“Qadın təkcə ana deyil. Bizim kişilərin qayğıkeşidir. Namusumuzdur! Qadın insan həyata gətirən böyük varlıqdır. Qadın kişilərlə bərabər hüququ olan şərəfli vətəndaşdır. Qadın kişidən çox-çox güclü və dözümlü varlıqdır”.
Bunu Ölkə.Az-a yazıçı Xeyrəddin Qoca ara-sıra sosial şəbəkələrdə qadın-kişi bərabərliyi mövzusunda gedən müzakirələrlə bağlı fikirlərini deyərkən bildirib.
İctimai xadim hesab edir ki, qadınlar kişilərdən daha məsuliyyətlidir və onların yalnız mətbəx üçün yarandığını düşünən kişilər səhv yoldadır.
“Qadınların cəmiyyətdə yeri barədə hərə bir fikir söyləyir. Bu fikirlər hamıya tanışdır. Təkrarlayıb zaman almaq istəmirəm… Mən isə həmişə fikirlərimdə “başqaları” dediklərimdən fərqli olmuşam. Niyə? Çünki bizim insanların fikirləri çox vaxt bir-birinə bənzəyir. Ya ayrı-ayrı şəxslərin öz fikirləri olmur, ondan-bundan eşitdiklərini təkrarlayırlar, ya da düşünmədən, fikirlərini dəqiqləşdirmədən danışırlar. Bu həmişə məndə təəssüf hissi doğurur… Qadının yalnız mətbəx, nəsil artımı, ev sahmana salmaq, ərinə qulluq göstərmək, xörək hazırlamaq üçün yarandığını düşünən kişilər səhv yoldadırlar. Onlar da kişilər kimi işləyir, ən yaxşı mütəxəssis, alim ola bilir, kişilərdən daha məsuliyyətlidir, kişidən daha çox əməkhaqqı ala bilir, kişidən daha zəhmətkeş olur və s.”, – yazıçı bildirib.
Onun sözlərinə görə, qadın həmişə yüksəkdədir, əgər hər hansı qadını “pis qadın” hesab edirlərsə, günahkar keşməkeşli həyat, ya da kişilərdir:
“Qaldı “əsl qadın necə olmalıdır” sualına, qadın elə qadın olduğu üçün həmişə yüksəkdədir. Əgər hər hansı qadını “pis qadın” hesab edirlərsə, günahkar keşməkeşli həyat, ya da kişilərdir. Əsl qadın yalnız həyata qəhrəman gətirən (bu populizmdir!) deyil, həyata insan gətirəndir. Bəli, məhz insan.
Ümumiyyətlə, mən bəzi kişilərin qadınlara yuxarıdan aşağı baxmalarının, onlar haqqında yaraşmayan fikirlər söyləmələrinin əleyhinəyəm. Qadın axı bütün cəmiyyətlərin yaraşığıdır. Azərbaycan qadınlarının isə dünyada tayı-bərabəri yoxdur”.