqarşıdurma, kriminal hadisələr baş verir. Model, yaxud adi insanların bu cür davranış sərgiləməsi cəmiyyətdə gərginlik yaradır. Bu cəmiyyət qarşısında hər kəsin borcu var. Ona görə də bu məsələləri özbaşına buraxmamalıyıq. İctimai qınaq, dövlətin nəzarəti olmalıdır. Bəziləri maşını, bəziləri bəzəyi, evi ilə özünü nümayiş etdirir. Bunlar cəmiyyətdə mənəvi dəyərləri sıxışdırır”.

Sosioloq bildirib ki, geniş izləyici kütləsi olan insanların hərəkətlərinin cəmiyyətə, xüsusilə yeniyetmələrə ciddi təsir edir:

“Sosial psixologiyada da yazılıb ki, ictimaiyyət qarşısında çıxış edən insanlar əhalinin davranışına mühüm təsir göstərir. Bu təsir isə iki cürdür. Model yaxşı davranış nümayiş etdirərək də cəmiyyətə təsir edə bilər, şit hərəkətlərlə də. Televiziyada rus, yaxud türkiyəli müğənnilər çıxıb elə gözəl, ağıllı söhbətlər edir ki. Bizimkilər isə çıxıb deyir, mən heç orta məktəbdə müəllimləri saymırdım. Müəllimlərə qan ağladırdım. Yeniyetmələr də düşünür ki, qoy mən də belə edim”.

Tacxeber.com

Oxşar xəbərlər