• 23 Noyabr 2024 11:35

Bu məhsullar bahalaşa bilər – Açıqlama

 

Azərbaycan Avropaya dəniz məhsullarının ixracına başlayacaq.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli açıqlama verib:

“Yaxın zamanda Aİ bazarlarına dəniz məhsulları, xüsusən balıq ixracının başlanacağı gözlənilir”.

Bəs, Azərbaycanda dəniz məhsullarının həcmi ixracata uyğundur? Həmin məhsulların ixracı qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Bakupost.az -a açıqlamasında Azərbaycanın dəniz məhsullarında xaricdən asılı olduğunu bildirib:

“Azərbaycan 2022-ci ildə balıqlar, xərçəngkimilər, malyuskalar və digər dəniz məhsulları üzrə cəmi 852 min dollarlıq məhsul ixrac, 13.8 milyon dollarlıq isə idxal edib. Buradan da görünür ki, ciddi surətdə idxaldan asılıyıq. Əsas problemlərdən biri budur ki, Azərbaycanda balıqçılıq biznesi kiçik göl təsərrüfatları formasında olub. Məhsul ixracı isə yanlız Bakı şəhərindən olan tələbata yönəlib”.

İqtisadçının sözlərinə görə, Avropa bazarına məhsul ixrac etmək çətin prosesdir:
“Avropalılar bütün dünyada liberalizmi dəstəkləsələr də, onların bazarlarına daxil olmaq üçün ciddi maneələr var. Bunun üçün məhsul texniki standartlara uyğun olmalıdır, sertifikasiya prosesindən keçməlidir. Yəni, Avropa bazarına məhsul satmaq çox çətindir. Adi fermerlərin isə bu prosedurlardan keçib məhsul ixrac etmə imkanı azdır. Ona görə də, hökumətin dəstəyinə ehtiyac var. Bu dəstəklə birgə fermerlərin məhsulları standartlara uyğun gələrsə, Avropa bazarına çıxma ehtimalı var”.

X.Kərimli həmin məhsulların ixracı səbəbilə qiymətlərin artacağını bildirib:

“Bu məhsulların Avropa bazarına çıxarılması rentabellidir. Avropa bazarı imkanlı bazardır. Xüsusən, bizim məşhur nərə balıqlarından olan kürümüz Avropa bazarı üçün çox dəyərlidir. Çox böyük rəqəmlərin olacağını düşünmürəm. Lakin bu sahə inkişaf edə və sahibkarların əlavə gəlirləri formalaşa bilər. Avropa zəngin okean resurslarına malikdir. Dənbizsahili ölkələrdə balıq istehsalı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan da həmin ölkələrə 10-20 milyon dollarlıq ixracat edə bilər. Bütün bunlarla yanaşı, ixrac imkanlarının genişlənəcəyi təqdirdə daxili bazarda həmin məhsulların qiymətində artım müşahidə oluna bilər”.

Tacxeber.com

Oxşar xəbərlər